Turistlər və heyvanlar

Əbil Həsənov
Təbiət kəndimizə qarşı səxavətli davranmışdı. Dağların qoynunda, yaşıllıqların əhatəsində cənnətdən bir guşəyə bənzəyirdi, desəm, elə də yanılmış olmaram. Yayda əlvan xalını xatırladan çəmənlikləri, qışda başı qarlı dağları insanı özünə valeh edirdi. Payızın da burada öz gözəlliyi var idi, yazın da. Yaxınlığdakı göl isə kəndə xüsusi gözəllik verirdi. İlk baxışda buranın insanlarını bəxtəvər hesab etmək olardı. Əlbəttə, belə gözəl yerdə yaşamaq hər adama nəsib olan şey deyildi. Amma, buranın da bir ciddi problemi vardı – o da sakinlərinin işsizliyi. Kənd sakinləri iş tapa bilmirdilər. Nəticədə onların çoxu kəndi tərk edərək böyük şəhərlərə getmiş, bir parça çörəyə görə, özlərinin təbirincə desək, “palçıqlı havanı udmağa” məcbur olmuşdular. Buradan başqa yerdə yaşaya bilməyib kənddə qalanlar da az deyildi. Onlar əkinçilik və maldarlıqla məşğul olur, dolanmağa çalışırdılar. Lakin, bu adamların da günlərinin xoş keçdiyini demək olmazdı.
Son illər kənddə maşınların sayı artsa da, yenə də gələn maşınları ilk dəfə idi ki, canlı görürdük. Bahalı, par-par parıldayan maşınların bizi fəlakətə sürükləyəcəyini o vaxt təsəvvür edə bilməzdik. Kəndə ayaq açan ilk xarici maşınla bizim də problemlərimiz birə-on artdı. Tezliklə kənddə dəbdəbəli evlər, böyük villalar tikilməyə başlandı. Əslində hər şey bizim xeyrimizə idi, ən azı o ilk vaxtlar elə düşünürdük. Kənd əhalisi tikinti işlərinə cəlb olunur, məhsullarını gəlmələrə satır və beləliklə də gəlir əldə edirdilər. Ancaq bu rahatlıq çox çəkmədi. Tezliklə hər şeyin ahəng içində yaradıldığına inandığımız yerdə səs-küy, çığır-bağır səsləri yüksəlməyə başladı. Villaların həyətlərində məclislər, qonaqlıqlar sakit həyatımızı cəhənnəmə çevirdi. Üstəlik, artıq böyüyüb boya-başa çatdığımız kəndimizdə yad adama çevrildik. İndi nəinki həmin villalara, heç onların ətrafına belə yaxınlaşa bilmirdik. Iş o yerə çatmışdı ki, meşəyə belə girməyimizə icazə verilmirdi. Hər tərəf hasarlanmış, bulaqlar zəbt edilmiş, otlaq sahələri özəlləşdirilmişdi.Onlar villalarının çirkab sularını kəndin əkin sahələrinə buraxırdılar. Problem bununla da bitmirdi günlərin bir günü bizə artıq mal-qara, toyuq cücə saxlamamalı olduğumuzu dedilər. Guya heyvanların səsi villa sahiblərinin istirahətinə mane olurmuş. Qərar qəti idi və əməl etməyəni həbs gözləyirdi. Adamı yandıran isə bu işdə rayon rəhbərliyinin və onların kənddəki əlaltılarının da xüsusi canfəşanlıq etməsi idi. Heç vaxt ağlımıza da gəlməzdi ki, nə vaxtsa bizə doğma olan kəndimizi tərk etmək istəyərik. Bir qisim artıq əlində olanları sataraq şəhərə gedib. Artıq biz də xoşbəxt və qayğısız günlər keçirdiyimiz bu kəndi tərk etmək üzrəyik. Hara getməli, nə etməli, bunu isə heç bilmirik …