İlham Əliyevin ölkədən xəbəri yoxdur…

Prezidentin bölgələrdə açılışını etdiyi müəssisələr belə yalandan açılır
Bu günlərdə jurnalist Cümşüd İsgəndər Moderator.az-ın redaksiyasına zəng edərək bildirdi ki, ölkə prezidenti rayonların icra başçıları, ayrı-ayrı məmurlar tərəfindən aldadılır. Həmçinin bununla bağlı əlində kifayət qədər ciddi faktların olduğunu vurğuladı. Qeyd etdi ki, saytımız vasitəsilə bütün faktlarla bağlı ictimaiyyətə, əsasən də ölkə prezidentinə məlumat vermək istəyir.
Moderator.az olaraq biz də öz növbəmizdə Cümşüd İsgəndəri dinləyib, dediklərini qələmə aldıq. İndi həmin müsahibəninin birinci hissəsini təqdim edirik.
– Cümşüd müəllim, bildirdiniz ki, prezident İlham Əliyev bir sıra məmurlar tərəfindən aldadılır və bununla bağlı əlinizdə kifayət qədər faktlar var. Bilmək istəyərdik ki, kimlərdir prezidenti aldadanlar?
– Əvvəlcə çağırışıma biganə qalmayıb mənə vaxt ayırdığınız üçün Moderator.az saytına təşəkkür edirəm. Müsahibəni sizə vermək istəməyəyim həm saytınıza olan rəğbətimdən, həm də saytınızın kifayət qədər oxucu auditoriyası olduğundan irəli gəlir. Qeyd edim ki, ölkəmizin indiki vəziyyəti olduqca ağırdı, bütün sahələrdə vəziyyət son dərəcə gərginləşib. Düzdür, bu, dünyada baş verən böhranla əlaqələndirilir, ancaq mən belə deməzdim. Mən Azərbaycan vətəndaşıyam, Azərbaycanı varlığım qədər sevirəm, xalqıma, vətənimə, prezidentimə bağlı olan bir insan kimi bəzi faktları açıqlamaq istəyirəm.
İlk əvvəl ondan başlayım ki, mətbuatda külüng vurduğum 40 ilin son 10 ilini bələdiyyə sahəsində çalışıram və bu səbəbdən bütün bələdiyyələrdə olmuşam, rayonlarımızı kəndbə-kənd gəzmişəm. Həm yerli əhaliylə, həm də bələdiyyə sədrləri ilə söhbətlər aparmışam və gördüyüm faktlar məni dəhşətə gətirib. Əvvəla, bu gün bələdiyyə quruluşu Azərbaycanda iflasa uğrayıb. Son dövrlərdə çalışmışıq ki, bələdiyyənin gələcəyinə ümidlə yanaşaq, ancaq fakt göstərib ki, bələdiyyənin vəziyyəti günü-gündən gərginləşir. Bu gün bələdiyyə  şah rejimi qarşısında süpürgəçilərə bənzəyir. Yəni bələdiyyənin qapı süpürgəçisi qədər hörməti yoxdur. Bələdiyyənin nüfuzu həm də xalq arasında çox aşağı səviyyəyə düşüb. Bunun əsas səbəbi ölkədə prezidentə olan münasibətlə bağlıdır. Xalq bütün problemlərin səbəbini son ayaqda prezidentdə görür.
Image result for bələdiyyələr
– Nəyə görə deyirsiniz ki, prezident aldadılır, bu qənaətə niyə gəlmisiniz? 
