Vətənə salam vermək mitinqi

Yaxud talançılığı sevənlər əlini qaldırsın

Apelin 8-də Milli Şura “Talana son, Monarxiyaya yox” şüarı ilə mitinq keçirəcək. Əslində, bu şüarın bətnində ədalətsizliyə, saxtakarlığa, təhsilsizliyə, hüquqsuzluğa, repressiyaya, monopoliyaya etiraz yerləşib. Yəni, cəmiyyəti təhdid edən, ölkəni uçuruma aparan neqativ hallara qarşı etiraz ediləcək. Ən əsası isə hər hansı məsələyə etiraz etmək Konstitusiyanın verdiyi hüquqdur. Dünyanın istənilən yerində insanların sərbəst toplaşmaq, öz etirazlarını ifadə etmək hüququ var. Hətta yüksək demokratiya göstəricisi olan ölkələrdə də hər il minlərlə irili-xırdalı etiraz aksiyaları keçirilir. Səhiyyə işçiləri, təhsil işçiləri, fermerlər, incəsənət xadimləri, yanğınsöndürənlər və digər peşə sahibləri zaman-zaman narazı olduqları məqamları ictimailəşdirirlər. Və heç bir normal ölkədə mitinq təşkil edənlərə “vətən xaini”, “düşmən dərmanına su tökənlər”, “xaricin agenti” damğası vurulmur. Amma Azərbaycan elə vəziyyətə salınıb ki, Konstitusiyanın verdiyi hüquqdan yararlananlara qarşı ən iyrənc kampaniyalar aparılır. Məsələ burasındadır ki, normal ölkələrdə hökumətlər də korrupsiyanın kökünün kəsilməsində, azad sahibkarlığın formalaşmasında, təhsilin- səhiyyənin inkişafında maraqlı olurlar. Bizim ölkəmizdə isə “mən normal ölkədə yaşamaq istəyirəm” arzusu cinayət məsuliyyəti yaradır.

Bəli, irəli çıxmaq, sürətli inkişaf etmək üçün hər cür potensiala malik olan ölkəni, geridaqalmış ölkərlələ eyni səviyyəyə saldılar. Hər gün sürətlə tənəzzül quyusuna yuvarlanırıq, hər gün pis ənənələr daha da canlanır, hər gün hökumət real islahatlardan uzaqlaşır. Güvənəcəyimiz məhkəmə sistemi, sağlamlığımızı etibar edəcəyimiz səhiyyə, köməyinə ümid edəcəyimiz məmur, övladımızın gələcəyini etibar edəcəyimiz təhsil sistemi yoxdur. Beləliklə, zəngin bir ölkənin yazıq, səfil vətəndaşına çevrilmişik. Belə bir məqamda bütün bu eybəcərliklərə qarşı etiraz mitinqi keçirilir. Bu mitinqin tələblərinə qarşı kim etiraz edir? Bu ölkədə korruspiyanı, saxtakarlığı, ədalətsizliyi, səfaləti sevən neçə nəfər var? Ümumiyyətlə, neçə nəfər əlini qaldırıb “qanunsuzluq, oğurluq, talançılıq yaxşıdır” deyə bilər? Əlbəttə ki, heç kim bunu deyə bilməz. Deməli, mtiniqin şüarı, tələbləri hər bir vətəndaşın arzu və istəklərinə uyğundur. Amma ən dəhşətli reallıq da bu məqamda üzə çıxır. Hamının maraqlarına uyğun olan mitinqə niyə biganə qalaq? “Vətəndaşa normal maaş verin”, “Səhiyyədəki rüşvəti ləğv edin”, “ Təhsildəki rüsvayçılığa son qoyun”, “Neft pullarından xalqın payını verin” kimi şüarlar hamının ürəyincə deyilmi?

Dəhşətlisi budur ki, istədiyimizi, arzuladığımızı əldə etməyə cəhd göstərmirik. Sanki, bütün eybəcərliklərlə barışmışıq, dərdlə nikaha girmişik, zilləti baş tacı etmişik. Sanki, azad və demokratik ölkədə yaşamaq arzusuyla vidalaşmışıq. Sanki, xoşbəxtlikdən imtina etmişik. Əslində, vətənlə vidalaşmış kimi görünürük. İllərin ağrı-acısı, problemləri, xoşagəlməz mənzərəsi bizi ətalətə salıb, ümidimizi qətlə yetirib. Ayağa qalxmalı, his-pasımızı çırpmalı, bu vətənə inamla baxmalıyıq.

8 aprel mitinqini “Vətənə salam” mitinqi kimi qəbul edin. Uzun illərdi vətəndə qərib kimi yaşayanların, vətənə qayıdışı kimi dəyərləndirin. Vətənlə vidalaşmaq olmaz, vətənə salam vermək lazımdır. Əmin olun ki, vətən sizin salamınızı alacaq. Gəlin, hamılıqla “Məhsul” stadionundan vətənə salam göndərək.

Ilham