Qubad İbadoğlu ilə polemika deyil…

 

Bu gün ölkənin gündəmi ilə tanış olmaq üçün dövri mətbuata nəzər yetirəndə sayğılı Qubad İbadoğoğlunun Mədən Sənayesində Şəffaflıq Koalisiyası ilə bağlı verdiyi müsahibə gözümə dəydi. Başlığı da, mətni də oxudum. Deməzdim ki mətni oxumağa məni başlıq məcbur etdi. (Qubad bəyin bütün yazılarını, açıqlamalarını oxuyuram, bilirəm ki, mənim və ölkədə çoxlu sayda insanların diqqətini cəlb edən, bəyənilən və istedadlı iqtisadçılarımızdandır). Əlbəttə, başlıq da kifayət qədər cəlb edici idi. «İlham Əliyev bir sərəncamla Azərbaycanı xilas etdi» şəklində bir sərlövhə əlavə motiv yaratmalı idi ki, söhbət hansı ,,xilas,, əməliyyatından və hansı sehrli sərəncamdan gedir. Oxudum, məzmununa bələd oldum və öz fikirlərimi lakonik şəkildə bildirdim, bir az da yumor qataraq facebooka ilk təəssüratımı yazdım. Orada çoxları müxtəlif qeydlər ediblər və uzağa gedən nəticələr çıxarıblar, ona görə də bu yazı ilə bir qədər daha geniş açıqlama verməyi zəruri saydım. (Əlavə edirəm ki, bu məsələni aktuallıqda saxlamaq naminə Azərbaycan Saatının növbəti proqramında bu məsələyə daha geniş münasibət bildirəcəyəm).

Qubad bəyin müsahibəsində bir fikir vurğulanır ki, İlham Əliyev MSŞT-nin təkliflərini nəzərə alaraq bu koalisiyaya daxil olan təşkilatların qeydiyyat problemlərini həll edib, həmin təşkilatların qrant məsələlərinin sadələşdirilməsi üçün pir pəncərə sisteminin yaradılması üçün sərəncam verib. Yəni, bunlar QHT sektorunda islahatlar cəhdi və niyyəti kimi təqdim edilib. Vəziyyətin yumşaldılmasının anonsu kimi təqdir edilib. Bütün bunlar yaxşıdırmı?
Əvvəlcə onu deyim ki, niyə MSŞT (Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü) nədir və niyə hökumət bu təşkilatla hesablaşmaq istəyir?
Çox sadə dildə izah etsək, belə nəticə çıxır ki, hökumətin pulu qurtardığına görə böyük kredit almaq üçün Beynəlxalq Mədən Sənayesində Şəffaflıq Koalisiyasının şərtlərini təmin etməlidir. Bu beynəlxalq qurum, qeyri- hökumət təşkilatıdır, amma onun rəyi böyük- böyük dövlətlər və maliyyə nəhəngləri üçün əsasdır. Onlar kredit üçün müraciət edən dövlətlərin həmin kreditdən necə istifadə edəcəklərini öyrənmək üçün Beynəlxalq Mədən Sənayesində Şəffaflıq Koalisiyasının hesabatlarına və qərarlarına baxırlar. Əgər ölkədə azadlıqlar yoxdursa, ictimai nəzarətin ən mühüm institutu olan vətəndaş cəmiyyəti sıradan çıxarılıbsa, korrupsiya yayğındırsa, o halda hesab edilir ki, kreditin geri qaytarılmasına risqlər var və buna görə də kredit verilmir. İndi Azərbaycan hökumətinin pulu yoxdur, 20 ildir ki, neft çıxarıb, satır və əldə edilən pulu da basıb yeyiblər, oğurlayıblar, dağıdıblar. İndi kredit axtarırlar. Krediti ona görə axtarırlar ki, təzədən oğurlasınlar, çünki kredit ala bilsələr onu indilərdə yox, ən azı 10 il sonra bizim övladlarımız, gələcək nəsil qaytaracaq. Gələcək nəsli də o qədər qısnamaq olmaz axı, yaxud, bəlkə bu hökumətin aldığı kreditdlərdən vəhşicəsinə istifadəsi o həddə çatdı ki, onu heç gələək nəsillər də qaytara bilmədi… Belə də ola bilər. Buna görə də Beynəlxalq Koalisiyanın şərtləri və tələbləri çox önəmlidir. İlham Əliyev də kredit və borc axtarışında vəziyyətini yaxşılaşdırmaq üçün MSŞT- nın bəzi təkliflərini göydə tutub, bir iki sərəncam verib həm yerli ictimaiyyəti, həm də beynəlxalq ictimaiyyəti aldatmaq istəyir. İndi Azərbaycan Beynəlxalq Mədən Sənayesində Şəffaflıq Koalisiyasında üzvlükdən namizədliyə endirilib. Bundan o tərəfi koalisiyadan çıxarılmaq, amma vəziyyəti düzələrsə təkrarən üzv statusuna qaytarılmaq ola bilər. Qubad bəyin müsahibəsində səslənən iradlara da bu müstəvidən keçmək istəyirəm.

