Bir günlük qanlı fırtına və beş nəfər şəhid

Qənimət Zahid

Bu qanlı hədiyyələr kimdən kimə çatacaqmış, təfərrüatı oxumanız gərəkdir….

Bir günlük müharibənin, şıdırğı döyüş əməliyyatlarının toz-dumanı dağılandan sonra gözlənildiyi və ehtimal edildiyi kimi bəlli oldu ki, hər iki tərəf öz mövqelərində qalır. Heç kim irəli getməyib, heç kim də dala çəkilməyib. Hökumət öz lakey qəzetlərinin səhifələrində, köşə və analizlərində, xəbər bloklarında apardığı müharibəni başa vurub sakitləşdi. Növbəti dəfə hərb xəbərləri ilə manipulyasiya edən qəzet və saytların siyahısını çıxarıb Mətbuat Şurasının və ya ona bənzər birilərinin gözünə soxmaq lazımdır ki, reket siyahısı ilə bərabər bunu da aktuallıqda saxlasınlar. «Qanlı döyüşlər», «Dağlıq Qarabağ ordumuzun tam nəzarəti altında», «Ordumuz Ermənistanı darmadağın etdi»… kimi xəbər başlıqları tullayan yaramaz kütləvi informasiya vasitələrini də bir siyahıya salın, adamlar bilsinlər ki, bunlarla müharibəyə getmək olmaz.

Birinci vitse-prezident üçün uğur hekayəsi

İndi isə həmin bu 1 günlük «müharibə»nin səbəbləri və gedişi ilə bağlı bəzi arqumentləri səsləndirmək istəyirəm. Cəmiyyətin haqqı var, bilsin ki, nə baş verir və niyə baş verir?

Birincisi, hamı bilməlidir ki, bu burgünlük müharibə söhbəti İlham Əliyevin növbəti avantürası idi və məqsəd də hansısa Nərgiz təpəni və ya Qərənfil təpəni azad eləmək deyildi. İki məqsəd vardı, hər ikisi də onun birinci vitse-prezident təyinatının yaratdığı uğultunu boğub batırmaq idi. Bu uğultu xarici ictimai rəydə də var, daxili ictimai rəydə də var. Əliyev də düşündü ki, belə bir hərbi qoparaqla bu müzakirələri kəsmək və gündəmi hərb söhbətləri ilə məşğul etmək olar. Heç bir nəticə alınmasa da, şəhidlərlə bağlı məsələ ictimai diqqətə düşür. Nəsə alınsa, onda bunu da yazmaq olar birinci vitse-prezidentin uğurlarının siyahısına, həm də 1 nömrə ilə.

Hücumda kim idi: bizimkilər, ya düşmənlər?

Amma bu hərbi avantüranın nəticəsini gözdən keçirək, görək niyyət alınıb, ya yox?

İlham Əliyevin təbliğat arsenalı özünü həlak eləyirdi ki, ermənilər hücuma keçiblər və bizim ordumuz da bu hücumun qarşısını aldığı zaman itkilərimiz yaranıb. Üstəlik, siyahıdakı medya vasitələrinə ötürülən maddəyə görə, bizim 5 nəfər itkimiz varsa, ermənilərin 15 nəfər itkisi var. Hərbi ekspert Üzeyir Cəfərov düşmən ordusunda ehtimal edilən itkilərin də məsuliyyətini öz üzərinə götürərək bəyan etdi ki, ermənilərin bizdən 3 dəfə çox itki verdiklərini iddia edirəm. Mən bilmirəm, Üzeyir Cəfərov indi bekar hərbi ekspertdir, Müdafiə Nazirliyinin rəsmi əməkdaşıdır, yoxsa meyitlərin sayılması üzrə məsul edilmiş şəxsdir? Axı, Azərbaycan Müdafiə Nazirliyi ordumuzun itkilərinin sayı barədə xəbər yaymayıbsa, kiməsə bu barədə xüsusi pıçıltı ilə nəsə deməyibsə, Üzeyir Cəfərov və ya bir başqası hardan bilib ki, bizim 7 nəfər, ermənilərin isə məsələn, 21 itkisi var? Bu, hərbi ekspertiza ilə bağlı haşiyə idi və bu məsələnin üzərində çox dayanmaq fikrim yoxdur.

Deməli, Fevralın 25- də baş verən toqquşma, müharibə və ya vaveyla xəbərlərinin arxasında bir niyyət dayanırdı. Mehriban Əliyevın birinci vitse-prezidentliyi üzərinə yağan daşlardan qorunmaq üçün gündəmi başqa şeylərlə məşğul etmək. Üstəlik, uğurlu hərbi kampaniya alınsa, həm də deyərik ki, birinci vitse- prezident bunu çoxdan planlayırdı və bu qələbə də onun Azərbaycan xalqına hədiyyəsidir. Axı, Hacı Əbdül adlı birisi bunların özlərini inandırıb ki, Mehriban Əliyeva prezident olsa Qarabağı 3-cə gündə alacaq. İlham Əliyev qarışıq bütün hökumət elitasının da ağlına batıb ki, Hacı Əbdül düz deyir.

