AXCP sədrinin müavini Gözəl Bayramlı hakimiyyətin təxribatı ilə üzləşib. O, Gürcüstandan müalicədən qayıdarkən, Azərbaycanın gömrük-keçid məntəqəsində saxlanılıb.
“Gözəl Bayramlını Dövlət Sərhəd Xidməti saxlayıb və onun barəsində cinayət işi qaldırılıb. Hazırda Şəmkirə gətirilir ordan da Bakıya gətirilməsi gözlənilir”. Bu barədə G.Bayramlının vəkili Elçin Sadıqov azadliq.info-ya açıqlamasında deyib. E.Sadıqov bildirdi ki, hazırda müstəntiqlə əlaqə saxlamağa və əlavə məlumatlar öyrənməyə çalışır.
***
Gözəl Bayramlı Bakı vaxtı ilə saat 21 radələrindən Qazaxda Gürcüstanla sərhəd-keçid məntəqəsində saxlanılır.
İctimaiyyətin çağrışlarına, media orqanlarının və jurnalistlərin çoxsaylı müraciətinə baxmayaraq aidiyyatı dövlət qurumları bu barədə hər hansı məlumat vermir.
Partiya rəhbərliyi və fəalları, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə G.Bayramlının saxlanmasına görə etirazlarını və narahatlıqlarını bildirirlər.
Hazırda G.Bayramlının saxlandığı sərhəd-keçid məntəqəsinin qarşısına çoxlu sayda AXCP üzvləri və ictimai-siyasi fəallar toplaşıb. Lakin onlara nə məlumat verilir, nə də G.Bayramlı ilə görüş imkanı yaradılır.
Hüquq müdafiəçisi, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev isə məlumat yayıb ki, G.Bayramlını DTX əməkdaşları dindirir.
“Əldə etdiyimiz qeyri-rəsmi məlumata görə, Gözəl Bayramlının saxlanması o, Gürcüstana keçdikdən sonra “yuxarıdan” gələn tapşırıq əsasında reallaşıb. Gömrük-keçid məntəqəsinin əməkdaşları onu saxlayarkən çantasından 10 min saxta ABŞ dolları “çıxarıblar”. Hazırda onu Dövlət Töhlükəsizlik Xidmətinin (DTX), eləcə də Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin əməkdaşları dindirir. Təəssüf ki, bu məlumatları dəqiqləşdirmək imkanları qeyri-mümkündür”, – deyə O.Gülalıyev feysbuk səhifəsində yazıb.
O.Gülalıyevin fikrincə, deyilənlər təsdiqini taparsa, bu, Gözəl Bayramlıya və onun timsalında AXCP-yə qarşı hazırlanmış növbəti çox iyrənc və bədnam bir tərxibat cəhdidir. Cəhd baş tutsa belə bu, Gözəl xanımdan və onun təmsil olunduğu təşkilatdan heç nə aparmayacaq. Aparsa əməliyyat sahiblərinin kisəsindən və simasından aparacaq.
Hüquq müdafiəçisi hakimiyyəti G.Bayramlıya qarşı təxribatı dayandırmağa çağırmaqla yanaşı, cəmiyyəti də xanım siyasətçinin müdafiəsini gücləndirməyə səsləyib: “Gəlin əqidəli, mübariz və dürüst xanım siyasətçi Gözəl Bayramlıya dəstəyimizi davam etdirək!”.
***
G.Bayramlının çantasına ona məxsus olmayan nəsə qoyaraq, onu saxlayıblar. Bu barədə bu dəqiqələrdə AXCP sədri Əli Kərimli məlumat yayıb. Ə.Kərimlini də G.Bayramlının özü məlumatlandırıb.
AXCP sədri yazır:
İndicə müavinim Gözəl Bayramlı zəng etmişdi. Gözəl xanım xeyli müddətdir ki, Gürcüstanda müalicə olunurdu. Gürcüstandan müalicənin növbəti mərhələsindən qayıdan zaman Qazax gömrük məntəqəsində Gözəl xanımın çantasına nəsə atıb, (hələ nə olduğu bilinmir) onu saxlayıblar. Hakimiyyətə müraciət edirəm: Mübarizəni kişi kimi aparın, heç olmasa, qadın siyasətçiyə qarşı bu namərdliyi etməyin. Bütün qırmızı xətləri keçməyin! Unutmayın ki, bir gün bütün bunlara görə cavab vermək də var!