Azərbaycanın ərzaq bazarı təhlükədə

Ölkə ərzağa olan tələbatını ödəməkdə çətinlik çəkir

Vahid Məhərrəmov: «Ölkədə həm daxili istehsal zəifdir, həm də idxal inhisardadır»

Azərbaycan Qlobal Ərzaq Təhlükəsizliyi indeksi üzrə 113 ölkə arasında 57-ci yerdədir. “The Economist Intelligence Unit” beynəlxalq təşkilatının məlumatına görə, Azərbaycan 100-dən 57,1 bal toplayıb. Bu göstərici ilə Misir və Vyetnamla qonşudur. Postsovet məkanında (Baltikyanı ölkələr istisna olmaqla) Belarus liderdir. Bu ölkə 46-cı yerdə qərarlaşıb. Hesabata görə, Azərbaycan ərzaqa olan tələbatının yarsını ödəyir.

 kend

Amma bu rəqəmlər statistika ilə ziddiyyət təşkil edir. Dövlət başçısı da daxil olmaqla aidiyyatı məmurlar bəyan edir ki, ölkənin ərzaq təhlükəsizliyi təmin edilib. Idxaldan asılılıq isə təhlükəli həddə deyil.

Kənd Təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirdi ki, ölkədə ərzaq, kənd təsərrüfatı məhsullarına tələbatın yalnız 40-45 faizi ödənir. Yerdə qalan idxalın üzərinə düşür: “Bu ilin beş ayı ərzində ət idxalı 31 faiz, kərə yağı 37, meyvə-tərəvəz idxalı 35 faiz, çay idxalı 67 faiz, bitki yağı idxalı 14 faiz, şəkər idxalı 28 faiz artıb. Son 5 ayda isə ölkəyə 556 min ton buğda idxal olunub. Bu, bizim 5 aylıq ərzaq buğdasına tələbatımızın 100 faiz ödənilməsi deməkdir.ÿYəni tələbatın 100 faizi idxalın hesabına ödənilir. Digər tərəfdən də ixracımız azalır. Çay ixracı 70, bitki yağı ixracı 82, şəkər ixrac 53 faiz azalıb. Meyvə tərəvəz ixracı ona görə atrıb ki, ölkəyə beş ayda 186 min ton meyvə-tərəvəz idxal olunub. Bunun 107 min tonu ixrac olunub. Demək olar ki, əsas kənd təsərrüfatı məhsullarının istehsalında çox ciddi geriləmələr var. Ölkə də beynəlxalq normaya uyğun qidalanmır. Beynəlxalq normada bir adam illik 80 kq ət yeməlidir. Bizdə bu 35 kq-dır. Uşaqlarda bu göstərici 30 kiloqramdır. Süd 360 litr olmalıdır, bizdə 280 litrdir. Bir insan üçün yumurta norması 280 ədəddir, bizdə bu rəqəm 140-dır. Biz heç bir göstərici üzrə lazımi qədər qidalana bilmirik”.

V.Məhərrəmova görə, Azərbaycan hökuməti minimum əmək haqqını müəyyənləşdirmək üçün kənd təsərrüfatı məhsullarının siyahısını tərtib edib. Bu siyahıda normadan fərqli olaraq əksər məhsullar iki dəfə az göstərilib. Bundan başqa əhalinin gəlirinin aşağı olması normal qidalanmağa da imkan vermir: “Gəlirlər imkan vermir ki, əhali müəyyən edilmiş normalara uyğun qidalansın. Idxal inhisarda olduğundan ölkəyə gətirilən məhsul dəyərindən artıq qiymətə təklif olunur. Bu da imkan vermir ki, ölkə əhalisi üçün ərzaq qida məhsulları əl çatan olsun. Bizim bazarda qiymətlər dünya bazarından xeyli yüksəkdir. Bu göstərici təqribən 35-40 faizdir. Bəzi məhsullarda hətta iki dəfə çoxdur”.

V.Məhərrəmov bildirdi ki, ölkədə həm daxili istehsal zəifdir, həm də idxal inhisardadır. Bütün bunlar ölkə əhalisinin normal qidalmasına imkan vermir.