Turan TV yayına başladı! (video)

“Azərbaycan saatı” teleproqramının müəllifi, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin təsis etdiyi “Turan” telekanalı – Turan TV fəaliyyətə başladı. Əvvəlcədən də elan edildiyi kimi, telekanal oktyabrın 8-dən ekranlara çıxıb.

Tamaşaçılar Azərbaycanda alternativ fikrin yeganə ifadəçisi kimi maraq və səbrsizliklə gözlədikləri “Azərbaycan saatı”na da bundan sonra Turan TV-də baxacaqlar. Zatən, Turan TV Azərbaycanla bağlı həqiqətlərin carçısı olmaq niyyətilə yaradılıb. Kanalın yaradıcısı Qənimət Zahid belə deyir. Kanalda Azərbaycanla bağlı bir sıra müəllif proqramları yayımlanacaq. Turan TV həmçinin, avtoritar idarəçilikdən əziyyət çəkən Orta Asiya respublikaları barədə də həqiqətləri işıqlandırmağa çalışacaq.

Hazırda telekanal test rejimi ilə işləyir. Bu baxımdan ilk vaxtlarda müəyyən texniki problemlər ola bilər. Telekanalın təsisçisi Qənimət Zahid bildirir ki, yayım üçün vacib olan bütün texniki hazırlıqlar görülüb. İlk vaxtlarda müşahidə olan biləcək qüsurlar isə ən tez zamanda aradan qaldırılacaq. Kanalın heyəti tamaşaçılardan təkliflər də gözləyirlər. Telekanalla bağlı yaxın hədəflərini isə Qənimət Zahid belə sadalayır.