– 2014-cü ilin dekabr ayında növbəti bələdiyyə seçkiləri keçirildi və bu seçkilərdə nədənsə qadınların bələdiyyə sahəsinə cəlb olunmasına fəallıq göstərildi. Əslində buna irad bildirməyə haqqımız yoxdur, çünki seçkili orqanda qadın-kişi məsələsi yoxdur, əhalinin seçdiyi lider qadın da ola bilər, kişi də. Ancaq nədənsə rayonlarda yararsız icra başçılarının fəallığı sayəsində bələdiyyə sahəsində heç bir səriştəsi olmayan adamlar bu sahəyə gətirildi. Hətta məlumat verildi ki, həmin bələdiyyə seçkilərində 36 faiz qadınlar seçilib. Düzdür, respublika bələdiyyələrində çalışan çox fəal, bacarıqlı qadınlar çoxdur. Ancaq ayrı-ayrı rayonlarda heç bir əmək təcrübəsi olmayan, əhali tərəfindən tanınmayan 20-22 yaşlı qızlar bələdiyyəyə gətirildi. Seçki komissiyasına, eləcə də prezidentə hesabat verildi ki, seçilən 36 faiz qadınların 27 faizi bələdiyyə sədri olub. Həmin vaxtdan iki ildən çox vaxt keçib və icra başçıların əli ilə seçilmiş həmin qadınların 90 faizi bu və ya digər səbəbdən işdən kənarlaşıb. Bu zaman bələdiyyələr yenidən başsız qaldılar. Məsələn, Qazax rayonunda 4 bələdiyyənin sədri 20-24 yaşında qızlar seçilmişdi, həmçinin Qazaxbəyli bələdiyyəsinin sədri. Həmin bələdiyyənin əvvəlki sədri el arasında qəbul edilən, işi, fəaliyyəti ilə seçilən biriydi və 10 il bələdiyyəyə rəhbərlik etmişdi. Ancaq nədənsə son seçkidə onu kənarlaşdırdılar və yerinə tanınmayan, fəaliyyəti olmayan, qəbul edilməyən bir qız uşağı qoydular. Bir müddət keçməmiş isə həmin qızın yerinə tamam başqa bir adam qoydular. Belə hallar bütün rayonlarımızdakı bələdiyyələrdə mövcuddur və bu da yerli özünüidarəetmə sahəsinin işinə çox pis təsir göstərir. İnanmıram ki, bütün bunlardan prezident xəbərdar olsun, əgər məlumatlı olsaydı, indiyədək hər hansı bir tədbir görülərdi.
Image result for əahlinin pay torpaqları əlindən alınıb
İkinci, hazırda prezidentin göstərişinə uyğun olaraq bütün rayonlarda torpaq sahəsində ciddi islahatlar aparılır, daha doğrusu prezidentin göstərişinə uyğun olaraq əkin sahələri genişləndirilir, inkişaf etdirilir. Ancaq bədbəxtçilik budur ki, rayonlarda bələdiyyə torpaqlarına üstünlük verilmir. Əksər rayonlarda icra başçıları özlərini rayonun ağası kimi apararaq, özlərinin yaxın adamlarına torpaq sahələri ayırıblar, xüsusi MMC-lər yaradıblar. Güya həmin MMC-lər torpaq sahələrini əkib becərirlər, ancaq həmin MMC-lərin heç sahibləri belə bəlli deyil. Bütün bələdiyyələrə tapşırıq verilib ki, sən müəyyən ərazini əkməlisən və bələdiyyə sədrləri axşama qədər ciblərindən pul xərcləyərək həmin yerləri əkdirirlər, ancaq bilmirlər ki, əkdikləri yerdəki məhsulun sahibi kim olacaq. Güya prezidentin tapşırıqlarına uyğun iş aparılır, ancaq torpaqlar icra hakimlərinin adamlarınındır. Hansı ki, əhalinin torpağı boş qalmamalıdır, çalışılmalıdır ki, əhalinin torpağı, bələdiyyənin torpağı becərilsin. Artıq əhaliyə məxsus çox az torpaq qalıb, icra başçılarının, ayrı-ayrı nazirlərin adamları bu torpaqları alıblar. Məsələn, Qəbələ, Oğuz rayonunda demək olar ki, əhalinin pay torpağı qalmayıb, Bakıda yaşayan məmurlar tərəfindən alınıb, kəndçinin əli torpaqdan çıxıb. Bundan yüz faiz prezidentin xəbəri yoxdur, olsaydı tədbir görülərdi. Belə getsə 5-10 ilə kəndlilər pay torpaqlarından məhrum olacaq və öz torpaqlarında qul kimi işləməyə məcbur olacaq.
– Bu məsələdə bir müdaxilə etmək istəyirəm. Pay torpaqlarının satılmasında kəndlilərin özlərində də günah var. Nədənsə kəndli torpağını əkib-becərməkdənsə, daha çox dəyər-dəyməzinə satmağa meyllidir…
– Bu barədə sizinlə qismən razıyam. Azərbaycan kəndlisi əslində torpağa bağlıdır, ancaq hökumət tərəfindən göstərilən qayğı aşağı olduğundan, əkdiyi torpağa qoyduğu xərci götürə bilmədiyindən çarəni torpağı satmaqda görür. Misallar sadalayıb, Quba-Qusar zonası bildiyimiz kimi bağçılıq zonasıdır, əhaliyə pay torpaqları kimi vaxtilə məhsuldar olan alma bağları paylanılıb. Ancaq həmin bağların yanında hansısa məmurların yüz hektarlarla bağ sahəsi var və nazirlərə, hökumət adamlarına məxsus əraziləri suvarmaq üçün gecə-gendüz su axıdılır. Öz torpağını becərmək istəyən kəndlilər isə bir  qab su tapmır ki, ərazisini suvarsın. Belə olan halda da kəndlinin bağı məhsul vermir və bir neçə ildən sonra məcbur qalır ki, torpağını həmin məmura satsın, əlindəki pulla heç olmazsa başqa bir iş görsün.
