17 noyabr bizim haraya qədər bacardığımız bir proses sayıla bilər?

 

Mən o günləri yaxşı xatırlayıram. Amma o günlərin ovqatını daha çox xatırlayıram. Detalları da xatırlayanlar var. Ovqat isə həmişə mənimlədir. O günləri də kənardan xatırlamıram, lap mərkəzindən xatırlayıram.
Biz bir qrup tələbəydik. Bakı Dövlət Universitetinin Sergey Mironoviç Kirov adına olduğu zamanlarda Kirovun və onun yan-yörəsinin o Universitetdən rədd edilməsi üçün qəbul olmuşduq. Çox iddialı səsləndi, məncə. Amma bunu simvolik mənada qəbul edin. Hər halda, biz bunu bacardıq. Çox şeyləri bacara bilməmişik, bacara bilmədiklərimizlə hələ də uğraşırıq, amma bacara bildiklərimiz də çoxdur, axı.
Universitetdə bir- birindən xəbərsiz iki qrup idik. 87- ci ilin sentyabr ayında birləşdiyimizi xatırlayıram. Biz təşkilatlanmağın çox zəruri olduğunu anlayırdıq. O zamanlar SSRİ-nin içərilərində «perestroka» deyilən yuxarıdan islahat kimi bir şey elan edilmişdi, amma həmin o islahatın Azərbaycan kimi ucqarlara repressiyaların şiddətlənməsi qədər təsiri vardı. Azərbaycanı idarə edənlər Mixail Qorbaçovun eləmək istədiyi hansısa yeniliklərin təsirinin bu respublikaya gəlib çıxmasından qorxurdular, üşənirdilər. Amma həm də bütün ömürləri boyu Moskvaya dikilmiş gözlərindən başqa bir tərəddüd də sallanırdı. Yeniliklərdən qorxurdular, köhnəliyi də müdafiə etməyə qorxurdular. Buna görə də yenilikləri Azərbaycan üçün faydalı, daha uğurlu səmtə dəyişmək istəyənlərə qarşı inadkar bir dirəniş göstərirdilər.
Biz Universitetdən başladıq. Başqaları başqa yerlərdən başladıqlarını deyər bilərlər, yaza bilərlər. Amma biz Bakı Dövlət Universitetindən start götürürdük. 1988- ci ilin lap əvvəllərində Ermənistandan azərbaycanlıları qovmağa başladılar. Vəhşicəsinə deportasiya edirdilər. Qışın soyuğunda-sazağında ayaq yalın- baş açıq, sərgərdan qalan bir başsız millət idik. Zəngəzurdan üzü bəri dəstə- dəstə didərgin düşürdük.
Azərbaycan hakimiyyəti beynəlmiləlçilik haqqında danışırdı. Oradan, Ermənistandan azərbaycanlıların diri-diri yandırıldığı, gülləbaran edildiyi, işgəncələr altında sürü-sürü qovulduğu haqqında xəbərlər gəlirdi, bu xəbərlərin dalınca yaman günə salınan insanlar gəlirdi. Azərbaycan hakimiyyəti xalqlar dostluğu haqqında danışırdı. Biz nəsə etməli idik. Fevralın 19-da, Bakı şəhərində o zamanın yeganə Universitetinin qapılarının ağzından qopub Bakının mərkəzi meydanına axışan on minlərlə insanın izdihamlı axınını və mitinqini təşkil etdik. Mən bilirəm ki, bu etiraz aksiyası dili lal, gözü sonrakı proseslər cəhənnəm, xalqı ağzına alıb yandıran odu görməyəcək qədər kor, bəsirətsiz Respublika rəhbərliyinə qarşı idi. Daha doğrusu, Azərbaycan Kommunist Partiyasının rəhbərliyinə qarşı idi, o zamankı rəhbərlik onlar idi. İndi də onlardır.
Bir neçə ay sonra yazıçı Mövlud Süleymanlı ilə söhbət əsnasında, o, dedi ki, «bu, bir dəmir axın idi və yalnız mənim içimdən axmadı, bütün millətin içindən axdı və milləti silkələdi».
Biz bunu bacarmışdıq.
Bu axın Azərbaycanda cəmiyyət yaratdı. O zamanlara qədər düşünmək imkanları olmadığına görə yalnız yuxarıların hökmü- hikkəsi ilə davranan bir toplum vardı və bu toplumu bizim, təəssüf ki, indi də adlandıra bilməyəcəyimiz bir cəmiyyət əvəz etdi. Canlı, düşüncəsi, ağlı- başında, olaylara reaksiya vermək qabiliyyəti yerli-yerində, instinktləri balanslaşan bir cəmiyyət yarandı və bu, 19 fevralda Meydana toplaşan on minlərlə adamın ölkəni silkələyən hayqırtıları sayəsində baş verdi. Həmin gün hamı dərk etdi ki, əski sovet zamanlarının əzəmətli xofunu saxlamaq mümkün olmayacaq. KQB və Kommunist partiyası isə bunu «saxlamaq çətin olacaq» şəklində anlayaraq repressiyaları sərtləşdirməyə cəhdlər göstərirdi.
