«Azadlığ»ın Fransaya gələn əməkdaşları baş kəsdilər, qan tökdülər, amma pul apara bilmədilər
Pul da babat pul olub və bu qədər məbləğ üçün qan tökməyə dəyərdi
Yəqin, arqumentsizlik dərinə işləyəndə yalanı elə uydurmaq lazım gəlir ki, qarşı tərəf cavab vermək haqqında düşünməsin. «Əlim üzümdə qaldı» ovqatına düşüb oralarda (ya da buralarda) gicələk qalsın.
Amma əslində, bunun özü də bir simptomdur. Yalançılıqla bağlı deyil. Zatən, on illiklərin təcrübəsi bizə təlqin edir ki, Azərbaycan hakimiyyətinin yalan eksperimentlərinin qarşısında heyrətə düşmək lazım deyil. Növbəti, sıradakı yalanlardan birinin mərkəzində mənim adım dayandığına görə, düşündüm ki, bunu cavablayımmı, yoxsa boş verim? Dərhal da cavab vermək olardı. Amma bir qədər tədbirli davrandıqdan, itkiləri hesablayandan, qan ehtiyacı olanların qan qruplarını müəyyənləşdirəndən, təcili tibbi yardıma və polisin yardımına ehtiyacı olanların hamısını yerbəyer edəndən sonra cavablamaq yaxşı idi.
Azərbaycandan Fransaya döyüş qrupu gəlmiş imiş. Azadlığın əməkdaşları baş redaktorla haqq- hesab çəkməyə gəliblərmiş. Buraya gəldiklərində Bakıdakı Binə hava limanından keçəndə gömrük keçid məntəqəsinin əməkdaşları cinayətkarcasına səhlənkarlıq ediblər. Mən bunun səhlənkarlıqmı, yoxsa cinayətə şəriklikmi olduğunu öyrənməklə məşğulam. Fakt budur ki, Bakıdan mənimlə haqq- hesab çəkməyə gələn qrupun bütün üzvlərində soyuq silahlar vardı. Onlar mənimlə qarşılaşdıqdan və ilkin söhbət çəkişməsindən sonra yer-yerdən zərbələr endirərək qaçıb dağılışmalı, hər birisi Avropanın müxtəlif səmtinə səpələnməli idilər. Plan belə olub. Bu planı kimin bu qədər ağıllı və tədbirli şəkildə cızdığını araşdırmaqla məşğulam.
Mənimlə müharibə üçün gələn qrupun daxilindəki bir «casus» bu hərb heyətinin məqsədləri barədə mənə məlumat verdi. Buna görə də, şəxsən mən birbaşa onları qarşılamaq niyyətindən çəkindim. Bu, dahiyanə bir gediş idi. Bakıdan, «Azadlıq» qəzetinin yaradaraq mənim üstümə hərb niyyəti ilə göndərdiyi döyüş dəstəsini birbaşa qarşılamamaqla strateji baxımdan parlaq seçim etdiyimi az sonra mənə xəbər verəcəkdilər. Həm də kim xəbər verəcəkdi? Bu «yadelli» heyətin özünü şübhəli aparması üzündən özünü bu şübhələrin dışında buraxmaq istəyən otel bəkçisi. O, bu heyətin qanlı niyyətini dərk edərək anında onları tərk- silah edib və bu barədə mənə dərhal xəbər verib.
Tərk – silah edilmiş dəstənin sonrakı hərəkətlərini kontrol altına almaq çətin olmadı…. Gerisini, Azərbaycan mətbuatından oxumusuz yəqin. Orada yazıblar ki, Azadlıq qəzetinin əməkdaşlarının mənimlə əlbəyaxa davası bütün Fransaya səs salıb və polis qonaqları deportasiya edib.
Mənə maraqlı gələn yalan deyil. Yalanı on illər boyu sırıyırlar. Yalanın bəsitliyi də şaşırdıcı bir şey deyil. Zatən, yalan hansısa göstəricilər üzrə şaşırdıcı olmalıdır.
Bu dəfəki yalan «barıt»ı çox edildiyi səbəbindən düşüklük göstəricilərinə görə aşağıdır.
Ölkə mətbuatı ilə istənilən təmas bir seriya xəbərləri adamın gözünə soxur. «Benzin bahalaşacaq», «sosial yardımlar ləğv ediləcək», «İslam həmrəyliyi İdman oyunlarına 100 milyon dollar xərclənəcək», «iki eşşəyin arpasını üçüncü eşşək bölə bilərmi», «dollar kəskin şəkildə bahalaşır», «Azərbaycan hökuməti 4 milyard borc axtarır», «qazın qiyməti yenə də bahalaşacaq», “vətəndaşlar özlərini prezident administrasiyasına zəncirlədilər”… kimi sarsıdıcı və acı xəbərlər ölkəni başına götürüb. Bu qədər adrenalinin arasında insanların keyfini açacaq və ovqatını düzəldəcək daha bir xəbərə ehtiyac varmış… «Əli Kərimli bir dəstə adamı Fransaya göndərib ki, Qənimət Zahiddə olduğu ehtimal edilən pulu alıb gəlsinlər». Xəbərin elastikliyi beynəlxalq gimnastika federasiyasının da nəzərini partlatmalı idi. Bəlkə də, partladıb, səsi sonra çıxacaq. Bu əbləh yalanı öz tamaşaçılarına və ya oxuyucularına sırıyan media resurslarını qəzet və ya nəsə buna bənzər bir adla adlandırmalıyam.