 Şabran rayonu ərazisində əhalinin hektarlarla pay torpaqları zorla əllərindən alınıb və yerində üzüm bağı salınıb. Mən orada  olmuşam və əhalini dinləmişəm, öyrənmişəm ki, həmin hektarla üzüm bağı vergilər nazirliyində çalışan bir şəxsə məxsusdur. Hazırda Şabranın Ağbaş kəndinin sakinlərinin bağlarını suvarmağa su yoxdur, ancaq min hektrlarla olan hmin üzüm bağında sudan geninə-boluna istifadə olunur. Kəndlilərin həyətlərindəki ağaclar belə qurumaq üzrədir. Necə olur ki, bu boyda haqsızlıq yaranır? Deməli, əhali pay torpağını istifadə etməyə hazırdır, ancaq onlara şərait verilmir, subsidiya verilmir, məhsul ortaya çıxsa belə bazarda sata bilmir. Çarəsiz vəziyyətə düşmüş kəndlilər də ayrı-ayrı məmurları görmədiyindən ancaq prezidenti görür və düşünür ki, prezident bütün bu işləri görmürmü. Ancaq gerçəkdən də prezident bu işlərdən xəbərsizdir.
– Telefonda demişdiniz ki, prezidentin bölgələrdə açılışını etdiyi müəssisələr belə yalandan açılır. Bu barədə hansı faktlarınız var?
– Hörmətli prezidentimiz bir neçə dəfə Ağstafa rayonunda səfərdə olub və mən onun 3 səfərini sizə xatırladım. Ağstafanın Dağ Kəsəmənli kəndi Qazax-Ağstafa yolunun yaxınlığındadır. Həmin ərazidə əhaliyə məxsus 500 hektardan çox pay torpağı əhalidən məcburən alınıb və bir hektarına görə 1000 manat ödənilib. Bunu edən də Ağstafada yaşayan, icra hakimiyytinə xidmət edən, əlləm-qəlləm işlərlə məşğul olan cavan uşaqlardır. Torpaqları əhalidən məcburi şəkildə çox ucuz qiymətə alıb, sotunu 3000-4000 manatdan ayrı-ayrı şəxslərə ev tikmək üçün satıblar. Prezident də Ağstafaya gələndə göstəriblər ki, güya orada şəhər salınır, şəhər genişlənilir, minlərlə ev tikilib. Halbuki, pay torpaqlarında tikinti aparmaq qanunla qadağandır və prezidentin fərmanına əsasən pay torpaqlarında daha yuxarı məhsuldarlıq almaq üçün fəallıq göstərmək lazımdır. Ancaq Ağstafanın düz gözü qarşısında əhalinin pay torpaqlarında heç bir sənəd olmadan yüzlərlə dəbdəbəli evlər tikilib. Beləliklə prezidenti burada da aldadıblar.
 Başqa bir məsələ, Ağstafanın mərkəzi küçəsi Heydər Əliyev prospekti  adlanır və uzunluğu təxminən 500-600 metrdir. Prezident hər dəfə Ağstafaya gələndə həmin o küçə və Ağstafa icra hakimiyyətinin binasının yanındakı açıq muzey prezidentə göstərilir. Ancaq ayrı-ayrı küçələr bağlanılır, insanlar evdən çölə buraxılmır. Prezident də həmin küçənin təmir olunduğunu, kanalizasiya çəkildiyini görüb və hətta əhali ilə də söhbət edib. Ancaq prezidentin olduğu küçənin onca metr arxasında gizlədilmiş bərbad ərazilərdən xəbəri olmayıb. Hər dəfə də Ağsatafaya gedib-qayıdandan sonra Ağstafaya büdcədən pul ayırıb.