Xatırlayıram ki, Bakı Dövlət Universitetinin yataqxanalarının girişində polis postları qoyuldu. O zaman Universitetin yataqxanalarının girişində mənim bir «qravüra» köşküm vardı və növbətçi polislər axşamlar özlərini buraya dürtür, qızınır, çay içir, bir neçə gün sonra isə artıq, qoltuqlarında gətirdikləri sosiskaları- turşuları çıxarıb araq təklif edirdilər. Təki, qızınmağa yer olsun və o yataqxanalarda nələrin baş verdiyi onları az maraqlandırırdı. Üzərinə iri hərflərlə ,,XƏTTAT,, sözü yazılan bu balaca daş köşk həm də informasiya mərkəzi idi.
Noyabr ayını xatırlayıram. 1988- ci ilin noyabr ayını. Noyabr ayının 14- də Bakı Dövlət Univeritetinin qarşısında mitinq keçirtdiyimizi xatırlayıram. Çox adam yox idi. 5-6 min nəfər olardı. Amma iddiamız böyük idi. Bu mitinqi, sadəcə, universitet audioriyalarına «MİTİNQ!» elanı verərək keçirtmişdik. Noyabrın 13-də axşam 2 nömrəli yataqxanadakı 15 nömrəli otaqda 14 noyabr mitinqinin qətnaməsini hazırladığımız yadıma gəlir. Qətnamə 3 bənddən ibarət idi: «1. Şuşada, Topxana meşəsində ermənilərin inşaat adıyla başladıqları iş dayandırılsın. 2. İki gün ərzində orada işlərin dayandırıldığı barədə xalqa televizorda məlumat verilsin. 3. Bu tələblər iki gün ərzində yerinə yetirilməsə noyabrın 17-də ümumrespublika mitinqi keçirəcəyik!».
Onu xatırlayıram ki, hökumət heç bir reaksiya vermədi. Hökumət reaksiya vermək istəmədi. Azərbaycan hökuməti o zaman da azərbaycanlıların hökuməti deyildi. Moskvanın buraya mıxlayıb- bərkitdiyi nadzor dəstəsi idi. Biz bunun ağrısını illərlə çəkdik. İndi də çəkirik. Hökumət ola bilməyən bu nadzor dəstəsi o zamanların mümkün silahları ilə yaraqlanan ermənilərin qarşısında sülh göyərçini kimi görünməklə Moskvadan ənam alacağına, «molodesləyəcəyinə» ümidli idi. Azərbaycanlılar tərksilah edilirdi, evlərdəki ov tüfəngləri də yığışdırılırdı. O zamanın polisi də, elə indinin polisi kimi nələrin baş verə biləcəyini vecinə də almadan vecsiz- vecsiz öz işini görməkdə idi…
Noyabrın 16-da axşam, yenə də 2 nömrəli yataqxanadakı 15 nömrəli otaqda yığışdıq. Sabahkı günü planlaşdırdıq. İndi siyasətdə olmayanların adlarını çəkmək istəmirəm. (Allah əziz dostumuz Əlisəfa Qədirova rəhmət eləsin!). Amma o toplantıda indi siyasətdə olanlardan Əli Kərimlinin olduğunu xatırlayıram. Həmin gün ilk dəfə gördüyüm Ənvər Əliyev vardı. Toplam 17, ya da 18 nəfər vardı. Qərar verdiyimizi xatırlayıram. Sabah mitinq edəcəkdik və Azadlıq Meydanına gedəcəkdik. O zamanlar həmin Meydan hələ Azadlıq adını daşımırdı, Lenin Meydanı idi, amma biz ona Lenin Meydanı da demirdik, eləcə «Domsovetin qarşısı» deyirdik.
Biz bu qərarı verdik və gecə ilə bütün hazırlıqları başa çatdırdıq. Sonralar «universitet» adlandırılan o zamanlar isə hələ «institut» adlanan Politexnik, İnşaat, İncəsənət, Xalq Təsərrüfatı… institutlarına əlaqəçiləri göndərib qərarımızı bildirdik.
