Məni öldürməyən güllə

Əbil Həsənov
Hərbi xidmətimi Sovet ordusu sıralarında – Ukraynada keçmişəm. Əsgərlikdən sonra anamın razılığı ilə orada qalıb ali təhsil də aldım. İş elə gətirdi ki, Lyudmila adlı bir qızla evləndim və Ukraynada yaşamağa qərar verdim. Hər şey qaydasında idi. İşləyirdim, oğlumuz dünyaya gəlmişdi, bir sözlə xoşbəxt idim. Günlərin bir günü anamdan gələn məktub vəziyyəti dəyişdi. O, yazırdı: “Oğul ermənilər burada yaman baş qaldırıblar. Hökumətimiz Sovet əsgərləri ilə birlikdə camaatda olan silahları yığıb, ov tüfənglərinə qədər alıblar əlimizdən, qalmışıq əliyalın. Elə axşam olmur ki, kəndi atəşə tutmasınlar. Evdə iki bacın var, qorxuram əsir düşərlər, el içinə çıxa bilmərik. Qayıt geriyə, oğul! Qayıt vətənini, ailəni qoru!” Məktubu Lyudmilaya oxudum. Mütləq getməli olduğumu bildirdim. Onun qoca anasından başqa heç kimi yox idi. Təbii ki, anasını qoyub heç yerə getməyəcəyini dedi. İstəməyərək də olsa, ana və vətən sevgisi uğrunda öz xöşbəxtliyimizi qurban verməli olduq. Vətənə qayıtdım. Burada vəziyyət düşündüyümdən də gərgin idi. Min bir əzab-əziyyətlə özünü müdafiə dəstələri yaradıb kəndi qoruyurduq. Sonradan Milli Ordu yaradıldı və bütün könüllülər kimi biz də Müdafiə Nazirliyinin tərkibinə keçdik. Amma artıq ermənilər rus ordusunun köməyi ilə bizə kəndlərimizi boşaltdırmışdılar. Canımızı götürüb güclə kənddən çıxmışdıq. Bununla belə yenə döyüşərək bir neçə kəndi geri almışdıq. Döyüşlərin birində yaralandım. Uzun müddətli müalicə kursundan sonra yenidən döyüş bölgəsinə qayıtdım. Lakin işlər gözlədiyimiz kimi getmədi. Rayonlar bir-birinin ardınca işğal olundu və mən, bir neçə zabitlə bərabər torpaqların itirilməsində günahkar elan edilərək həbs edildim. Nəticədə ömrümün bir neçə ilini türmədə keçirməli oldum. Doğrudur, sonra bizə bəraət verildi və azad olunduq. Lakin artıq olan olmuşdu. Ömrümün ən gözəl illəri həbsxanada çürümüş, xöşbəxtliyim əlimdən getmişdi. Bu illər ərzində Lyudmila ilə maraqlanmağa imkanım olmadı. Həbsdən çıxdıqdan sonra Ukraynada vaxtilə yaşadığım ünvana məktub yazdım, lakin cavab gəlmədi. Sonda istəmədən də olsa anamın təkidi ilə yenidən evləndim. Həyatımı yenidən qaydaya salmağa başlayırdım. Dostlarımın köməyilə qəzetlərin birində iş də tapmışdım. Nağıllarda deyildiyi kimi, illər bir göz qırpımında keçmiş, saçımda ağ tüklər görünməyə başlamışdı. Uzaq keçmişi demək olar ki, unutmuş və ya unutduğumu zənn etmişdim. Arabir yadıma düşən xatirələrdən başqa demək olar ki, heç nə xatırlaya bilmirdim. Həmin gün redaksiyada olarkən Rusiyanın Ukraynaya hərbi müdaxiləsi barədə xəbər eşitdim. Orada ağır döyüşlər gedirdi. Yadıma bir anlıq keçmiş vaxtlar, orada