Siyasi dustaqların ətrafında humanitar böhran

Fuad Əhmədlinin qanunsuz həbsdə saxlanılmasının onun özü və ailə üzvləri üçün yaratdığı humanitar böhran.

Bu yazı siyasi dustaqların birinin nümunəsində hazırlanıb. Yazının məqsədi hakimiyyətin siyasi dustaqlar ətrafında yaratdığı humanitar böhranı təsvir etməkdir…

Hələ 18 avqust 2016-cı il tarixdə həbs edilməmişdən  əvvəl Fuad Əhmədli bir neçə il idi ki, səhhətindəki ciddi problemlərdən əziyyət çəkirdi. 2014-ci ildə onun ağ ciyarində əməliyyat aparılmışdır. Bundan sonra o, xüsusi rejimlə və həkimlərin məsləhət gördükləri ərzaq məhsulları ilə qidalanırdı. Əməliyyatdan sonra o daimi olaraq həkim nəzarətində olmuş, müvafiq müalicə almışdır. Həbsdə saxlama şəraiti onun ixtisaslı tibbi yardım almaq, xüsusi qida rejimindən məhrum etmişdir. İstintaq təcridxanasının tibb pesonalının Fuada zəruri tibbi yardım göstərmək imkanı yoxdur. Nəticədə səhhəti kəskin pisləşmişdir.Vəkil dəfələrlə məhkəmədə Fuadın xəstəliyinin onun həbsdə saxlanılmasına imkan verməməsini bildirmiş, müvafiq tibbi arayışları məhkəmələrə təqdim etmişdir. Bütün bunlara baxmayaraq, məhkəmələr onun barəsində həbs qətimkan tədbiri seçmiş, sonra iki dəfə bu tədbirin müddətini uzatmışdır. Həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəkilin verdiyi vəsatət məhkəmələr tərəfindən təmin olunmamışdır. Vəkil istintaqa vəsatətlə müraciət edərək Fuad Əhmədli barəsində məhkəmə tibbi ekspertizasının keçirilməsi, onun səhhətinin həbsdə saxlanılmasına imkan verib verməməsini müəyyən olunmasını xahiş etmişdir. Vəsatətə cavab vermək üçün qanunvericilikdə müəyyən olunmuş müddətin  keçməsinə baxmayaraq, istintaq bu günə qədər həmin vəsatətə münasibət bildirməmişdir. Müdafiə tərəfində belə qənaət yaranmışdır ki, istintaq Fuad Əhmədlinin səhhətində problemlərin ciddiliyindən məlumatlıdır və bu səbəbdən ekspertiza keçirməklə həmin problemləri rəsmiləşdirməkdən yayınır. Bu fakt Fuad Əhmədlinin həyatının ciddi təhlükədə olduğunu nümayiş etdirir.

Fuad Əhmədlinin tutulması və uzun müddət həbsdə saxlanması təkcə onun özü üçün deyil, onunla birgə yaşayan bütün ailə üzvləri üçün humanitar böhran yaratmışdır.Keçən ilin ortalarında siyasi fəaliyyətinə və mitinqlərdə iştirakına görə  Fuad Əhmədli iki dəfə, ümumilikdə 35 gün inzibati həbsdə saxlanılmışdır. Bu həbslərin psixoloji təsiri nəticəsində onun anası şəkər xəstəliyinə mübtəla olmuşdur. Onun bu xəstəliyi Fuad Əhmədlinin növbəti həbsindən sonra daha da ciddiləşmişdir.

Fuadın atası Zəfər Əhmədli uzun müddətdir hakimiyyətə müxalif siyasi faəliyyətlə məşğuldur. Məlumdur ki, mövcud hakimiyyətə müxalif olan şəxslərin əmək fəaliyyətilə məşğul olmasına, özünün və ailəsinin maddi təminatına imkan verilmir. Bu səbəbdən Zəfər Əhmədli uzun illərdir işləmir və qazanc əldə edə bilmir. Ailənin gündəlik dolanaşığı Fuad Əhmədlinin aldığı maaş hesabına təmin olunurdu. Fuad həbs olunduqdan və bununla əlaqədar işdən azad edildikdən sonra ailə qohumların göstərə bildikləri cüzü yardım hesabına öz yaşayışlarını təmin edirlər. Ailənin qazancı olmadığından Fuadın anası zəruri tibbi yardımı ala bilmir.Fuadın özünə müalicə üçün müxtəlif dərimanlar lazımdır. Bundan başqa, istintaq təcridxanasında saxlanılanlara verilən qida bir qayda olaraq keyfiyyətsiz və az miqdarda olur. Belə qidalar Fuadın səhhəti üçün təhlükəlidir. Lakin maddi imkansızlıq səbəbindən ailə Fuadı zəruri dərman perapartları və qida məhsulları ilə təmin edə bilmir.Ailə üzvləri maddi imkansızlıq səbəbindən Fuadın müdafiəsində iştirak edən vəkilin qonararını ödəməyə qadir deyillər. Halbuki vəkil 5 aydan artıqdır müadfiəni həyata keçirir. Bu dövrdə həbs qətimkan tədbirinin seçilməsi və sonradan müddətinin uzadılması ilə bağlı 7 dəfə məhkəmə prosesi keçirilmiş, istintaqa çoxlu sayda vəsatətlər verilmişdir. Fuadın səhhətindəki problemlər, istintaqın gedişatı vəkilin həftədə ən azı 2 dəfə istintaq təcridxanasında olmasını tələb edir. İstintaq təcridxanası isə şəhərdən kənarda yerləşdiyindən oraya getmək böyük həcmdə vaxt və maliyyə itkisi ilə nəticələnir.

Qarşıda Fuad Əhmədlinin ailəsini daha böyük humanitar böhran gözləyir. Belə ki,  ailənin hazırda yaşadığı ev ipoteka kreditilə alınmışdır. Bank krediti Fuadın  əmək haqqı hesabına ödənilirdi. Fuad həbs olunduqdan və bununla əlaqədar işdən azad edildikdən sonra ailə bank kreditini ödəyə bilmir. Bu hal onunla nəticələnəcəkdir ki, bank Fuad Əhmədlini məhkəmə verib, ailənin evdən çıxarılmasını, evin auksionda məcburi qaydada satılmasını tələb edəcəkdir. Məhkəmələr belə iddiaları bir qayda olaraq təmin edirlər. Həmin ev satıldıqdan sonra ailə üzvləri yaşayış sahəsindən məhrum olacaqlar. Belə halda onların istifadə etməsi üçün digər yaşayış yeri yoxdur

Emin Əhmədbəyov