Bir şillə iki təpiklə… manat da yıxıldı

Şahvələd Çobanoğlu

“Iqbal Ağazadə 2003-cü ildən sonra insanlar arasına çıxmamalıydı. O, bir şillə, iki təpikdən sonra televiziyaya çıxıb, silahdaşlarının üzünə durub onların həbsinə səbəbkar olan kəsdir. Indi bu insan siyasətdən, yüksək dəyərlərdən danışır. Ona görə də onun heç Azərbaycan siyasətində yeri yoxdur. Prokurorluq orqanlarında onun öz silahdaşları və həmfikirlərinin əleyhinə yazdığı kifayət qədər izahat var. Lazım olsa, çıxarıb, mətbuata təqdim edəcəyik”.

Bu sözlərin Səyavuş Novruzov tərəfindən deyildiyini bilirsiniz. Yaxın günlərdə boş qalan bir dairə üzrə Milli Məclisə guya seçki keçirildi və yaranmış mübahisədə Səyavuş müəllim yenə də bu cür gözəl bir çıxış söylədi.

Ilham Əliyevin “bir şillə iki təpiklə” qurduğu demokratiyanı bundan gözəl kim təsvir edə bilərdi?!

Işgəncə faktını etiraf edirlər – deyirik… Doğrudan da etirafdır. Adamları başqalarının üzünə qoymaqla rəqiblərini həbs etdiklərini boyunlarına alırlar. Prokurorluq orqanlarının YAP-ın repressiya alətinə çevrilməsi də bu çıxışda təsdiq edilir. Normalda Səyavuş Novruzov istintaqa çağırılıb dindirilməli, söylədiyi cinayət hadisəsi araşdırılmalıdır. Amma bunlar olmayacaq, həmin etiraflar da xüsusi əhəmiyyət daşımayacaq. Fakta qaldıqda isə ölkə içində də, ölkədən kənarda da Azərbaycan hakimiyyətinin bu əməllərindən hamı xəbərdardır.

Dorğudan da, bunlar 2003-dən bu yana “bir şillə iki təpiklə” böyük uğurlar qazanaraq gəlirlər. Gəlirləri, qazancları sel kimidir, söz ola bilməz. Hakimiyyət qorunub saxlanıb, bir xalqa bu qədər zülm edib  hakimiyyəti qoruya bilmək də az iş deyil, buna da söz ola bilməz.

“Bir şillə iki təpiklə” nəinki Iqbal Ağazadənin yönünü, bütöv bir xalqın iqbalını döndərdilər. Müstəqillik zəhərə döndü ölkə üçün.

“Bir şillə iki təpiklə” mövqeyini dəyişməyən, çarpışan, çalışan çox sayda insan da var. Amma Azərbaycanın taleyinin təpik-şillə ilə döndərildiyi fakt olaraq qalır.

Səyavuş Novruzov bunlarla öyünə də bilər. Amma bir az düşünsə, anlayar ki, həmin təpik-şillələr onun özünün və partiyadaşlarının da iqbalını döndərməkdədir. Gec-tez tarix onları da sorğulayacaq, onlardan da hesab sorulacaq – hətta təpik-şilləsiz.

Bir geçəkdir ki, elə həmin təpik-şillələrlə həyata keçirilən siyasət nəticəsində ölkə bu gün dillərini gödək edən günlərə gəlib çıxıb. Azərbaycanı zəngin neft səltənətindən, əngin səfalət ölkəsinə çevrilib. Əslində, Səyavuşlar da xalqın üzünə çıxmaz hala gəliblər. Tarix onların gətirdiyi uğursuzları az görüb. Hamısı da həmin təpik-şillələr hesabına.

***

Təpik-şillə təkcə vətəndaşları yıxmır, Vətəni də yıxır.

***

Təpik-şillə zehniyyəti yıxa-yıxa gedir! Manatı da bir şillə, iki təpik yıxdı.

Təpik-şillənin həll edə bilmədikləri…

Ötən həftə Rusiyada Peterburq Beynəlxalq Iqtisadi Forumu keçirildi. Hesab etmirəm ki, forum ciddi əks-səda doğurdu. Siyasətin və hakimiyyəti qorumağın iqtisadi və hüquqi amilləri üstələdiyi bir ölkədə nə qədər yaxşı təşkil edilsə belə, forum da formal xarakter daşıyır. Amma tədbirin sessiyalarının birindən yayılan video-çıxış sosial şəbəkələri silkələmiş oldu. “Texnologii – propusk v zavtra” adlı plenar sessiyada səslənən çıxış dünyanın ən məşhur universitetlərindən olan Massaçusets Texnologiya Institutunun professoru Loren Qrehemə məxsusdur. Amerikalı alim sual edir ki,  niyə Rusiyanın böyük alimləri və kəşfləri var, amma iqtisadi inkişafı yoxdur, həmin elmi potensial xeyir gətirmir. Cavabında isə deyir ki, sən azadlıqları, tənqidi səsləri boğursansa, mitinqləri dağıdırsansa, korrupsiya və cinayətkarlığa nəzarət edə bilmirsənsə, elə inkişafı boğursan, elm və alimlər neyləsin. Yəni təpik-şillə ilə inkişaf olmur! Təpik-şillə uğursuzluq deməkdir bütün hallarda!