Azərbaycanda kartel sövdələşməsi

Vahid Məhərrəmov

iqtisadçı ekspert
Nazirlər Kabineti ölkəyə gətirilən bəzi məhsullar üçün yeni və yüksək gömrük idxal rüsumlarını müəyyənləşdirib. Bu qərara münüsibət bildirən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib ki, “Azərbaycana idxal edilən toyuq və yumurta üçün yüksək gömrük idxal rüsumlarının müəyyənləşdirilməsi daxili istehsalın qorunmasına və artmasına hesablanıb”. Çox təəssüflər olsun ki, belə düşünən çoxlu sayda insanlar var. Əvvala onu qeyd etməliyəm ki, 2015 -ci ildə ölkəyə 3,9 milyon ədəd (idxal dəyəri 1 ədəd -3,8 sent) təzə yumurta idxal olunub, bu da ümumi istehlakın heç 0, 01 faizi qədər də deyil. Bu qədər yumurta idxalının qarşısının alınmasının daxili istehsala hansı təsiri ola bilər?! İkincisi, adambaşına illik yumurta norması 280 ədəd olduğu halda, ölkədə adambaşına 160 ədəd yumurta istehsal olunur ki, bu da normanın 55 faizi qədərdir. Təklif az olduğu üçün daxili bazarda yumurtanın qiyməti uzun müddətdir ki, qonşu ölkələrə nisbətən 2-3 dəfə yüksəkdir. Onu da qeyd etməliyəm ki, hər ildə ölkəyə yumurta istehsalı üçün yetişdirmək məqsədilə çəkisi 185 qramadək olan 6 milyon diri ev toyuqları idxal olunur. Ümumiyyətlə yumurta istehsalında istifadə olan əsas vasitələr xaricdən gətirilir. Yuxarıda qeyd etdiyim kimi, diri ev toyuqları, texnoloji avadanlıqlar, dərman pereparatları, genetik materiallar, yem komponentləri və sair. Belə olan halda, yumurta istehsalını artırmaq üçünölkəyə daha çox diri toyuq, texnoloji avadanlıqlar, dərman pereparatları, yem komponentləri idxal etmək və yeni-yeni müəssisələr inşa etmək lazım gəlir. İdxal olunan istehsal vasitələrinin daşınma və digər xərclərini də nəzərə alsaq, bizim istehsal etdiyimiz yumurtanın maya dəyəri yenə də qonşu ölkələrə nisbətən 2 dəfə yüksək olacaq.
Hökumət iddia edir ki, ölkədə 100 min ton quş əti istehsal olunur və bu qədər məhsulla biz daxili təlabatı tam ödəyirik. Xatırladım ki, Sabirabad rayonunda pambıqçılığın inkişafına həsr olunmuş müşavirədə İ. Əliyev demişdir ki, “Bu gün biz özümüzü ətlə tam təmin edirik. Toyuq əti ilə 100 faiz təmin edirik.”

Qeyd etməliyəm ki, Ümumdünya Səhiyyə Təşkilatı müəyyən etdiyi normaya görə il ərzində adambaşına ət norması 84 kiloqram olduğu halda, Azərbaycanda adambaşına istehlak 34-35 kiloqramdır.

Əksər ölkələrdə əhali normaya uyğun və normadan artıq ət istehlak edir. Avropa ölkələrində, Rusiyada, Belorusiyada və əksər postsovet ölkələrində ət rasionunda toyuq ətinin çəkisi 25-30 kiloqram olduğu halda, Azərbaycanda 9-10 kiloqram təşkil edir. Əhalinin qida rasionunda ət və ət məhsullarının az olmasının səbəbi isə bu məhsulların istehsalının az, qiymətin isə yüksək olması ilə bağlıdır. Yuxarıda adı sadalanan ölkələrdə quş ətinin qiyməti 1-1,2 dollar arzsında dəyişir. Azərbaycanda isə toyuq ətinin qiyməti qonşu ölkələrə nisbətdə 50-60 faiz bahadır. Uzun müddət Azərbaycan hökuməti heyvandarlığa, o cümlədən toyuq əti və yumurta istehsalına ciddi fikir verməyib. Hətta dövlət başçısı müşavirələrdə yumurtanın qiymətinin artmasını süni , “kartel sövdələşməsi”adlandırmışdı. İ. Əliyev yumurtanın qiymətini süni şəkildə şişirdənlərin cinayət məsuliyyətinə cəlb olunması barədə dərhal göstəriş verdiyini bidirərək demişdi: “Cinayət işi açılıb və bunu edənlər öz cəzasını alacaqlar”. Onu da qeyd etməliyəm ki, yumurta istehsalı ilə məşğul olan sahibkarlara qarşı cinayyət işləri açılmışdı. Hökumət bu sahədə mövcud olan problemləri çözmək əvəzinə, inzibati qayda ilə qiymətlərin endirilməsinə çalışmışdı. Bu sahəyə məsul olanların savadı, səriştəsi imkan verməyib ki, mövcud olan problemləri dərk edə bilsinlər. Hökumətin qəbul etdiyi “2008—2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dairDövlət Proqramı”nda damazlıq quşçuluq təsərrüfatların yaradılması və damazlıq materialların yetişdirilməsi nəzərdə tutulsa da, bu sahəyə məsul olanlar işlərinin öhtəsindən gəlməmişlər. İl ərzində ölkəyə50 milyon ədəd mayalanmış yumurta idxal olunur. Demək olar ki, sənaye üslu ilə əldə olunan quş ətinin istehsalı üçün lazım olan qenetik material tam olaraq idxaldan aslı vəziyyətdədir. Yumurta istehsalında olduğu kimi toyuq əti istehsalında da istifadə olunan genetikmateriallar, texnoloji avadanlıqlar, dərman pereparatları, yem komponentləri və sair vasitələr əsasən xaricdən gətirilir.
Bu mənada Nazirlər Kabinetinin ölkəyə gətirilən toyuq əti üçün yeni və yüksək gömrük idxal rüsumlarını müəyyənləşdirməsi çox təəccüblüdür. Xatırladım ki, keçən il ölkəyə 7 min ton (idxal dəyəri – 1 kiloqram 80 sent) toyuq əti idxal olunub. Bu qədər ət ümumi istehlakın 7 faizi qədərdir. Düşünmürəm ki, hökumət bu qədər məhsulun idxalının qarşısını almaqla daxili istehsalın artımına nail ola bilsin. Məmurlar hökumətin qərarını “daxili istehsalın qorunmasına və artmasına” hesablandığını bildirsələr də, tam əminliklə demək olar ki, quşçuluğun inkişafı bu sahədə ciddi islahatların aparılmasından keçir. Hökumət islahatların aparılmasına hazır olmadığı üçün inzibati üsullara əl atır. Bu da quşçuluqda mövcud olan problemlərin daha da dərinləşməsinə gətirib çıxaracaq.
İndiki zamanda istehlakçıların vəsaiti hesabına bu sahəni genişləndirmək, qeyri-səmərəli biznesi stimullaşdırmaq kimə və nəyə gərəkdir. Bəlkə bu biznes kiməsə fayda gətirir?