– Cümşüd müəllim, ancaq Ağstafadan danışdıq. Elə düşünə bilərlər ki, o rayona qarşı qərəzimiz var. O üzdən təklif edirəm ki, digər rayonlarda qarşılaşdıqlarınızdan danışasınız. 
– Bu hal bütün rayonlarda mövcuddur, həm prezident, həm də əhali aldadılır. Adadılma da əhaliyə çox pis təsir edir, prezidentin aldadılması isə ilk öncə yaramaz işdir, həmçinin də bu aldadılma əhalinin güzəranını aşağı salır. Prezidentə göstərirlər ki, hansısa müəssisə açıldı, nə qədər insan işlə təmin olundu.
Ağstafa rayonu ilə bağlı son faktı da bildirim sonra digər məsələlərə keçərik. Ağstafanın Poylu qəsəbəsində təxminən 10 il əvvəl milyonlar xərclənərək böyük bir şərab zavodu tikildi, xaricdən gətirilmiş ən müasir texnologiyalar quraşdırıldı. Prezident rayona birinci gəlişində şəxsən zavodun açılışında iştirak etdi. Hər kəs sevindi ki, rayonda bir sənaye müəssisəsi açıldı və 200-300 nəfər işlə təmin olunacaq. Ancaq  indiyədək həmin zavoddabir litr şampan belə hazırlanmayıb. Prezident rayondan qayıdandan sonra zavodun qapısına qıfıl vurulub, qiymətli avadanlıqlar aşılanaraq sıradan çıxıb. İndiyədək də orda cəmir bir nəfər qaravolçu işiylə təmin olunub. Əgər bu zavod lazım deyildisə nəyə görə milyonlarla vəsait qoyulurdu, prezident niyə açılış edirdi, niyə elan edirdi ki, burada bu qədər adam işləyəcək? Deməli prezident burada da aldadılıb.
Image result for goranboyda tikiş fabriki
Eyni vəziyyət Goranboy rayonunda da mövcuddur. Goranboyun girəcəyində böyük tikiş fabriki açılıb və onun da açılışında prezident iştirak edib, bildirib ki, fabrikdə yüzlərlə qadın işlə təmin olunacaq. Ancaq həmin fabrikdə bu günə kimi bir nəfər də işləməyib . Yaxşı xatırlayıram ki, prezident orada olanda fabrikin əməkdaşları ilə görüşdü, hər biri ağ xələtdə idi. Maraqlıdır, o ağ xələtlilər kimlər idi, hara getdilər, fabrik nəyə görə fəaliyyət göstərmir. Belə çıxır ki, kimlərsə 12 hektar torpaq sahələrini zəbt etmək üçün bu üsullara əl atırlar.
– Və yaxud da icra başçıları öz fəaliyyətləri barədə prezidentə hesabat verirmişcəsinə, işlədiklərini göstərmək məqsədilə bu üsullardan istifadə edirlər…
– Düz deyirsiniz, bu da bir səbəbdir. Hər rayona yeni icra başçısı gələn kimi işlədiyini göstərmək üçün tələsik nələrsə edir. Ancaq bir şeyi də qeyd edim ki, araşdırmalarıma görə həmin ərazilərin, müəssisələrin çoxusu icra hakimiyyətlərinə məxsusdur. Bununla bağlı başqa bir maraqlı faktı deyim, Qobustan rayonunda düz yolun kənarında əvvəlki icra  başçısına məxsus böyük yem zavodu var. Düzdür, mən sənədlərə baxmamışam, ancaq hər kəs deyir ki, bu gün göz dağı kimi duran o yem zavodunu əvvəlki icra başçısı tikdirib. Yem zavodu fəaliyyətə tam hazırdır, ancaq həmin icra başçısı Neftçala rayonuna göndərilib deyə bu günə kimi zavod boş qalıb. Yəqin ki, prezidentə həmin zavodu göstərib deyirlər ki, bu da bizim yem zavodumuzdur.
Başqa bir maraqlı faktı da bildirim. Bir neçə ay öncə prezidentin Mingəçevir şəhərinə səfəri oldu və mən şəxsən bütün səfərlər kimi o səfərini də izlədim. Prezident  Mingəçevirdə Sənaye Parkının tikintisinin təməlini qoydu, həmin parkda müxtəlif zavodların, sexlərin, fabriklərin tikiləcəyi barədə geniş məlumat verildi.
