Fevralın 18-də Müsavat Avropa Koordinasiya Mərkəzi (AKM) Almaniyanın Köln şəhərində “Siyasi məhbuslara azadlıq!” şüarı altında aksiya keçirib.
Aksiya “Kanal 13” vasitəsilə sosial şəbəkədə canlı olaraq yayımlanıb və təkcə canlı yayımda 17 mindən çox tamaşaçı tərəfindən izlənilib.
Yüz nəfərə qədər insanın qatıldığı mitinq Azərbaycanın və Müsavat Partiyasının himninin səsləndirilməsi ilə başlayıb. Aksiyada Azərbaycanda həbsdə olan siyasi məhbusların şəkilləri, ölkəmizdəki diktatura rejimini pisləyən plakatlar qaldırılıb, “Azadlıq!” və “Müsavat!” şuarları səsləndirilib.
Aksiyanın aparıcısı Müsavat AKM-in Məclis üzvü Eldəniz Yusibov olub. O, qeyd edib ki, hakimiyyət müsavatçıların bu aksiyasını əngəlləmək üçün ən müxtəlif üsullara əl atıb, o cümlədən bu gün Koln şəhərində alternativ aksiya keçirib. Eldəniz Yusibov mövcud iqtidarın Qarabağ siyasətini kəskin tənqid edib, Xocalı soyqırımının ildönümü ilə bağlı mühacir müsavatçıların hər il tədbirlər keçirdiyini xatırladıb.
“Millət üçün savaşıb ölməyə hazır olan bir çox insanlar, o cümlədən Qarabağ qaziləri Azərbaycan hakimiyyəti tərəfindən ölkədən didərgin salınıb. Hakimiyyətin Qarabağa münasibətini görmək üçün təkcə bu faktı görmək kifayətdir”, – Eldəniz Yusibov deyib.
Mitinqdə çıxış edən Müsavatın AKM-in sədri, Qarabağ qazisi İlham Həsən bildirib ki, hakimiyyətin müqavimətinə, aksiyanın təşkilatçıları olan mühacir müsavatçıların Azərbaycandakı qohumlarının polis tərəfindən hədələnməsinə baxmayaraq, aksiya möhtəşəm alınıb. İlham Həsən öz çıxışında Əliyev hakimiyyətini diktaturadan əl çəkməyə, siyasi məhbusları azad etməyə, ölkədə demokratik islahatlara çağırıb.
Daha sonra söz Müsavat AKM-in Məclis üzvü, Qarabağ qazisi Əhməd Cəlaloğluna verilib.
“Biz bundan sonra da vətənimiz uğrunda vuruşub ölməyə hazırıq. Biz Qarabağın azad olunmasını istəyirik, biz siyasi məhbusların azad olunmasını istəyirik, biz ölkəmizdə azadlığın bərqərar olmasını istəyirik”, – Əhməd Cəlaloğlu deyib.
Çıxış edən Əli Quliyev bildirib ki, Qarabağın azad olunmasını, siyasi məhbusların sərbəst buraxılmasını istəyən hər kəs ilk növbədə antidemokratik Əliyev hakimiyyətinə yox deməli, ölkəmizdə mübarizə aparan müxalifətçilərə, siyasi məhbuslara dəstək verməlidir.
Daha sonra aksiyanı izləyən əcnəbi vətəndaşlara ingilis dilində müraciət edilib.
Müraciətdə Azərbaycanda insan haqlarının pozulması, siyasi motivli həbslər, təcrixanalarda məhbuslara işgəncələrə son qoyulması Azərbaycan hakimiyyətindən tələb edilir. Azərbaycanda demokratiya bərqərar olanadək bu mübarizənin davam edəcəyi vurğulanır.
İştirakçılar xorla vicdan məhbusları İlqar Məmmədova, Qiyas İbrahimə, Bayram Məmmədova, Fuad Qəhrəmanlıya, Seymur Həziyə, Əbdül Əbilova və bütün digər siyasi məhbuslara azadlıq tələb ediblər. Tədbirdə həmçinin ermənilərin girov götürdükləri Dilgəm Əsgərovla və Şahbaz Quliyevə azadlıq tələb edilib.
Aksiya qətnamənin qəbul olunması ilə başa çatıb.“Biz Azərbaycan hakimiyyətindən dərhal siyasi məhbusların azad edilməsini, ölkədə sərbəst toplaşmaq, söz və mətbuat azadlığının bərpa edilməsini tələb edirik. Eyni zamanda tələb edirik ki, ölkədə siyasi təqiblərə son qoyulsun”, – Yafəz Əkrəmoğlu deyib.