Facebookda qeyd etdiyim statusa Qubad bəy də yorum yazaraq məni, anladığım qədər, qərəzli olmaqda, bir az da anladığım qədər radikal mövqe tutmaqda, bir az daha da anladığıma görə bu problemləri şişirtməkdə ittiham etmək istədi. Xüsusilə vurğulamaq istəyirəm ki, Qubad bəyə qarşı heç bir qərəzim yoxdur. Bu qərəzi formalaşdıracaq bir çevrənin adamı deyiləm və hətta sonradan da maraqlandığıma görə mənim MSŞT- da olan dostlarım Azərbaycan üzrə koordinator seçkilərində başqasına deyil, Qubad İbadoğluna səs veriblər. Şübhə etmirəm ki, mən də onların arasında olsam, Qubad bəyə səs verərdim. Bundan əlavə, başda Qubad İbadoğlu olmaqla, həmin MSŞT-na təklif edirəm ki, Turan TV-də özlərinin istədikləri zamanda, dövrilikdə və müddət ölçüsündə bir proqram hazırlayıb efirə versinlər. Bu da olsun mənim MSŞT-na hədiyyəm.
Buna görə də, qərəz məsələsini dostcasına götürüb tullayıram kənara.

Radikal mövqe tutaraq problemləri şişirdirəmmi? Çalışacam, izah edim ki, belə bir şey də yoxdur. Sayğılı Qubad İbadoğlunun bu müsahibəsinə məndən daha sərt mövqeyi dəyrəli dostumuz və vətəndaş cəmiyyətinin ünlü isimlərindən olan sabiq vicdan məhbusu Anar Məmmədli bildirmişdi və mən hesab edirəm ki, Anar Məmmədlinin bu iradı haqlı iraddır.

«Təəssüf edirəm ki, Qubad bəyin bu müsahibəsində ölkədə təmsil olunan vətəndaş cəmiyyəti təşkilatlarının problemlərinə münasibətdə ayrımçılıq və səthi qiymətləndirmə var. Belə anlaşılır ki, VCT-lərin problemləri sırasında yalnız MSŞT-ya üzv olanların məsələsi prioritetdir. Bu ayrımçılıqdır. İkincisi, ölkə başçısının sərəncamı qanunvericlikdə və praktikada mövcud problemləri aradan qaldırmır. Nəhayət, hazırda beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycan vətəndaş cəmiyyətinin problemləri ilə bağlı tamamilə prinsipial mövqe nümayiş etdirdiyi halda yerli QHT-lərin yumşaqlığı anlaşılmazdır».