Bizim də ürəyimizdə ümid yarandı ki, Mingəçevirdə yeni sənaye sahəsi yaradılacaq və nə qədər adam işlə təmin olunacaq. Aradan 4-5 ay keçib və bu müddətdə orada bir iş belə görülməyib. Kimlərdən soruşuramsa deyirlər ki, necə gəlmişdilərsə, eləcə də getdilər. Demək bu da prezidentin gəlişi ilə bağlı imiş, Prezident gəldi və yenə aldadıldı.
Image result for göygöl rayonunda süni mayalanma mərkəzi açıldı
Göygöl rayonunda cins damazlıq heyvanların yetişdirilməsi üçün süni mayalanma mərkəzi yaradılıb. Prezidentin göstərişi ilə böyük sərmayə, milyonlarla pul qoyub və ora Azərbaycanda kənd təsərrüfatı məhsullarının artması üçün çox vacib bir obyektdir. Ancaq bu gün getsəniz görəcəksiniz ki, mərkəzdə direktorla katibədən başqa heç kim yoxdur, müəssisə işləmir.
Rayonların əksriyyətində açılan müəssisələr bu gün işləmir, çox nadir hallarda işləyən müəssisələr var. Onlar da ayrı-ayrı məmurlara məxsus müəssisələrdir ki, işləyir.

Yenə Qazax rayonuna qayıdım…

Bu yaxınlarda prezident Qazax rayonunda olarkən I Şıxlı kəndi ərazisində, Bakı-Tbilisi şosse yolunun kənarında yerləşən “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışını etdi. Dövlət başçısına məlumat verilib ki, orada tutumu 2 min ton olan anbar yaradılıb, 250 kvadratmetr sahədə texnika üçün park inşa edilib, kartof, soğan, kök və digər tərəvəz məhsullarının təmizlənməsi, yuyulması, qurudulması, çeşidlənməsi və qablaşdırılması üçün ərazisi 600 kvadratmetr olan istehsal sahəsi yaradılıb və müxtəlif növ 11 maşın-mexanizm alınıb. O da qeyd olundu ki, MMC-də də 170 nəfər işlə təmin ediləcək. Prezident də elə bildi ki, həmin MMC hansısa iş adamınındır. Əslində isə həmin obyekt təzə təyin olunmuş icra başçısına məxsusdur. İcra başçısı cəld tərpənərək yol qırağındakı yaxşı ərazini mənimsəyib, obyekt qurub və prezidenti də öz MMC-sinin açılışına aparıb. Həmin obyektin işləyib – işləməyəcəyi isə bu gün də bəlli deyil.
Image result for prezindet Kəndli Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışını etdi.
Bu gün bütün rayonlarımızda icra aparatı deyilən təşkilatlar Azərbaycanın əmlakını talamaqla, Azərbaycan vətəndaşını soymaqla, bələdiyyələri məhv etməklə məşğuldular. Azərbaycandakı 1609 bələdiyyə fəallıqla işləsə, çox böyük nailiyyətlər əldə etmək olar. Əfsuslar ki, prezident aldadılır, bəzi şeylərdən xəbərsizdir və bunun nəticəsində də rayonlarda talanma prosesi gedir.
– Telefonda qeyd etmişdiniz ki, Əmlak Komitəsinin fəaliyyəti ilə bağlı da müəyyən məsələlərə toxunacaqsınız…
– Əvvəllər Azərbaycanda Dövlət Xəritəçəkmə Komitəsi və Əmlak Komitəsi mövcud idi. Bu komitələrdə torpaqla bağlı məsələdə bələdiyyələrlə mübahisələr yaranırdı, problemlər ortaya çıxırdı və bu da müxtəlif narazılıqlara səbəb olurdu. Prezident qərar verdi ki, Torpaq  Komitəsi ləğv olunsun və bu qərar bütün bələdiyyələri sevindirdi. Düşündülər ki, vəziyyətləri yaxşılaşacaq, bələdiyyələrin inkişafında xeyli irəliləyiş olacaq, torpaq sənədlərinin verilməsində süründürməçilik aradan qalxacaq. Ancaq indi elə bir vəziyyət yaranıb ki, bələdiyyəər keçmiş Torpaq Komitəsinə rəhmət oxuyurlar. Çünki bu gün Əmlak Komitəsinin yerlərdəki bəzi rəhbərləri bələdiyyədən satılan hər sot torpağa görə 1500 manat rüşvət tələb edir. Bələdiyyə bu məbləği verməsə, bir qarış torpaq da sata bilməz. İndi vətəndaş 3 sot torpağa tələb olunan 300 manat dövlət rüsumunu ödəməli olduğu halda məcbur qalıb Əmlak Komitəsinin tələb etdiyi rüşvəti də ödəməlidir.
