Elmar Vəliyevin oğlunun silahlı macərası

 

Bu il iyul ayının 9-da azerbaycansaati.tv Gəncənin icra başçısı Elmar Vəliyevin oğlunun bir qalmaqalı barədə yazı dərc etmişdi. Xəbər bundan ibarət idi:

“Ara qarışıb, məzhəb də itib. Bu qarmaqarışıqlıqda Gəncənin icra başçısı Elmar Vəliyevin oğlu Bakı şəhərində qarışılıqlı mübahisə zəminində bir nəfəri güllələyib. Xoşbəxtlikdən, ölüm- itim olmayıb. Hadisənin üstü dərhal ən yüksək səviyyədə qapadılıb və təbii ki, şikayətin də olmaması, qeydə alınmaması üçün bütün vasitələr işə salınıb. Hadisə, təqribən 10 gün əvvəl olub.

Elmar Vəliyevin oğlu Elmir Vəliyevin Bakıda dəbdəbəli həyat sürdüyü bəllidir. O, Milli Məclisdə işləyir. Bu yaxınlarda onun hansısa xarici ölkəyə diplomatik işə göndəriləcəyi ilə bağlı xəbərlər də yayılmışdı. Görünür ki, Elmir Vəliyevi Cənubi Amerika ölkələrindən birinə diplomatik işə göndərə bilərlər və buna görə də Bakı küçələrində silahla davranış təlimi keçir…”.

Həmin material yayıldıqdan sonra azerbaycansaati.tv ilə əlaqə saxlayan bir nəfər Gəncə şəhərindən olduğunu və bu hadisə barədə xəbərin təhrif edildiyini bildirmişdi. Yəni, naməlum adam bu yazını təkzib etmişdi və biz də onun təkzibini saytdakı materiala əlavə etdik.

Bu günlərdə isə həmin hadisənin təfsilatı ilə bağlı daha ətraflı məlumat daxil oldu. Bu məlumatı, əlbəttə, hüquq mühafizə orqanlarındakı qaynaqlardan əldə etdik. Mənbə bildirir ki, həmin hadisə gerçəkdən baş verib. Yəni, Elmar Vəliyevin oğlu Elmir Vəliyev həqiqətən də bir nəfəri güllə ilə vurub, amma hadisənin üstü ört-basdır edilib və yaralanan şəxs də müalicədən sonra salamatdır.

Hadisə isə belə baş verib. Deməli, Elmar Vəliyevin yeznəsi Ceyhun Həsənovun Bakıda bir mübahisəsi düşüb. Bəlli olduğu kimi, Elmar Vəliyevin yeznəsi Ceyhun Həsənov Kərəm Həsənovun oğludur, amma Ceyhun Həsənovun davası başqa bir motiv üzərində olub. Həmin motivi yazmırıq. Mübahisənin gedişi onunla nəticələnib ki, Ceyhun Həsənovu möhkəmcə əzişdiriblər. O da, bu barədə qaynı Elmir Vəliyevə məlumat verib. Elmir Vəliyev Ceyhun Həsənovu döyənlərlə görüşüb, mübahisəni davam etdirib və onlardan birini güllə ilə yaralayıb. Hadisə nəticəində ölən olmadığını qeyd etdik, zatən.

Baş vermiş hadisədən hüquq mühafizə orqanlarının rəhbərlərinin, o cümlədən şəxsən Ramil Usubovun və Zakir Qaralovun məlumatı olub, amma nüfuzlu valideynlər bu gülləbaran əməliyyatının üstünü örtməyə nail olublar. Proses bununla da başa çatıb.

azerbaycansaati.tv