Amma Hacıbala demişkən, «çox da şey eləməyin», yəni özünüzə dərd eləməyin, çünki ölkənin rəsmi dövlət qurumları da ölkə mediasının bu xəbərini tamam ciddi şəkildə diqqətə alıblar. Aprel müharibəsində dünyanın hərb tarixini heyrətdə buraxan bir ölkənin inzibati- hərbiləşdirilmiş strukturları bu qədər bayağı və əbləhcəsinə tərtib edilmiş bu xəbəri ciddiyə alıblar. İnformasiyaya inanmaya bilərsiniz, informasiyasızlıq sizi daha çox inandıra bilər, bekarçılıq isə ümumiyyətlə, avara edə bilər. Azərbaycanın yarım mülki- yarım hərbi dövlət qurumları da belə bir duruma düşüblər. Bu düşük tərtibatların təsiri altına düşərək qaçıblar Bakı hava limanındakı gömrük- keçid məntəqəsinə. Orada işləyən bir əsgər yoldaşım dedi ki, həmin gün həmin postda növbəyə çıxmaq üçün gömrük əməliyyatçıları böyük miqdarda rüşvət veriblər. «Fransaya ezam edilmiş qrup böyük miqdarda pulla geri qayıdırmış və nəinki gələnlərdən müsadirə edilən pul, hətta onların qanı da halal buyurulubmuş»…
Və ciddi şəkildə «hərbiləşdirilmiş dövlət orqanı» adlandıracağınız bu sistem Azadlığın əməkdaşlarının əl çantalarının tikişlərini də söküblər, ciblərini tərsinə çeviriblər, ayaqqabılarının tərliyini söküb baxıblar, pul tapılmayıb ki, tapılmayıb. Lap son anda məyus olmağı heç cür özünə yaraşdırmayan sayıq bir gömrük məmuru «Tapdım!» deyərək bütün heyəti geri çevirib. Hər kəs şoka düşüb. Həyəcanın ölçüsü çox çarpıcı və çox dəhşətli olub. «Ayaqqabılarının altına baxın! Onlar pulu skoçla ayaqqabılarının altına yapışdırıblar!». Aman Allah! Bu qədər bəsit ideya niyə bu dövlətin dərrakəli məmurlarının ağlına gəlməyib?.. Amma yox, ayaqqabıların altı, qar üzərində minitraktor təkəri qədər naxışlı və yerli-yerində idi. Pul yox idi, sanki heç yerli- dibli olmayıbmış və yalnız bu əsnada Bakı hava limanının rəhbərliyinə Fransadakı Azərbaycan səfirliyindən göndərilən şifrəli bir xəbər ikinci versiyanın üzərində dayanmağa əsas verib. «Uşaqlar, axı bu heyəti Fransadan deportasiya ediblər, onların üstündə pul ola bilməzdi axı».
Məyusluğun həddini ölçə bilirsizmi?
Pulun tapılmaması kimi yox. Bu növbədə işə çıxmaq üçün rüşvət verən gömrük məmurları məyus olublar…
«Azadlığ»ın Fransadan geri dönən heyətinin daranması heç bir maddi nəticə verməyib…Bu ayın 22-də daha bir heyət gələcək. Strasburqda AŞ PA-nın növbəti sessiyası olacaq və Azərbaycandakı hansısa məsələlər də müzakirə ediləcək. Məncə, Luka Volontenin Azərbaycana verdiyi kənd təsərrüfatı məsləhətlərinin əvəzinə alınan qonorarın həcmindən heyrətlənən AŞ PA üzvləri burada qanı su yerinə axıdacaqlar. Amma boş verin burada qanları,.. kafir qanıdır. Əsas məsələ budur ki, həmin sessiyadan geriyə, Azərbaycana dönən heyəti yoxlayın. Mən yəni bu qədərmi sadəlövhəm ki, o boyda pulu Azərbaycandan gələn kasıb bir jurnalist qrupuna verim. Yanvarın 22-dən sonra ölkəyə dönən deputat heyətini araşdırın…
Pul onlarda olacaq, sizin ağlınıza külü qoyum. Özü də hamınızın. Bu sarsaq yalanı tərtib edənlərin də, dərc edənlərin də, ona inananların da, onun üzərində plan- əməliyyat quranların da…
Qənimət Zahid