Talışlar haqqında ümumi məlumatlar

Ataxan ƏBILOV

 

Yayılma arealı
Talışlar tarixən Xəzər dənizinin cənub-qərb sahilləri boyunca məskunlaşmışlar. Hazırda həmin ərazini Azərbaycan-İran dövlət sərhədi iki hissəyə ayırır. Talışlar Azərbaycan Respublikasının köklü xalqlarından biridir. Azərbaycan Respublikasında kompakt şəklində onlar əsasən respublikanın cənub-şərqində Astara, Lənkəran, Lerik və Masallı rayonlarında yaşayır. Eyni zamanda Yardımlı, Cəlilabad, Beləsuvar, Neftçala, Salyan rayonlarında, Bakı, Sumqayıt və Şirvan şəhərlərində, habelə Azərbaycan Respublikasının digər məntəqələrində də talışların məskunlaşmasına təsadüf edilir.
İran İslam Respublikasında isə talışlar Xəzər dənizinin sahili boyu Ləvandvil, Viznə, Haviq, Lisar, Haşpər (Talış), Asalem, Taleş-dulab, Şanderman, Cogandan, Masulə, Masal, Someh-sarə, Fumən və digər məntəqələrdə yaşayırlar.

Bir az tarix
Talışların ulu əcdadları kadusilər hesab edilir. Strabon, Herodot, Plutarx, Dionis kimi tarixçilərin əsərlərində kadusilərin adlarına rast gəlmək mümkündür. Həmin müəlliflərə görə Kadusiyə şərqdən Xəzər dənizi, şimaldan Arran və Albaniya torpaqları ilə sərhəd olmuşdur. Rus tarixçisi İ.M. Diyakonov hesab edir ki, kadusilər ümumi adı kaspi olan Hind-Avropa tayfalarından biridir. Talışların Səfəvilər dövlətinin formalaşmasında ciddi yer almaları barədə tarixi faktlar mövcüddür. XVIII əsrin ortalarından isə talışların kompakt yaşadığı ərazidəTalış Xanlığı feodal dövləti mövcüd olmuşdur.
“Talış” etnonimi
“Talış” etnoniminə orta əsr mənbələrində təsadüf edilməyə başlanılıb. Onun mənasıyla bağlı çoxsaylı fikirlər mövcüddür. Geniş yayılan və nisbətən inandırıcı hesab edilən mövqelərdən biri də bu etnonimin bölgədə baş verən əmək bölgüsü ilə bağlı olmasıdır. Kadusilərdə oturuşmuş əmək bölgüsü (əkinçilik və maldarlıq) formalaşdıqdan sonra bu etnonimin meydana çıxması daha çox inandırıcı görünür. Tarixlə maraqlanan yaşlı əhali də məhz bu variant üzərində dayanmağa üstünlük verir. Aşağıda – dənizə yaxın yaşayan kadusilər əkinçiliklə, yuxarıda – dağlıq zonasında yaşayanlar isə daha çox maldarlıqla məşğul olmuşlar. Bu bölgü geniş mənada bu gün də davam edir və bunun təbii coğrafi kökləri vardır. Yuxarıda yaşayanlar aşağıda yaşayanları “tulış” (yəni torpaqla əlləşənlər, “tul” talış dilində “torpaq” deməkdir, “ış” şəkilcisi isə mənsubiyyət bildirir), aşağıda yaşayanlar isə yuxarıda yaşayanları “qolış” (heyvandarlıqla məşğul olanlar, “qo” talış dilində “inək” deməkdir) adlandırmışlar. Xarici sivilizasiya ilə əlaqələr daha çox aşağıda yaşayanlarla olduğundan sonralar məhz aşağılara – əkinçiliklə məşğul olanlara qoyulan ad ümumiləşdirilir.
Daha sonralar isə bu ad xalq adı ilə yanaşı coğrafi məna daşımışdır.
Sayı
Azərbaycan Respublikasında talışların sayı haqqında dolğun informasiya yoxdur. Ölkədə bütün sahələr üzrə statistik məlumatlar həqiqəti əks etdirmədiyindən talışların sayı haqqında rəsmi informasiya da reallıqdan uzaq hesab edilir. Talışların sayı ilə bağlı zidiyyətli informasiyaların kökü həm də keçən əsrin 30 illərin axırlarından etibarən kommunist-stalin rejiminin həyata keçirtdiyi xalqların birləşdirilməsi siyasəti və ondan irəli gələrək talışların bir xalq olaraq rəsmi siyahılardan çıxarılmasından irəli gəlir. Qeyd edilənləri aşağıdakı rəsmi rəqəmlər də təsdiq edir. 1939-cu ildə aparılmış son Stalin siyahıyaalınmasında Azərbaycanda 87.510 nəfər talışın yaşadığını göstərilir. 1959-cu ildə aparılmış rəsmi siyahıyaalınma isə cəmi 85 nəfər talışı qeydə alır. Sonrakı siyahıyaalmalarda isə talışlar ümumiyyətlə xatırlanmır və onlar “sakit” represiyaya uğrayır. Qorbaçov yenidənqurmasının gətirdiyi ab-hava nəticəsində talışlar yenidən rəsmi siyahıya düşməyə başlayırlar. 1989-cu ildə aparılan siyahıyaalınmada Azərbaycanda 21.169 nəfər, 1999-cu ildə aparılmış siyahıyaalınma zamanı Azərbaycan Respublikasında 76.841 nəfər, 2009-cu il siyahıyaalınmasına əsasən isə 111.996 nəfər talış qeydə alınır. Talışların represiyası sakit olduğu kimi onların reablitasiyasına da sakit formada cəhd edilib. Bununla bağlı heç bir rəsmi mövqe və ya rəsmi aksiya məlum deyil.
Son dövrdə xarici mütəxəsislər tərəfindən aparılan tədqiqatlarda isə Azərbaycanda bir milyona yaxın talışın yaşadığı bildirilir. Bir sıra talış tədqiqatçıları isə Azərbaycan Respublikasında talışların sayının daha çox olmasını əsaslandırırlar. Talışların sayı haqqında bütün bu ciddi fikir ayrılıqlarına yalnız rəsmi və obyektiv şəkildə aparılan siyahıyaalınma nöqtə qoya bilər.
İrandakı talışların sayı isə yayılma arealınln genişliyini nəzərə alaraq, daha məchuldur.
Dili
Talışların ana dili talış dilidir. Mütəxəsislər hesab edirlər ki, Talış dili (Tolışə zıvon) Hind-Avropa dil ailəsinə, Hind-İran dilləri qolunun Azəri (Tati-Talış) qrupuna aiddir. Hazırda talış dili heç bir rəsmi statusa malik deyil. İbtidai siniflərdə talış dilinin tədrisilə bağlı qərar olsa da, talış dilinin tədrisi üçün dünyanın heç bir yerində, o cümlədən Azərbaycan Respublikasında mütəxəsis pedaqoqlar hazırlanmır. Belə olan halda dilin hansısa formada tədrisindən danışmaq mənasını itirir.
KİV
Talış dilində dövlət tərəfindən maliyyələşdirilən televiziya, radio və mətbuat vasitələri mövcüd deyil. Sövet dönəminin ilk onilliklərində talışlarla bağlı olan mətbu (“Sə tolış” qəzeti) və ədəbi mühit (talış dilində ktab çapı və ədəbiyyat nümünələrin yaradıcılığı) onların özləriylə bir yerdə keçən əsrin 30-cu illərində represiyaya uğrayır.
Sövet rejimin dağılması ərəfəsində talışarın öz təşəbbüsü ilə 1989-cu ildən etibarən “Tolışi sədo” qəzeti buraxılmağa başlanılıb. Bu qəzetin dərci çoxsaylı fasilələrlə 2012-ci ilə qədər davab edib. Tolışi Sədo qəzeti ətrafında müxtəlif vaxtlarda rəsmi orqanlar tərəfindən aparılan qanundan kənar və xoşagəlməz hadisələr cərəyan edib. Qəzetin baş redaktorlarından biri Novruzəli Məmmədov 2007-ci ildə qondarma ittihamlarla həbs edilmiş, sonradan isə o, həbsxanada saxlanıldığı şərait, qanunsuz və ləyaqətsiz davranış və zəruri tibbi xidmət almamasından dolayı dünyasını dəyişib. Qəzetin digər baş redaktoru Hilal Məmmədov 2012-ci ildə yenə də qondarma ittihamlarla həbs edilir. Bu olaydan sonra qəzetin nəşri dayandırılıb və indiyə kimi bərpa olunmayıb. Həmin ildən etibarən vətəndaş təşəbbüsü sayəsində oxşar adla digər bir dərgi – Tolışon sədo ara-sıra dərc edilir.
Hazırda talış dilində talışların öz təşəbbüsülə ölkə xaricindən bir neçə sayt fəaliyyət göstərir. Rəsmi orqanlara talış dilində bir televiziya kanalının açılması və ya İctimai TV-də talış dilində verilişlərlə bağlı kütləvi şəkildə edilən müraciətlər isə hələ ki, heç bir nəticə vermir.
Din
Talışlar İslam dininə sitayiş edirlər. İslama qədər isə bu ərazidə atəşpərətslik dini mövcüd olub. İslam dini hakim din olsa da atəşpərəstlikdən qalan bir sıra adətlərin yerinə yetirilməsi bu gün də davam edir.