17 Noyabrda səhər tezdən o mitinq Bakı Dövlət Universitetinin qarşısından başlandı. Elmlər Akademiyasının qarşısına çatanda artıq, ən azı, 15 min nəfərlik bir izdiham vardı və bu izdiham indiki Milli Məclis, o zamankı Ali Sovet binasına tərəf prospektlə hərəkət etməyə başladı. Yolda iki yerdə polis kordonu ilə toqquşma oldu. Şəhər polisi mərhum Fətullah Hüseynovun rəhbərliyi altında idi və nəyin bahasına olursa- olsun, bu axını dayandırmaq göstərişi almışdı. Amma prospektlə irəlilədikcə, izdiham sürətlə böyüyürdü, qarşısıalınmaz hala gəlirdi. Son toqquşma Ali Sovetin yaxınlarında, İndiki MTN (deyəsən, o da daha «indiki» deyil) binasını keçdikdən sonra baş verdi. Həm də ən aqressiv toqquşma. Bizim fakultədə, bizimlə bir kursda oxuyan Abdurrəhmanova (ya da Abdulrəzzaqova idi) Ruziyyənin qolunun sındığını xatırlayıram. Daha sonra polisə gətirildiyimi xatırlayıram. Bir neçə polis (onlardan biri şəxsən Fətullah Hüseynov idi) məni sürüyüb polis maşınına atdılar. Amma izdiham polis kordonunu yarıb getdi…
Nizami metrosu tərəfdə Yasamal polis idarəsinin koridorunda aksiya zamanı tutulub gətirilən daha 10-15 nəfər gənc vardı. Səs-küy aləmi başına götürmüşdü. Bir baş leytenant mənə yaxınlaşdı. İroniya ilə «sən niyə hay-küy salmırsan»- dedi. «Mənim zamanın hələ gəlməyib», dedim. Təqribən bir saat sonra bir dəstə polis İdarəyə dəbilqə-qalxan və dəyənəklər daşıyıb tökdülər. Həmin baş leytenantın yanına getdim və «Mənim zamanım gəldi»- dedim- «buraxacaqsınız, indi, həm də, səssiz-küysüz». Bu sözü deməyə güclə macal tapmışdım ki, ratsiya ilə yayılan xəbəri eşitdim.. «Bütün dəstələr geri çəkilsin, adamlara mane olmayın!». Bundan daha 10-15 dəqiqə sonra bir mayor və iki də mülki geyimli polis mənə yaxınlaşdı və «Bizimlə gedək, orada səni tələb edirlər»-dedi…
17 noyabr mitinqinin elan edilən məkanda baş tutduğu bunsuz da gün kimi aydın idi.
Meydanda dekabrın 5-nə qədər davam edən oturaq mitinq başlamışdı… Biz, yəni universitet tələbələri bu mitinqin tribunasından özümüzü gözə soxmağa ehtiyac görmədik. Bizim məqsədimiz xalqı o Meydana toplamaq idi. Noyabrın 16-da axşamkı iclasda «Mitinqi kim idarə edəcək» sualı səslənəndə Əli Kərimlinin dediyi sözü xatırlayıram. «Biz çox gəncik. Millət qarşısında daha təcrübəli adamların, ziyalılarının olduğunu görməlidir ki, daha da ürəklənsin, sahibsiz olmadığını görsün».
Və biz o Meydanın idarə edilməsinə bənd olmadıq. Düz də etdik. Biz yetişməkdə olan bir nəslin, azman bir gəncliyin təmsilçiləri olaraq üzərimizə düşəni etmişdik. İndiki gənclik üçün böyük bir örnəyi yaratmışdıq. Bunu yaxşı xatırlayıram.
Nə dəyişdi? Çox şey dəyişdi. Çox böyük hadisələr baş verdi. Amma həm də çox ağrılı proseslər baş verdi. İndi Meydan boşdu. O Meydanın yetişdirdiyi cəmiyyət də sındı, daha cəmiyyət deyil. İndiki gəncliyin hansı missiyalara hazır olduğunu da deyə bilmərəm. Gənclik haqqında ağır sözlər danışmaq mənlik deyil. Zatən, çox böyük ağırlıqlar var, Repressiyalar, korrupsiya, rüşvət, danos, dağınıq iqtisadiyyat, devalvasiya olan tədavül vasitəsi, deqradasiya olunan ictimai dəyərlər… hər şey Sovet hakimiyyətinin o illərini xatırladır. Sanki yeni bir xalq hərəkatını başlamaq əzmində olan daha bir iddianın doğuluşu kimi intizar var.
Xatırlayıram ki, Dirçəliş günü adlandırılan 17 noyabr prosesinin nəticələrini necə sındırıb dağıtdılar, bu dağınıqlıq hər gün azərbaycanlıları daha da balacalaşdırır, çarəsiz və binəsib edir. Nəyin çatışmadığı da gün kimi aydındır. Xalqı səfərbər edəcək bir təkan çatışmır. Sovet xofunun eybəcər təkrarı olan bu qorxunu sındıra biləcək bir təkan. O təkanı da kimlərsə yaratmalıdır, eləmi? Marsdan gələnlər… Başqa planetlilər. Yad ellilər… O zaman Azərbaycan xalqı nə üçün lazımdır ki? Bəlkə bu ölkəni də o gözləntilərə qurban verib çıxaraq o sevdanı başımızdan? Bəlkə heç kimə verməyək bu Vətəni? Onun bu millətə aid olduğunu kimlərinsə gözünə soxaq? Amma bunu bir yerdə etməliyik. Hamılıqla. 1988- ci ildə, 17 noyabrda olduğu kimi!…

Qənimət Zahid