İlham Əliyev və “Virtual dövlətçilik”

Surxan Lətifov

Refrendum qorxulu perspektivlərə aparır

Hər bir ölkənin konstitusiyası həmin ölkənin siyasi quruluşunu, gələcək inkişaf yollarını özündə əks etdirən ali hüquqi sənəddir. Həmin sənəd eyni zamanda, hakimiyyətlə vətəndaşlar arasında əldə edilmiş qarşılıqlı razılaşma – ictimai müqavilədə hesab edilir. Təbii olaraq, cəmiyyətlərdə yeni ictimai – siyasi münasibətlər sistemi meydana gəldikdə mövcud konstitusiyalara əlavə və dəyişiliklər edilir. Həmin dəyişiliklər ilk növbədə cəmiyyətin inkişafına istiqamətlənmiş, vətəndaşların hüquq və azadlıqlarına təminat verən prinsiplərin toxunulmazlığını təmin etməlidir. Lakin, zəmanəmizdə elə dövlətlərdə var ki, konstitusiya həmin ölkələrdə cəmiyyətin inkişafına deyil əksinə, cəmiyyətin inkişafının qarşısıni almağa yönəldilib. Belə ölkələrdən biridə Azərbaycandır.

Mövsümi Konstitusiya

Müstəqil Azətbaycanın ilk konstitusiyası 1995 ci ilin noyabrında qəbul edilmişdi. Ötən 21 il ərzində həmin konstitusiyaya üç dəfə dəyişiliklər edilib.

İlk dəfə 2002, 2009 və nəhayət 2016 cı il sentyabrın 26 da edilmiş bütün dəyişiliklər ölkəyə 2003 cü ildən rəhbərlik edən İlham Əliyevin şəxsi hakimiyyətinin daha da möhkəmləndirilməsinə xidmət etmişdi.

Xüsusilə də, sonuncu dəyişiklik açıq formada arxaik tipli moarxiya sisteminin qurulmasına hesablanmış siyasi aksiyadan başqa bir şey deyil.    

Qəbul olunduğu andan hakimiyyət tərəfindən qətlə yetirilmiş azərbaycan konstitusiyası “ölü doğulmuş uşağı” xatırladır. Bu müddət ərzində ölkədə konstitusiyaya hüquqi güc verə bilmədikləri üçün gücə hüquq vermişlər. Nəzərə alsaq ki Azərbaycanda hakimiyyətin seçki yolu ilə formalaşdırılması faktiki olaraq ləğv edilib, bu zaman, mövcud konstitusiya sadəcə olaraq kağız parçasından başqa bir şey deyil.

O, hamını qovmaq səlahiyyəti istəyir

Təbii olaraq belə bir sual yaranır. Onsuzda qeyri – məhdud hakimiyyətə malik olan İ.Əliyev üçün bu cür qeyri – demokratik dəyişiliklər nəyə görə lazımdı ?. 

İndiki şəraitdə həmin dəyişilikləri şərtləndirən bir sıra faktorlar mövcutdur.

Bir müddət əvvəl Nəqliyyat naziri Z.Məmmədov və  Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş vermiş hadisələr onu göstərdi ki, hakimiyyət daxilində  ən yüksək səviyyəsində qarşılıqlı inam və etimad çoxdan mövcud deyil. Hakim elita  monolitliyini itirib. Bu isə, istənilən ciddi böhranlı vəziyyətdə (bu böhran siyasi, ictimai, sosial  – iqtisadi və beynəlxalq xarakterli sanksiyalar ola bilər)  hakimiyyətin daxildən parçalanması etimalını yaradır. Hakimiyyət daxilində bir neçə güc mərkəzlərinin mövcudluğunu nəzərə alsaq, böhranlı vəziyyətdə məhz həmin daxili güclər Əliyev hakimiyyəti üçün ciddi təhlükə mənbəyi hesab edilə bilər. Vitse – prezidentlik institutunun yaradılması və ona geniş səlahiyyətlər verilməklə Əliyev özünü həmin güclər tərəfindən mümkün ola biləcək təhlükələrdən sığortalamaq niyyətindədir. Heçdə təsadüfi deyil ki eyni zamanda, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilib.

