Hökumətin əmək haqqı siyasəti iflasa uğrayıb

Nemət Əliyev

Hökumətin əmək haqqı siyasəti iflasa uğrayıb. Bu siyasət nə işləyən əhalinin sosial vəziyyətinin pisləşməsinin qarşısını almağa yarayır, nə ədalətli bölgü həyata keçirməyə, nə də kəskin sosial təbəqələşməyə mane olmağa.
Ölkəmizdə 4 milyon 693 min nəfər iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali var ki, onun yalnız 1 milyon 502 min nəfəri və ya 32%-i muzdlu işçidir. Yeri düşmüşkən, xatırladaq ki, rəsmilər “orta aylıq əmək haqqı” deyərkən, yalnız bu 32%-in aldığı məvacib üzrə hesablanmış orta göstəricini nəzərdə tuturlar. 68%-in əmək haqqına dair düz əməlli-başlı məlumat verilmir.
Rəsmi açıqlamaya görə muzdlu işçilərin orta aylıq əmək haqqı ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin “yanvar-aprel”ində 8% artaraq 487,5 manat təşkil edib. Aylıq əmək haqqı fondu üzrə ümumi artım məbləği 51 milyon manat olub. Bu artım məbləğindən neft sektorunda çalışan 35 min nəfərə 28 milyon manat, qeyri-neft sektorunda çalışan 1 milyon 467 min nəfərə 23 milyon manat düşüb.
Başqa sözlə, 2% muzdluya 55% pay, 98% muzdluya 45% pay düşüb.
Elə bu üzdən də orta aylıq əmək haqqı neft sektorunda 1969 manatdan 2832 manata yüksələrək 44% artdığı halda, qeyri-neft sektorunda 415 manatdan 431 manata yüksələrək vur-tut 4% artıb. Əmək haqqı üzrə 8%-lik ümumi artım isə neft sektorunda cəmləşən 2% muzdlu işçinin əmək haqqı artımının qeyri-neft sektorundakı əmək haqqı artımını 54 dəfə üstələməsi hesabına ortaya çıxıb.
Beləliklə, təsdiq olunur ki, çox az sayda işçi heyətinin məvaciblərinin artımına pul vəsaitlərinin böyük hissəsi yönəldiyi halda, çox böyük sayda işçi heyətinin məvaciblərinin artımına pul vəsaitlərinin az bir hissəsi yönəlib. Uzun müddət ərzində davamlı xarakter alan bu yanlış siyasət azlıqla çoxluq arasındakı məsafəni xeyli böyüdərək kəskin qütbləşməyə səbəb olub.
Qeyd edilən dövrdə 10,5%-lik rəsmi bahalaşma səviyyəsini hesaba alsaq, məlum olur ki, muzdlu işçilərin 98%-nin həyat səviyyəsi 6,5% pisləşib. Bu, rəsmi açıqlanan bahalaşma səviyyəsi ilə müqayisədə belədir. Müqayisə edilən dövrdə orta hesabla 66% (1,56/0,94*100% = 66%) devalvasiya olması səbəbindən yüksək bahlaşma yaşandığını nəzərə alsaq, həyat səviyyəsinin daha kəskin pisləşməsi üzə çıxar.
Alıcılıq qabiliyyətini nəzərə almaqla qiymətləndirmə aparsaq, o zaman məlum olur ki, heç neft sektorunda çalışanların maaşları da artmayıb, əksinə, azalıb. Bu sektorda çalışanların orta aylıq əmək haqqı 2095 dollardan 1815 dollara düşməklə 280 dollar və ya 13% azalıb. Qeyri-neft sektorunda çalışan muzdluların orta aylıq əmək haqqı isə 165 dollar və ya 37% azalaraq 441 dollardan 276 dollara düşüb. Bu halda isə əmək haqlarının artmasından danışmaq çox yersiz görünür. Belə vəziyyətdə əhalini kütləvi şəkildə yoxsullaşdıran yüksək bahalaşma səviyyəsindən danışmaq daha məntiqlidir.
Onu da nəzərə almaq vacibdir ki, bu acınacaqlı mənzərə yalnız 32% iqtisadi məşğul əhalinin əmək haqqı göstəricilərinin təhlilindən ortaya çıxan nəticədir. Əgər “68% zavallını” da nəzərə alsaq, o zaman ölkə üzrə əmək haqqı və qütbləşmə səviyyəsinin nə dərəcədə bərbad olması daha bariz şəkildə üzə çıxar.