25 il müddətində qazdan gələcək milyardlar xarici borcun qaytarılmasına xidmət edəcək. Neftin qiymətinin düşməsi Azərbaycan hakimiyyətinin səriştəsiz, yarıtmaz, talançı mahiyyətini bir daha ortaya qoydu. Məlum oldu ki, bu illər ərzində hakimiyyət komandası neft pullarını şəxsi büdcəyə transfer etməklə məşğul olub.
Təbii ki, neftin dəyərdən düşməsi ölkəyə valyuta axınını azaltdı, əhalinin yaşayış səviyyəsini daha da pisləşdirdi və xarici borc yükünü sürətlə artırdı. Bütün bunların müqabilində isə hakimiyyət heç bir qabaqlayıcı tədbirlər görmədi və boş vədlərə üstünlük verdi. Indi də təbliğat aparırlar ki, növbəti illərdə Azərbaycana külli miqdarda qaz gəlirləri gələcək. Yəni, 25 il müddətində Azərbaycanın qazdan gələn gəliri 30-50 milyard dollar olacaq.
Indi bu rəqəmləri elə bəh-bəhlə cəmiyyətə sırıyırlar ki, sanki qaz gəlirləri ölkəni böhrandan çıxaracaq, vətəndaşın həyatını dəyişəcək. Əslində isə real mənzərə tamam fərqli nəticədən xəbər verir.
Əvvəla, bu gün ölkə vətəndaşlarının banklara 22 milyard borcu var. Rəsmi statistikaya düşməyən borcları da əlavə etsək ölkə vətəndaşlarının borcu 40 milyardın ətrafındadır. Amma problem təkcə bununla da bitmir. Ölkənin külli miqdarda xarici borcu var və bu borc yükü sürətlə artmaqdadır. Hazırda imzalanmış sazişlər üzrə xarici dövlət borcu ÜDM-in 28,5 faizini, istifadə edilmiş kreditlərə görə 19,8 faizini təşkil edir. Imzalanmış sazişlər üzrə adambaşına xarici dövlət borcları 1030 dolları ötüb. Imzalanmış müqavilələrə görə xarici dövlət borcunun 58,6 faizi və ya 6 milyard dolları 10 ilədək olan müddətdə ödənilməlidir. Deməli, xarici dövlət borcunun əsas hissəsi 2025-ci ilədək ödənməlidir. Dövlət zəmanəti ilə götürülmüş borcları da əlavə etsək Azərbyacanın xarici borcu 25 milyard dollardan çoxdur. Məsələn, Azərbaycan banklarının xarici öhdəlikləri 5,5 milyard dollar, Azərbaycan Dövlət Neft Şirkətinin konsolidə edilmiş borcu 6,3 mlrd. dollar təşkil edib.
Qayıdaq, 25 il ərzində qazdan gələcək olan 30-50 milyard dollar gəlirə. Təsəvvür edək ki, bu gəlirlər 50 milyard dollar olacaq. Bu 50 milyardın 10 milyardının kəmərlərin tikintisinə xərclənəcəyini nəzərə alsaq, qazdan gəlirimizin 40 milyard dollar olacağını söyləmək olar. Bu rəqəmi 25 ilə böldükdə, hər il ölkəyə təxminən 1.5 milyard dolların gələcəyini söyləmək olar. Amma yuxarıda da qeyd ediyimz kimi təkcə dövlət borcunun qaytarılması üçün hər il 600 milyon dollar vəsait xərclənəcək. Dövlət zəmanəti ilə götürülmüş borcları da nəzərə alsaq, hər il 1.2 milyard dollar borc qaytarmalı olacağıq. Deməli, qazdan gələn 1.5 milyardın, 1.2 milyardı borc qaytarmağa xidmət edəcək. Deməli, qaz gəlirləri 30 milyard dollar olsa yalnız borc qaytarmağa xidmət edəcək, 50 milyard dollar olduqda isə hər il 300 milyon gəlirimiz olacaq. 300 milyon isə iqtisadiyyatın dirçəlməsinə, vətəndaşın həyat şəraitinin yaxşılaşmasına, büdcənin böyüməsinə töhfə verə bilməz.
120 milyard neft pulunun müqabilində vətəndaşı zəlil vəziyyətə salan hökumət, qazdan gələn 300 milyonla heç bir irəliləyişə imza ata bilməz.
Deməli, 25 il ərazində ölkəyə gələcək 30-50 milyard vəsaitlə təsəlli tapmağa ehtiyac yoxdur. Sadəcə olaraq hökumət yaratdığı cəhənnəmi bu kimi təbliğatlarla ört-basdır etməyə çalışır. Reallıq budur ki, hökumət təkcə neft pullarını mənimsəməyib, həm də qazdan gələcək milyardları da məhv edib. Çünki, bu milyardlar xərclənən pulların qaytarılmasına sərf olunacaq.
Ökəni böhranlı vəziyyətdən çıxarmaq üçün siyasi iradə lazımdır. Hökumət əməli addımlara keçməlidir, qeyri-neft sektoru dirçəlməlidir, korrupsiya ləğv olunmalı, monopoliyalar aradan qaldırılmalıdır. Əks halda neftə, qaza ümid olmaqla ölkənin gələcəyi daha ağır vəziyyətə salınacaq.
Akif