Mövcud şəraitdə  Prezident Administrasiyasının deftərxanası funksiyasını yerinə yetirən parlament  faktiki olaraq, hakimiyyətdaxili güc mərkəzlərinin qanunvericilik orqanına uzanmış əlləridi. Hakimiyyət üçün kritik vəziyyət yarandıqda məhz parlamentin qruplararası siyasi mübarizə meydanına çevrilmə etimalı daha böyükdü. Həmin qarşıdurma isə şəxsən Əliyevlər hakimiyyətinə təhlükə yaratdıqda prezident yeni konstitusiya düzəlişinə əsasən parlamenti buraxaraq bu cür təhlükənin qarşısını almaq imkanı əldə edir.    

Digər tərəfdən, yeni əlavələrə əsasən vətəndaşlar faktiki olaraq mülkiyyət hüququndan məhrum edilir. Bu, əslində ölkənin Əliyevlərin şəxsi mülkiyyəti elan edilməsi mənasındadır. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, bu gün Azəbaycanda iri mülkələr və böyük torpaq sahələri əsasən hakimiyyətdə olan iri oliqarxların əlində cəmləşib. Ancaq bir faktorda diqqətdən qaçırılmamalıdır ki, həmin oliqarxların əmlaklarının və var  – dövlətlərinin əhəmiyyətli hissəsi ölkədən kənarda müxtəlif ölkələrdə yerləşdirilib. Mülkəyyət məsələsi daha çox sadə vətəndaşları və orta ranqlı məmurları narahat edən faktordur. Beləliklə demək olar ki, ölkə iqtisadiyyatı faktiki olaraq bir şəxsin əlində cəmləşdirilir. 

Son illər neftin qiymətinin sürətlə ucuzlaşması Əliyevlərin  və dövlət büdcəsinin əsas gəlir  mənbələrinin məhdudlaşmasına səbəb olub. Ölkə büdcəsi sürətlə kiçilməyə doğru gedir. Belə ki, son iki il ərzində dövlət büdcəsi təxminən 45 % azalıb. Sürətli iqtisadi – sosial böhran ölkədə lokal xarakterli xaotik sosial narazılıqlarla müşahidə olunur. Lakin, hakimiyyət həmin böhranın qarşısını almaq qabiliyyətində olmadığını nümayiş etdirir. Tezliklə, inflyasiyanın hiperinflyasiya ilə əvəz olunma etimalı daha böyükdü. Belə olan təqdirdə, hökumət dövlət büdcəsində yaranmış kəsirləri aradan qaldırmaq üçün beynəlxalq maliyyə institutlarından kredit almaq məcburiyyətində qalır. Həmin maliyyə institutlarının əsas donorları olan iri dövlətlər isə veriləcək kreditlər müqabilində hakimiyyətdən demokratik islahatlar tələb edirlər. Maliyyə yardımı almaq məcburiyyətində qalan hakimiyyət son anda müəyyən islahatlar keçirmək məcburiyyətində qala bilər. Bu isə ilk növbədə, müxalifətində təmsil olunduğu yeni parlamentin formalaşdırılması formasında ola bilər. Belə bir şərtlər əsasında yeni bir parlamentin formalaşdırılması perspektivdə qanunverici orqanla ali icra hakimiyyəti arasında qaçılmaz konfliktlərin yarnacağını proqnozlaşdırmağa əsas verir. Məhz buna görə, parlamentin buraxılması səlahiyyəti Əliyevin şəxsi hakimiyyəti baxımından böyük əhəmiyyətə malikdir.      