 
Image result for əmlak komitəsi
 
– Cümşüd müəllim, gəlin bələdiyyələrin də ətəyində namaz qılmayaq. Heç bir bələdiyyə dövlət rusumuna torpaq satmır axı, illərlə bələdiyyədə torpaq növbəsində olan insanlar var…
– Elə mən də bunu deyirəm, bələdiyyə müstəqil olmadığı, müəyyən qurumlardan asılı olduğu üçün dövlət rusumunda göstərilən qiymətə torpaq sata bilmir. Düzdür, torpağı satan bələdiyyədir, ancaq əslində belə deyil, belə olsaydı birbaşa bələdiyyənin büdcəsinə rüsum keçirməklə torpağımızı ala bilərdik. Bu gün bədbəxt bələdiyyələr müstəqil deyil və heç kimə torpaq sata bilmir. Çünki əvvəlcə icra aparatında rəy verilməlidir və ora 300-500 manat ödənməlidir, kadastr çıxarılmalıdır və bir o qədər də ora verilməlidir. Ona görə də biz indi gedib torpaq almaq istəsək, bədbəxt bələdiyyə deyəcək ki, mənim deyil, gedək icra başçısından torpaq alaq, ya da üzə düşüb bizim əvəzimizdən tələb olunan rüşvəti özü verəcək.
Bunları deməkdə fikrim odur ki, prezident bələdiyyələrin müstəqil olduğunu düşünür, ancaq bu heç də belə deyil. Bələdiyyə müstəqil olsaydı, torpağını satıb öz büdcəsini formalaşdıra bilərdi. Başqa bir faktı deyim, Abşeron rayon ərazisində 6 aydan çoxdur hərrac keçirilmir. Görəsən səbəb nədir?! Novxanı, Digah, Mehdiabad bələdiyyələri satışa çıxarılmış torpaqların sənədərini hazırlayıb, ancaq Əmlak Komitəsinin tələb etdiyi rüşvət ödənilmədiyindən hərrac keçirilmir.
Düzdür, prezident dəfələrlə ayrı-ayrı məmurların özbaşınalığından xəbərdar olduğunu qeyd edib, bu barədə bəzi məlumatları saytlardan aldığını bildirib. Mən də ona görə sizin saytınız vasitəsilə bunları ictimailəşdirmək istədim.
– Söyləmək istədikləriniz bitdimi?
– Bir neçə məsələləri də bildirim, sonra yekunlaşdıraq.
Azərbaycan prezidenti  bir çox məsələlərdə də aldadılır. Düzdür, prezidentin mühafizəsi yüksək səviyyədə təşkil olunmalıdır, çünki dünyada müxtəlif hadisələr, terrorlar törədilir və bizim də düşmənlərimiz var. Buna görə də prezidentin mühafizəsi ən yüksək səviyyədə olmalıdır, hətta rayonlarda olarkən əhali ilə də görüşlərində də ehtiyyatlı olmaq lazımdır və bu ehtiyyat yüksək səviyyədədir. Ancaq inanın ki, Azərbaycan prezidentinin xəbəri yoxdur ki, rayonlarda onunla görüşən insanlar həmin rayonun sakinləri deyil, xüsusi seçilmiş adamlardır. Prezident hansısa rayona getməmişdən öncə rayon əhalisini kənarlaşdırırlar, Bakıdan xüsusi hazırlanmış insanları avtobusla həmin rayona aparırlar. Məsələn, Ağstafada əhaliylə görüşündə Bakıda yaşayan, Ağstafa ilə heç bir əlaqəsi olmayan adamlar prezidentlə görüşə gətirilmişdi. Cığatel adlı bir qadın var, şairədir, Bakıda yaşayır, Ağstafa rayonu ilə heç bir əlaqəsi yoxdur, axşama kimi Yazıçılar İttifaqının qapısındadır. Ancaq Cığatel Ağstafada rayon sakinlərinin adından prezidentin qarşısında danışdı. Əslində isə orda Ağstafa sakinləri danışmalıydı, prezidentə öz dərdlərini deməliydi. Bu seçilmiş adamlardan prezident yaxa qurtarmalıdır. Nə qədər ki, prezident sadə insanlarla bir yerdə olmayıb, bəzəkli küçələrin arxasında gizlədilmiş bərbad küçələrdən xəbərsizdir, vəziyyət bir o qədər gərgin olacaq.
