Ölümü bu qədər rahat seçməyin gerçək sirri

Aytən Məmmədova

Taleh Bağırzadə və onunla birlikdə həbs olunanların məhkəməsi yarım ilə yaxındır gözümün qarşısında getdi. Əminliklə deyirəm, bu adamların heç bir günahı yoxdur! Bu məhkəmə də onların günahını yox, əksinə, günahsızlığını sübut elədi. Məlum oldu ki, nə bu adamlarda silah olub, nə də bunlar kimisə öldürüblər. Əksinə, onları öldürüblər, onları yaralayıblar, tutulandan sonra da insanın təsəvvür belə etmədiyi işgəncələr veriblər.
Aralarında biri var, Şamil. Adam nə qədər abırlı, əxlaqlı biridi, əvvəllər Gömrük Komitəsində işləyib, dindarlarla əlaqəsini bilən kimi işdən çıxarıblar. Bu adama dəymiş üç güllədən ikisi hələ də bədənindən çıxarılmayıb, əl ağaclarının köməyi ilə çox çətinliklə hərəkət edir. Yalandan üzünə duran, günahsız 15 il həbsdə yatmasına səbəbkar olana da artıq-əskik nəsə deməyə tərbiyəsi imkan vermədi. Yalnız “Allah səni hidayət eləsin!” deməklə kifayətləndi.
Şamilin həbsindən sonra anası xəstəliyə tutuldu, bir neçə gün əvvəl isə dünyasını dəyişdi. Şamilə anasının yasında bir neçə saatlıq iştiraka da imkan vermədilər…
Hələ Taleh Bağırzadənin mərdliyini, cəsarətini demirəm. Adam ömürlük həbsə gedir, amma sınmadan, əyilmədən…
Taleh nə qohumumdu, nə də tanıdığım biri idi. Bu aylar ərzində öz davranışı ilə doğmalaşdı…
“Ərlə arvadın torpağı bir yerdən götürülər” deyimi sanki Taleh Bağırzadənin həyat yoldaşı Leyla xanım üçün deyilib. Cəmi 26 yaşlı bu qadın nə qədər müdrikdi, nə qədər cəsarətlidi, nə qədər dözümlüdü. Yəqin ki, həyat yoldaşına güc verən, onu sınmamağa qoymayan həm də belə qadına sahib olmasıdı. Hətta bir dəfə fikirləşmişdim ki, tarixi kitablardan, ədəbi əsərlərdən oxuduğum qəhrəman qadın obrazını indi canlı görürəm….
Bu sözlər aşağı-yuxarı o biri Nardaran məhbuslarının da analarına, bacılarına, həyat yoldaşlarına aiddi. Bu aylarda həm də Nardaran camaatını tanıdım…
Nardaran işi həm də cəmiyyəti, Azərbaycandakı ictimai-siyasi kəsimi də ortaya qoydu. Azacıq istisnalarla onlar meydanda tək buraxıldı, lazımınca müdafiə olunmadı.
Uzun illərdi siyasi məhbuslar da, onlar həbsdə olanda ailələrinə münasibət də gözümün önündə olub. Siyasi məhbus olub ki, evlərində yaxın adamının doğuş puluna qədər yardım olunub. Bu adamlara isə nəinki maddi, heç mənəvi dəstək də yetərincə olmadı. Bu adamların nəinki vəkilə pul verməyə, hətta müqavilə üçün rüsum ödəməyə belə, pulu olmadığından bütün istintaq boyu yaramaz, muzdlu vəkilllərin ümidinə qaldılar. Heç kim də maraqlanmadı. Hələ mən yaxınlarının onların məhkəməsinə gəlmək üçün avtobus pulunu borc almasından, cırıq çəkmələrinin içinə su dola-dola məhkəmə binası önündə gözləməsindən danışmıram. Sonra da gileylənirik ki, adamlar etiraz eləmir, meydana çıxmır. Çünki gözlərinin önündə pis nümunələr var.
İctimai sektor deyilən kəsim və bu kəsimdə də xeyli murdar, xirtdəyə qədər çirkabda olan adamlar var. Pul yeyintisindən tutmuş, klaviatura qəhrəmanı olub, sonra da itdən betər peşmanlıqla ləyaqətsizlik edənlərin bu adamları “İranın tulaları” adlandırması da bir başqa bəladı. Baxmayaraq ki, özlərinə də haqsız olaraq, “Amerikanın agenti” damğası vurulmuşdu, indi utanmadan, tanımadan-bilmədən onlar da damğalayırlar. Prinsiplərə tüpürən, “üstü bəzək altı təzək” olan nə qədər adamları başımıza çıxartmışıq…
P.S. Kim ki Nardaran camaatı, orada həbs olunanlar haqda “İranın agenti” yazsa, özü dostluğumdan çıxsın. Çünki tanımadığın, bilmədiyin nəyisə danışmaq, adamlara böhtan atmaq tərbiyəsizlikdi, əxlaqsızlıqdı…

(Yazı müəllifin facebook profilindən götürülüb).