Sosial etirazlar siyasi hərəkata çevriləcək

Nəsimi Məmmədli
politoloq
Artıq cəmiyyətin ictimai-siyasi fəal kəsimi və nüfuzlu beynəlxalq təsisatlar Referenduma çıxarılacaq Konstitusiyaya əlavə və dəyişikliklərə öz münasibətini açıqlayıb. Əksəriyyət açıq mənfi rəy və tənqidi yanaşmalar ortaya qoysa da, iqtidar öz mövqeyindən geri çəkilmək niyyətində deyil.
Keçirilməsi tələm-tələsik qərarlaşdırılan bu dəyişikliklər iqtidar üçün “olmazsa olmaz”a çevrilib. İradə bundan ibarətdir ki, nəyin bahasına olursa-olsun təklif edilən əsas əlavə və dəyişikliklər baş tutmalıdır. Etiraz edən tərəflər də bu zora söykənən reallıqla barışıb və sonrakı mərhələni gözləmək məcburiyyətindədir.
Növbəti mərhələ üçün nikbin proqnozlar səsləndirmək çətin olsa da, referenduma hər şeyin sonu kimi baxmaq da doğru olmaz. Ölkədə hüquqlar daha da məhdudlaşmağa, sosial durum ağırlaşmağa, siyasi durum gərginləşməyə qədəm qoyacaq. Belə gərginlik şəraitində demokratik islahatlardan imtina edərək qətiyyən uğurlu idarəetmə modeli tətbiq edilə bilməz. Peşəkar iqtisadçı ekspertlərin də rəylərinə nəzər salsaq, yaxın illərdə maliyyə sabitliyi və iqtisadiyyatın inkişafı bu şərtlər altında mümkünsüz görünür.
Gələcək sosial-siyasi riskləri neytrallaşdırmaq üçün heç bir sistemli proqrama malik olmayan hökumətin əlindəki tək etibarlı resursu cəmiyyəti bəlli bir müddət basqı altında saxlamaq üçün zor aparatının gücləndirilməsi olacaq. İlk baxışda bunun effektli olacağı illuziyası iqtidar mənsublarını da ruhlandıran amillərdən biri kimi qabarıq görünür. Amma bir neçə məsələ var ki, iqtidarın nikbinliyinin qısa zamanda dəyişməsinə səbəb olacaq.
Ölkədə mövcud olan taleyüklü ictimai, siyasi, iqtisadi, hərbi problemlərə əsasən biganə olan xalqımızın düşüncə və hərəkətlərinə yeganə təsir edən amil, təəssüf ki, yalnız onun sosial vəziyyətidir. Sadə dillə desək, “dolanışığı”dır. Hökumət iqtisadi islahatlar adı altında nə qədər imitasiya etsə belə, sosial durumu ağırlaşan əhaliyə bunu arzuladığı kimi qəbul etdirə bilməyəcək.
Xüsusilə də sosial durumun sürətlə pisləşməsi, çox ciddi təzyiqlərə baxmayaraq, etirazları təşkil edə bilən müxalifətin təkqütblü güclənməsi, alternativ informasiya resurslarının genişlənməsi, qarşılıqlı etimadsızlıq və şübhələrlə bir-birilə ziddiyyətdə olan hakimiyyət komandası, həmçinin beynəlxalq münasibətlərdə mövcud olan dərin problemlər iqtidarı ciddi sınaq qarşısında qoyacaq. İlk dəfədir ki, sadaladığımız bütün təsirli faktorlar hamısı paralel olaraq hakimiyyətin zərərinə inkişaf edir.
Çox güman ki, hakimiyyət mövcud durumu və gələcək ehtimalları analiz edərək, daxili siyasətinə də, komandasına da nəzərəçarpacaq əl gəzdirmək məcburiyyətində qalacaq. Mərkəzi və yerli icra orqanlarında çoxsaylı “təmizləmə” aparılacaq. Ola bilər ki, hətta vaxtından öncə prezident seçkilərinə gedilməsi də qaçılmaz olsun. Məhz buna görə də ölkə daxilində özü üçün real təhlükə hesab etdiyi demokratik qüvvələrə qarşı dövlətin gücünü səfərbər edərək indidən proflaktik tədbirlər görür.