Image result for prezident ağstafa rayon sakinləri ilə görüşdü
Qazın, suyun, elektrik enerjisinin qiymətinin qalxması ölkəni iflic edib. Dünyaya qaz satan ölkədə belə hal baş verməməlidir və prezident bu məsələdə də aldadılır. Prezidentə bildirirlər ki, Avropada qazın, elektrik enerjisinin qiyməti belədir, belə dəyişib. Axı Avropa əhalisi 7 min dollar maaş alır, Azərbaycanda isə 150 manat pensiya ilə yaşamaq mümkün deyil.
– Rayonlarda Tarif Şurasının son qərarından sonrakı vəziyyət necədir?
– İnsanlar təzə sevinirdilər ki, evlərinə qaz çəkilir, canları isinəcək, az əziyyət çəkəcəklər. Ancaq indi əksər rayonlarda insanlar evlərindəki qaz peçlərini çölə çıxarıb, yerinə odun peçləri qoyublar. Çünki qaza qoyulan limit onların bir aylıq izafıdır. İnanın ki, heç odun almağa da imkanları yoxdur, artıq insanlar qeyri-qanuni halda çay qıraqlarına, meşələrə daraşıblar. Quba-Qusar-Xaçmaz zonasında qandonduran şaxtalar var və insanlar da balalarını qorumaq üçün məcburən əli baltalı meşələrə üz tutublar.
Meşədən söz düşmüşkən, başqa bir faktı da deyim. Azərbaycanda yüz minlərlə yeşik istehsal olunur və bu yeşiklərin hazırlanması üçün əvvəllər Rusiyadan vaqonla şam ağacları gətirilirdi. İndi hazırlanan yeşiklər isə hamısı fıstıq ağacındandır. Biz meşədən bir maşın odun gətirsək qarşımızı kəsəcəklər. Ancaq hakimiyyətdə yüksək post tutanların himayəsi ilə meşələrdə xüsusi sexlər yaradılıb ki, ağacları kötük kimi doğrayırlar. Ayrı-ayrı məmurların maşınları da həmin kötükləri daşıyır, xüsusi sexlərdə parket, yeşik taxtası çəkirlər. Beləliklə ölkənin meşələri, xüsusilə Qəbələ və Quba meşələri məhv edilir və bundan da prezidentin xəbəri yoxdur.
Prezidentin xəbəri olmuş olsaydı qısa müddətdə islahatlar aparılardı. Prezidenti ətrafındakı bütün məmurlar, bütün icra başçıları aldadır. Ona görə ki, həmin icra başçıları natəmizdilər, yaltaqdırlar, prezidentin hər gəlişində güdürlər ki, prezident pul ayırsın və onlar da dağıtsınlar. Bu məmurlar prezidenti aldatmasaydılar, prezidentin ayırdığı vəsaitlər aidiyyati üzrə icra olunsaydı, Azərbaycan xalqı heç bir çətinliyə düşməzdi. Ölkənin iqtisadi inkişafı imkan verərdi ki, Azərbaycan çiçəklənsin.
Image result for qəbələ meşələrində parket kəsilir
Azərbaycan xalqının əhalisinin  sayı 9 milyondur və bu rəqəm Rusiyanın, Türkiyənin bir şəhərində yaşayan insanların sayı qədərdir. Bu qədər əhalini dolandırmaq isə çox asandır, bu şərtlə ki, Azərbaycan məmurlarının xarici ölkələrə çıxardıqları pullar geri qaytarılsın. O pullar kifayət edər ki, Azərbaycan xalqını 50-100 il yaşatmağa imkanı yaransın. Azərbaycan bu gün qazanmasa belə xaricə talanmış pulların hesabına boş qalan müəssisələr işə salınsa, Azərbaycanın çox böyük imkanları yaranar.
– Deyirsiniz ki, yəni Azərbaycan Rusiyadan da, Türkiyədən də yaxşı yaşa bilər?
