Rüfət Səfərov anasıyla görüşüb

Bu gün saxlandığı  1 saylı İstintaq Təcridxanasında  üsyankar müstəntiq, hazırda həbsdə olan Rüfət Səfərov anasıyla görüşüb.  R.Səfərovla görüşdə atası Eldar Sabiroğlu da  iştirak edib.

R.Səfərovun atası Eldar Sabiroğlunun  sözlərinə görə, R.Səfərov həbs olunduğu müddətdə anası  Həcc ziyarətində olub. Buna görə də, oğlu ilə səfərdən sonra ilk görüşüdür: “Rüfətin əhval-ruhiyyəsi yaxşıdır, saxlanma şəraitindən də şikayəti yoxdur”-, deyə o bildirib.

Xatırladaq ki,  həbs edilən Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov 2015-ci ilin dekabr ayında baş prokuror Zakir Qaralova ərizə yazaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. O, ölkədəki kütləvi ədalətsizliyə və atasına qarşı haqsız hücumlara etiraz əlaməti olaraq belə addım atdığını vurğulayıb.

2016-cı yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R.Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilmişdi. Yanvarın 22-də müraciətə Binəqədi rayon Məhkəməsi baxıb və barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

R.Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilib.

Gununsesi.info