Mən də Anar bəyin bu münasibətini genişləndirmək istəyəcəm.
Birincisi, indi ölkədə 160 nəfərdən çox siyasi dustaq var və bunların da mühüm hissəsi vətəndaş cəmiyyətinin fəallarıdır. Onları bir ucdan tutmaqda davam edirlərsə, İlham Əliyevin qeyri höpkumət təşkilatlarının qeydiyyatının sadələşdirilməsi ilə bağlı hansısa sərəncam verməsinin nə əhəmiyyəti var? Kimsə QHT yaradacaq, onu sadələşdirilmiş normalarla qeydə alacaqlar, sonra da birinci döngədə tutub basacaqlar içəri. Üstəlik, axı, İlham Əliyevin verdiyi sərəncam, ümumiyyətlə bütün vətəndaş təşəbbüslərinə aid deyil. Prezident sərəncamı isə qanunlardan üstün deyil. Azərbaycanda qeyri hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən, bəlkə də, daha tənzimləməyən, onları sıradan çıxarmaq üçün qəbul edilən mürtəce qanunlar külliyyatı yaradıb, sonra onların üstündə lələk kimi əsməcəsi tutan bir sərəncam qoymaq nə qədər ciddi islıahat niyyətidir? Bir prezident üçün bu qədər sahələşdirilmiş, sektorlaşdırılmış, daraldılmış bir sərəncam vermək, yumşaq desək, normal deyil. . .
İkincisi (bundan sonra saymayacağam), ölkədə hətta həmin bu MSŞT-nın ekspertlərinin, təsisçilərinin, İdarə Heyəti üzvlərinin mövqelərini səsləndirə biləcəkləri tribuna daha qalmayıb. Mən ictimai tribunanı nəzərdə tuturam. Yəni, müstəqil mətbuat sıradan çıxarılıb. Sonuncu qəzet olan Azadlıqın çap versiyası dayandırılıb. Ən azı, müstəqil iqtisadçıların arabir danışmaq imkanlarının olduğu ANS kanalı da qapanıb. Hüquq müdafiəçiliyi işi indi Azərbaycanda kriminal fəaliyyət sayılır. Bu kriminalın davamı olaraq, hətta bu koalsiyanın təsisçilərindən ikisi Asif Yusifli və Fuad Qəhrəmanlı saxta ittihamlarla həbs ediliblər. Vətəndaş cəmiyyəti davamlı olaraq zərbələr almaqdadır. Təsəvvür edin ki, yalnız bir sanksiyalaşdırılmış mitinqə görə inzibati hakimiyyət 250 nəfərdən artıq vətəndaşı ən kobud şəkildə sorğuya çəkib, onlarla insanı inzibati həbslə cəzalandırıb.
İlham Əliyevin hansı sərəncamları verməsindən asılı olmayaraq, ölkədə qanunçuluq məhv edilib, özbaşına, kütləvi saxtakarlıq yolu ilə dəyişdirilən Konstitusiya da şəxsi mülkiyyət toxunulmazlığı hüququnu tanımayacaq hala gətirib. Seçki saxtakarlıqlarının əyani sübutlarından biri də budur ki, son zamanlarda Avropa Məhkəməsinin icraatında olan və ya artıq qərar qəbul edilən 60-dan çox şikayət ərizəsi var. Onların hamısı şikayətçilərin ərizəsinin təmin edilməsi ilə, yəni saxtakarlığın Avropa Məhkəməsi səviyyəsində də təsdiq edilməsi ilə səciyyələnir.
Bütün bunlar ölkədə demokratiyanın və təbii ki, həm də onun əsas göstəricisi olan şəffaf idarəetmənin mövcudluğu haqqında danışmağa imkan vermir. İlham Əliyev isə hansısa sərəncam verib Mədən Sənayesində Şəffaflıq Təşkilatına daxil olan qeyri hökumət təşkilatlarının problemlərini yüngülləşdirib. Həll etməyib. Yüngülləşdirib. Mart ayında, Qubad bəyin də təsdiq etdiyi kimi, Azərbaycanın üzvlük- namizədlik məsələsinə yenidən baxılacaq. Nə olacaq? Biz səs verəcəyik ki, artıq hər şey yaxşıdır və Azərbaycanı bu koalisiyanın tam hüquqlu üzvləri sırasına daxil etmək olar? Bu səsi nəyə görə verəcəyik?(Yaxud, ola bilər ki, orada səs vermə deyil, hansısa başqa prosedurlar var və məni diletantlıqda ittiham etməsinlər deyə mötərizənin içindəki bu qeydi edirəm).
Tamam, aydındır, İlham Əliyev MSŞT-ı üçün problemləri həll edib. Amma bütün Azərbaycan? Bəs bu koalisiyaya daxil olmayan yüzlərlə qeyri hökumət təşkilatı, onlarla siyasi dustaq, qapadılan qəzetlər, təhdid edilən jurnalistlər, boöulan söz azadlığı?.. Bütün bunları boş verəkmi? Bunlar «bizdən deyil» eləmi?

Bax, elə buna görə də, fərqli görünən mövqeyimi izah etməyə məcbur oldum. Biz on illərdir ki, yalnız «özümüzə yaxşı olsun» məntiqi ilə hərəkət etsək, yəqin ki, hər şeyi daha yaxşı edərdik. Bu məntiqi seçmədik. Seçməyəcəyik.
Sonra bir daha vurğulayıram ki, indi Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün daxilində Qubad İbadoğlunun təmsil etdiyi komandanın əməyini, cəhdlərini yüksək qiymətləndirirəm. Onların hansı çətinlikləri dəf etməli olduqlarını da yaxşı başa düşürəm. Onu da istisna etmirəm ki, bu komandaya qarşı bizim təsəvvür edə bilmədiyimiz təzyiqlər də ola bilər və əgər həqiqətən də belə ətzyiqlər varsa, bunlar haqqında cəmiyyəti məlumatlandırmaq vacibdir. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü indi Azərbaycan diktaturasına təsir etmək üçün ən optimal mexanizmlərdən biridir. Bu mexanizmdən yalnız həmin alyansa daxil olan adamların və təşkilatların problemlərini həll etmək üçün yararlanmaq çox səmərəsiz olardı və bu, həmin komandaya daxil olan adamların missiyası ilə uyğunlaşmır. Bəlkə, belə deyil?..
(Bir daha vurğulayıram ki, bu yığcam reaksiyadır. Daha geniş təfsilatı isə Azərbaycan Saatında təqdim etməyə çalışacam).

Qənimət Zahid