Lakin hakimiyyət üçün əsas təhlükə heç də demokratik qüvvələr deyil. Vitse prezidentlərin prezidentliyə çox qısa və seçkisiz yolu açılır. Fəaliyyətdə olan prezident hansısa səbəbdən vəzifəsini icra edə bilmədikdə, onun səlahiyyətlərinə sahib olan vitse-prezidentin bu posta asanlıqla yiyələnməsi və növbəti “seçki”ləri təyin etməsi artıq hakimiyyət komandasının daxilində prezidentlik kürsüsünü də intriqalara açdığı qənaətindəyəm. Demokratik seçkilərin olmaması isə bu hal üçün daha “münbit” şərait yaradır.
Müxalifətin əsas güc mərkəzini nəzarətdə saxlamaq üçün ölkə boyu total təzyiq riçaqları işə salınıb. Hətta bəzi iddialara görə hüquq-mühafizə orqanlarının minlərlə orta və yüksək rütbəli əməkdaşı məhz bu istiqamətdə görəvləndirilib. Xüsusilə də müxalifətin kütləvi aksiyalara hazırlaşmasına imkan verməmək üçün minlərlə müxalifətçi, fəal müşahidə altına alınıb. Bütün vasitələrlə tədbir görülür ki, sosial vəziyyəti pisləşən xalqın üz tuta biləcəyi mütəşəkkil, qətiyyətli və təşkilatlanmış müxalif ünvan olmasın.
Müxalifətə total təzyiqlərlə bərabər müəyyən imitasiya xarakterli güzəştli addımların da atılacağı mediaya sızan bilgilərdəndir. Qərbin təzyiqlərini qismən azaltmaq üçün siyasi məhbus kateqoriyasından olan və qərbin israrla azadlığını tələb etdiyi bəzi tanınmış şəxslərin də həbsdən çıxarılacağı barədə söhbətlər dolaşır.
İndi həm də çoxlarını düşündürən xeyli çətin suallar var. Bizi qarşıda nə gözləyir? Əlbətdə ki, bu suala zaman özü aydınlıq gətirəcək. Lakin aparılan təhlillər onu göstərir ki, xalqımız hər cür sürprizlərə hazır olmalıdır. Qarşıda əhalini öncəki illərdən daha ağır və xoş olmayan durum gözləyir. İnsanların əksəriyyətinin siyasi proseslərə biganə yanaşması, təəssüf ki, ölkə müxalifətinin aydın və təminatlı siyasi təşəbbüslərinə də ciddi əngəl törədir.
Bu şəraitdə onsuz da çox məhdud olan ənənəvi ictimai-siyasi fəaliyyət müstəvisi də, çox güman ki, bir müddət sonra iqtidarı qane etməyəcək. Tam qapalı cəmiyyətə keçid iqtidara daha böyük təhlükə törətsə də, müəyyən müddətlik buna cəhd oluna bilər. Hətta internet resursları üzərinə müəyyən məhdudiyyətlərin qoyulması, cəmiyyətin enerjisini hərbi-siyasi istiqamətə yönəltmək kimi addımlar da istisna deyil.
Bütün mənfi ehtimallara baxmayaraq, qarşıdakı dönəmdə ölkəni uzun müddət gərginlikdə saxlamaq mümkün olmayacaq. Lokal sosial etirazlar çoxaldıqca, resursları tükənən iqtidar öz yanaşmasını dəyişmək məcburiyyətində qalacaq. Ölkədə real demokratik islahatlara başlanmasa, yeni demokratik hərəkat üçün psixoloji zəmin yaranması qaçılmaz olacaq.