Beləliklə, prezident – daha dəqiq desək Əliyevlər – hakimiyyətin bütün budaqları üzərində konstitusiyon nəzarət mexanizmi əldə edirlər. Bu isə, arxaik tipli monarxiya sistemlərinə xas olan idarəçilik formasıdı. Əliyevə kontrolsuz güc və səlahiyyətlər verən refrendum özü ilə bərabər onun üçün böyük risklərdə gətirir.  Belə ki, bundan sonra baş verəcək hər hansı bir krizis və ya yaranacaq fors major vəziyyətə görə məhz İ.Əliyev birbaşa şəxsi məsuliyyət daşıyır.    

Konstitusiyaya edilən düzəlişlər arasında diqqəti cəlb edən əsas düzəlişlərdən bir də, insan hüquq və azadlıqlarına vurduğu ziyana görə məmurların mülki məsuliyyət daşımasıdı. Bu cür düzəliş cəmiyyət üzərində total nəzarət mexanizmini yaradır. Daha dəqiq desək, ölkədə mövcud olan polis rejiminin daha da möhkəmləndirilməsinə xidmət edən düzəlişdi.

Bu gün Azərbaycan polis orqanlarında saxlanılan vətəndaşlara qarşı güc tətbiq edilməsi, onların fiziki zorakılığa məruz qalma halları geniş yayılıb. Həmin düzəlişdən sonra vətəndaşlara qarşı zorakılıq edən, onların şərəf, hüquq və azadlıqlarını kobud şəkildə pozan hüquq mühafizə orqanlarının əməkdaşları sadəcə olaraq simvolik məbləğdə cərimə ödəməklə məsuliyyətdən yayına biləcəklər. Bu, repressiyaların konstitusiya ilə legitimləşdirilməsi və əhali arasında kütləvi qorxu hissinin yaradılmasına xidmət edən düzəlişdir. . 

Feodal prezident

Bunula yanaşı, konstitusiyaya edilən düzəlişə əsasən hakimiyyət istənilən şəxsi vətəndaşlıqdan məhrum etmək hüququ əldə edir. Bu isə, orta əsrlər feodal – təhkimli kəndli münasibətlərinin bərpa edilməsindən başqa bir şey deyil. Dəha dəqiq desək, vətəndaşlıq təbəəçilik prinsipləri ilə əvəz edilib.

Şəxsən İ.Əliyev tərəfindən təklif edilən konstitusiya dəyişilikləri demək olar ki, ictimai müzakirəyə çıxarılmadı. Həmin təkliflərin hakimiyyət tərəfindən ictimai müzakirəyə çıxarılmamasının səbəbi əslində başa düşülən idi. Çünki, hakimiyyət beynəlxalq ictimaiyyətə açıq şəkildə ölkədə monarxiya tipli yeni bir sistemi qurmaq niyyətində olduğunu etiraf edə bulməzdi. Ona görə də, hakimiyyət açıq ictmai debatların təşkilində maraqlı deyildi. Lakin buna baxmayaraq, elə ilk gündən istər ölkə daxilində istərsədə beynəlxalq səviyyədə təklif edilən dəyişiliklərin hakimiyyətin Əliyevlər tərəfindən irsi olaraq ötürülməsinə xidmət etməsi üçün bir vassitə olduğu hər kəsə məlum idi.

Virtual dövlətin qorxuları

Referendum öncəsi demokratik  müxalifət qüvvələrini özündə birləşdirən Milli Şuranın həmin referendum əleyhinə təşkil etdiyi etiraz mitinqlərini nəzərə almasaq demək olar ki, referendum prossesi ölkə əhalisinin böyük əksəriyyəti tərəfindən etinatsızlıqla qarşılandı. Bu isə onun göstəricisi idi ki, əslində ölkədə əhali ilə dövlət arasında heç bir kommunikasiya mövcud deyil. Daha dəqiq desək, əhalinin böyük əksəriyyəti üçün mövcud dövlətçilik ictimai – siyasi və sosial – psixoloji fenomen kimi yalnız “Virtual dövlət” formasında mövcutdur.

“Virtual dövlət” isə əslində, uğursuz dövlət modelidir. Bu cür dövlət modellərinə malik olan xalqlar real dövlət quruculuğu üçün cəhdlər etməzsə əbədi köləliyə məhkumdurlar.