İctimai-siyasi həyat
Talışlar Azərbaycan Respublikasında baş verən ictimai-siyasi proseslərin fəal iştirkaçılarıdır. Keçən əsrin 90-cı illərin əvvəllərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əldə edilməsində talışlar fəal rol oynamış, sonrakı illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən mübarizədə öndə olmuşlar. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ərəfəsində regionda baş vermiş siyasi proseslər talışların reablitasiyası prosesinə mənfi təsir göstərmiş və həmin tendensiya bu gün də davam edir.
Azərbaycan Respublikasında talışlara münasibətdə rəsmi ab-hava qənaətbəxş deyil. Rəsmi dairələr öz xalqını tanımaqdan imtina edir. Talış dilində və “talış” adıyla mövcüd olan toponimlərin dəyişdirilməsi tendensiyası hiss olunur. Ölkədə talış adı ilə heç bir QHT qeydə alınmır. Talışlarla bağlı hansısa mədəni tədbirin keçirilməsi faktiki olaraq yasaqlanıb. Hətta bu istiqamətdə olan şəxsi təşəbbüslər və təşəbbüskarlar ciddi nəzarətə götürülür və qorxudulur! Bütün bünlarla da hazırkı iqtidar Azərbaycan Respublikası əleyhinə iş aparmaq üçün bir sıra xarici dairələrin əlinə əlavə arqument verir.

(Müsavat Partiyasının Milli Siyasət Komissiyasının təşəbbüsü ilə hazırlanan yazıda əsasən Azərbaycan Respublikası ərazisində yaşayan talışlar haqqında məlumatlar verilib)