– Əlbbəttə ki. Bilirsiniz, bizdə yarıtmaz məmurlarla bağlı tədbirlər görülür, ancaq yerinə elələri gətirilir ki, gedənin ölüsünə rəhmət oxumalı oluruq. Deməli prezidenti kadr seçimində də aldadırlar, kadrları savadlarına, qabiliyətlərinə görə yox, qohumluq əlaqələrinə görə seçirlər. Halbuki Azərbaycanda elə kadrlar var ki, dünyanın ayrı-ayrı ölkələrində onların savadlarından, təcrübələrindən istifadə edilir. Bu məqamda sizə bir faktı danışım, bu hadisə təxminən 6-7 il öncə baş verib. Keçmiş SSRİ-nin “Ural Maş” zavodu olub və orada ağır sənaye sahələri üçün maşınlar istehsal edilib. Həmin zavod Sovet hokumətinin vaxtında iflasa uğrayıb, ancaq Putinin göstərişi ilə  zavodu bərpa etmək istəyiblər. Zavodu yenidən ayağa qaldırmaq üçün müxtəlif şəxslər tapıblar, ancaq heç biri bu işi bacarmayıb. İtalyadan da mütəxəssis gətiriblər və o, zavodu işlədəcəyini boynuna götürüb, ancaq o da bu işi yarıtmayıb. Axırda Putin baş nazirə göstəriş verib ki, SSRİ-nin keçmiş ağır maşınqayırma zavodunun rəhbərini tap və öyrən gör ki, keçmiş SSRİ məkanında kim bu zavoda rəhbərlik edə bilər. Həmin qoca da bir qədər fikirləşdikdən sonra məlumat verib ki, Azərbaycandan Mamed Vəliyev adlı bir nəfər vardı, 27 yaşından Sumqayıt Kompressor zavodunun direktoru olub. Əgər o adam sağdırsa, “Ural Maş” zavodunu da işlədə bilər. Bundan sonra axtarış apararaq tapıblar ki, Mamed Vəliyev 12 il həbs cəzası alıb və 6-7 il həbsdə yatandan sonra prezidentin fərmanı ilə təzəlikcə əfv olunub. Mamed Vəliyevi Moskvaya dəvət ediblər, ona məsələni danışıblar və 5 illik müqavilə bağlayıblar. Mamed Vəliyev ailəsi ilə birlikdə Yekatirinburqa köçüb, 5 il müddətində “Ural Maş” zavoduna rəhbərlik edərək zavodu ayağa qaldırıb. Beş ilin tamamında isə çox yüksək təqaüdlə Azərbaycana qayıdıb. Azərbaycana qaydandan sonra da evini-eşiyini burda qoyub xaricə köçdü, indi də deyəsən İspaniyada yaşayır.
İndi baxın, Rusiya kadr seçmək üçün keçmişə əl atdı, gəlib Azərbaycandan 65 yaşlı kadr apardı. Ancaq bizdə yaxşıları çıxarıb yerinə uyğun olmayanları təklif edirlər. Bədbəxtçilik də bundadır ki, hakimiyyətdə ancaq bir-birindən qız alıb-vermiş qudalardı, yeznə qayınlardı. Prezidentin siyahısı yoxdur ki, kimin kimlə quda olduğunu bilsin və bu məsələdə də prezident aldadılır. Ona görə də hansısa məmur cinayət məsuliyyətinə cəlb ediləndə zənzirvari həbslər baş verir.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı ilə Gənclər və Turizm naziri Azad Rəhimov qudadır. Gedin baxın görün Azad müəllimin Mingəçevirdə nələri var.
Prezidentin ətrafındakı əhalinin 2 faizini təşkil edən manqurtlar 99 faiz əhalini məhvə aparır. Bu gün bunun qarşısının alınmasında KİV-lərin üzərinə böyük iş düşür. KİV-lər prezidentə məlumat verməsə, prezident bu sahədə islahatlar aparmasa, Azərbaycan məhvə gedəcək. Biz də qəbirlərimizi qoyub, hər şeyə tüpürüb ölkədən gedə bilmərik, o zaman millət olmarıq axı.
– Bəlkə yekunlaşdıraq?
– Son olaraq bir daha qeyd edirəm ki, mən nə müxalifətçiyəm, nə prezidentə qarşı müxalif fikirdə olan insanam. Prezidentimiz yerində olan kadrdır, dünyagörüşü, xalqa xidməti göz önündədir, kifayət qədər yaxşı qanunlarımız var. Ancaq bu qanunları icra edən orqanlar yoxdur, hamısı vəhşiləşmiş insanlardır, hər kəs pul güdür. Bələdiyyə sədrini çağırıb cibindəki son 20 manatı belə soyan icra başçıları var.
Rumiyyə MİRASLAN