«Babalı Üzeyir Cəfərovun boynuna»

Keçək müharibə xəbərlərinin şıdırğı şəkildə yağdığı həmin anlarda hökumətin davranışlarına. Azərbaycanın hərbi hökumətinin cınqırı çıxmırdı, amma mülki hökumət də həşir salmışdı ki, ermənilər təxribat ediblər, hücum ediblər və onların diversiyasının qarşısı alınıb. Ermənilər də iddia edirdilər ki, atəşkəsi azərbaycanlılar pozub. Erməni düşməndir, yalan deyir və başını daşa döyür. Amma bəs, siz başınızı hansı taxtaya döyürsünüz? Bu camaatı nə hesab edirsiz ki ? Əgər sizin dediyiniz kimi müdafiə olunmuşuqsa, o halda niyə şəhid olanlar yalnız kəşfiyyatçılardır və sapyorlardır? Demək, ssenari bundan ibarətdir ki, Azərbaycan tərəfdən hərbi qərar verilib. Kəşfiyyatçıları hansısa məqsəd üçün düşmən arxasına göndərmək planlaşdırılıb, göndəriblər, onlar da pusquya düşüblər və güllələniblər. Bu axı, 2×2 qədər sadə məsələdir.

«Biz düz deyirik, ermənilər isə yalan deyir» nağılı isə keçmir. Açıq aşkar keçmir. Ona görə ki, hələ Müdafiə Nazirliyinin əvəzinə Üzeyir Cəfərov hər iki tərəfin itkilərinin məsuliyyətinin altına girdiyi zamanlarda, Azərbaycan Müdafiə Nazirliyi susurdu, ermənilər isə öldürdükləri adamların kimliyini də açıqlamışdılar, onların kəşfiyyatçı olduqlarını da, saylarını da.

Başqa bir məsələ də var ki, niyə bizim kəşfiyyatçılarımız bu qədər rahat şəkildə pusquya düşüblər ? Bəyəm bizim peşəkar kəşfiyyatçılatrımız yoxdur ki, bu qədər asanlıqla, hətta neytral zonada özlərini düşmənə göstərib güllə qarşısında qalsınlar ? Azərbaycanda kəşfiyyat korpusunun nə qədər yüksək səviyyədə peşəkar olduğunu mən bilirəm. Amma bu halda tələm-tələsik verilmiş bir qərarın izləri görünür. Kəşfiyyatçıları sanki məcbur ediblər. Niyə məcbur ediblər, burasını bir daha vurğulayıram. Çünki hərb işinə, hərbi təsərrüfata, müharibə söhbətlərinə heç zaman heç bir halda heç bir dəxlinin olmayacağı bir nəfərin, birinci vitse-prezident adından hədiyyə eləmək istəyirmişlər. Bu hədiyyə söhbəti bunlar üçün o qədər önəmlidir ki, millətə də belə qanlı hədiyyələr verib özlərini qabağa salmaq istəyirlər. Hədiyyə adətinə o qədər aludə olublar ki, prezident öz evlilik günündə öz arvadına birinci vitse- prezident vəzifəsini hədiyyə edir və bu da bütün dünyaya bəlli olur.

Hacı Əbdülün nəticələri

Deməli, buraya qədər gəldiyimiz nəticələr nədir?

1 günlük müharibə qərarını İlham Əliyev verib. İlham Əliyev bu qərarı birinci vitse-prezident təyinatını müzakirələrdən yığışdırmaq üçün, yaxşı halda isə birinci vitse-prezidentə hədiyyə kimi nəzərdə tutub. Baxmayaraq ki, o öz həyat yoldaşına evliliilkərinin ildönümü günündə o boyda vəzifəni hədiyyə verib, məhz bu vəzifəyə görə də əlavə hədiyyə etmək istəyib.

Qabağa çıxmış səngərlərin içindəki neytral zona

Amma əksi alınıb. Azərbaycan ordusu 5 kəşfiyyatçısını itirib. Əgər bu qərar tələsik verilmiş qərar olmasaydı, başqa cür nəticələr ola bilərdimi, bu da başqa mövzudur. Amma fakt budur ki, İlham Əliyevin düşmən tərəfə kəışfiyyatçı göndərmək üçün bir yığın vaxtı və əsası vardı ki, həmin zamanlardan heç yararlanmadı. Birincisi, əsgərimiz Çingiz Qurbanovun cəsədi düşmən əlində 40 gün qaldış. Bu 40 gün ərzində bütün cəmiyyət, cəmiyyyətin baş bilənləri bunlara az qala barmaqlarını gözlərinə soxaraq yol göstərirdi ki, gedin bir diri erməni tutub o əsgərin cəsədi ilə dəyişin. Etmədilər. 3 ildən artıqdır ki, Şahbaz və Dilqəm erməni əsirliyindədir, onların əsirlikdən xilas edilməsi üçün heç bir iş görülmür, kəşfiyyatçı göndərilmir, amma vitse- prezidentin mərtəbəsini artırmaq, Hacı Əbdülün də proqnozlarını doğrultmaq üçün düşmən arxasına kəşfiyyatçı göndərirlər. Nəticə uğursuz alınır və uğursuzluğa görə nəticələri də əlbəttə, prezidentin və ya müdafiə nazirinin üstünə atmırlar. Məsuliyyəti hərbi ekspert Üzeyir Cəfərov boynuna götürür. Əməliyyatın qeyri- perşəkarlığını rəndələmək üçün isə ciddi hərbi kadrları qabağa verirlər. Məsələn, polkovnik Ramaldanov kimi birisini. Çıxıb deyir ki, «şəhid olan əsgər və zabitlər qabağa çıxmış mövqe səngərlərində olublar və bu, elə bir növ neytral zona deməkdir…Bu adamları öz bioqrafiyasının əleyhinə olan sözləri danışmağa niyə vadar edirsiniz axı? Bir qeyri peşəkar, əlindən iş gəlməyən prezidentin səhvlərini ört-basdır etmək üçün bir dəstə peşəkar zabiti güllə qarşısına vermək, təcrübəli hərbi kadrları isə bu qədər ağ yalan danışmağa məcbur etmək, məhz, Azərbaycan rejimi kimi yaramaz rejimlərin əlindən gələr. Və bütün bunlar bircə hədiyyənin üstündə imiş…..