yaşadığım gözəl günlər düşdü. Vaxtilə Ukraynada yaşadığımı və oralara bələd olduğumu nəzərə alaraq, məni ora ezamiyyətə göndərdilər. Bu, mənimçün lap göydəndüşmə oldu. Düşünürdüm ki, həm Lyudmilanı tapar, həm də oradakı vəziyyəti lazımınca işıqlandıraram. Kiyevə gəldim. Əvvəlcə xəstəxanalara baş çəkdim. Xəstəxanalar yaralılarla dolu idi. Onların arasında əsgərlərlə yanaşı uşaqlar, qocalar, qadınlar da var idi. Onların üzlərinə baxanda müharibənin necə dəhşətli bir şey olduğunu, rusların sıravi vətəndaşları necə incitdiklərini görməmək üçün kor olmaq da bəs etməzdi. Hərbçilərin vəziyyətləri xüsusilə dözülməz idi. Burada qolunu, qıçını itirən gənc əsgərlərin naləsi qulaq deşirdi. Yeni gətirilənlər həkimlərin onlara baxmasını gözləyir, hələ də yaxşı nələrəsə ümid edirdilər. Bu mənzərə məni uzaq keçmişə, Qarabağda döyüşdüyüm illərə apardı. Mən bəzi şeyləri unutduğumu düşünürdüm. Sən demə, hər şeyə qadir olduğunu düşünən insan bəzi şeyləri heç bacarmırmış, onun edə bildiyi ən yaxşı şey özünü aldatmaq imiş. Orada yatan yaralıların simasında sanki keçmiş döyüşçü yoldaşlarımı görürdüm. Sonra qaçqın düşərgələrinə getdim. Bura Krımdan, Donetskdən və Luqanskdan olan qaçqınlarla dolu idi. Düşərgələrdə də ürəkaçan heç nə yox idi. Bura vətənlərini, evlərini, illərlə qazandıqlarını qoyub qaçmış adamlarla dolmuşdu. Burada da hər yaşdan insana rast gəlmək mümkün idi. Amma hamısı eyni nəzərlərlə baxır, sanki eyni şeyi düşünürdülər. Maraqlıdır ki, onların arasında əvvəlcə Rusiyanın yağlı vədlərinə inanıb ora gedib, aldandıqlarını anlayaraq yenidən Ukraynaya qayıdan qaçqınlar da var idi. Onlar milliyətcə ruslar idi. Bir gün bizi rus əsgərlər tərəfindən qətlə yetirilmiş Ukrayna əsgərlərinin dəfn edildiyi qəbristanlığa ziyarətə apardılar. Öldürülənlərin əksəriyyəti gənclər idi. Valideyinləri, əzizləri qəbirlərini ziyarətə gəlmişdilər. Bura Bakıdakı Şəhidlər Xiyabanına çox bənzəyirdi. Məzarlara baxa-baxa irəliləyir, beynimdə Lyudmilanı necə tapmaq barədə də düşünürdüm. Qəbirlərdən birinin qarşısında qara paltarlı bir qadın ağlayırdı. Ora yaxınlaşanda gözlərimə inana bilmədim. Məzar daşındakı soyad mənim familiyamla eyni idi. Üstəlik “ata adı” yerində mənim adım yazılmışdı. Donub qalmışdım. Bu ola bilməzdi. Sanki dizlərimdə taqət tükəndi və gözlərim qaraldı. Sonuncu xatırladığım şey yıxılmağım idi. Gözlərimi açanda xəstəxanada idim. Lyudmila başımın üstündə dayanmışdı. Sən demə Qarabağda məni yaralayıb öldürə bilməyən güllə burada oğlumun həyatına son qoymuşdu. Gözlərim tavana zillənmişdi. Lyudmila əllərimdən möhkəm yapışaraq ağlaya-ağlaya deyirdi: “Əzizlərimdən birini itirdim, digərini itirmək istəmirəm”…