O tut ağacını anam əkmişdi

Nazlı

– Hasarın lap dibində niyə əkdin?- deyə soruşdum.

Balaca budağı oxşaya-oxşaya cavab verdi:

– Qoy məhlənin uşaqları da yesinlər a bala. Həyətə düşən tərəf bizə bəsdi.

Nə yazıqlar ki, özü o tut ağacı ərsəyə gələn aralarda dünyasını dəyişdi.

Dünən divar qonşum o tuta divan tutub. Küçədən nərdivan qoyub bizim ağacı büsbütün yağmalayıb. Səbəb? Tutun altından keçəndə maşınının təkərləri şirə olurmuş… Əslində isə o da, mən də bilirik ki, səbəb başqadır.

Adam illərdir birgə yaşadığımız qocaman damın altından məni “uçurtmağa” çalışır. Allah üçün deyək ki, bundan ötrü davamlı, hətta yaradıcı proseslər də gedir. Və mən bu hadisə xaric o əməliyyatların bircəcəyini bura yazsam, insan övladı məhz belə zamanda dünyaya gəldiyinə peşman olar. Amma biz Moşu demiş, optimist xalq olduğumuzdan başıma gələnlərdən  yazmıram. Sadəcə qonşunu bu işə ruhlandıran səbəblərdən birinə toxunmaq istəyirəm.

– Mən kiməm? Neçə illərdir onun gözünün qarşısında sərhədsiz və mərhəmətsiz şərə qarşı qələm tutan xırdaca barmaqlarla savaş aparan bir axmaq. Qazancım nədir? – Işsizlik, səfalət, yanımca birtəhər sürüdüyüm qəzalı ayaq, gərginlikdən daim çırpınan ürək, təzyiqdən partlayan beyin, məzmunsuz şantajlar və sairə… Və belədirsə, adam şansını niyə sınamasın? Həyat min türlü təsadüflərlə doludur. Bir gün pişiyin evə qayıtmaz, bir gecə kabus görərsən, bir dəfə səfərdən qayıdanda ortalıq hasarın iri addımlarla özün tərəfə irəlilədiyinə şahid olarsan. Belə mənasız qarabasmalara görə od qonşundan şübhə etməyəcəksən ki. Yox,  edəcəksənsə daha o evdə necə yaşayacaqsan? Üstəlik və ən əsası şahidin, sübutun da yoxdu. Lap tutaq ki, var. Kim qoruyacaq sənin onsuz da əzilib param-parça olan haqqını?

Bax, məsələ bundadır. – Kim? Işin ən çətin tərəfi də başqalarının bu həqiqəti səndən öncə anlamalarıdır. Bilirlər ki, şikayət edəcəyin ünvan yoxdur, o ünvanda səni nəinki eşitmirlər, hətta görmək belə istəmirlər. Sən bu ölkədə, bu bölgədə qara siyahıdasan. O siyahıda olanların heç bir hüquqi, fiziki, mənəvi hüququ tanınmır. Hərçənd hüquqsuzluq bütün vətəndaşlara şamil edilir. Lakin bizlər üçün də bəzi istisnalar yox deyildir…

Əzablı yollarla

Ən bəsit vətəndaş haqqımı gerçəkləşdirməkdən ötrü on ildən artıq Qəbələnin məmur komandasına, rayonun faktiki sahibləri heydərovlara, ölkə prezidentinə və birinci xanıma səmimi məktublar, bahalı teleqramlar vurdum. Sanki quyuya daş atılmış kimi nə bir səs, nə bir səmir gəldi. Qarşı tərəfin laqeyd, alçaldıcı, qəddar münasibətindən sadəcə incimədim, yorulmadım, birbaşa canım yandı. Yenə həyatımla, taleyimlə oynayıb məzələnən əlçatmaz, səsyetməz “onların” zorakı hakimiyyətinə əyilmədim. Məni qəbul etməyənləri real personojlarıma çevirib onlardan mümkün qədər faydalanmağa çalışdım. Münasibətləri tam təbii halda yazıya gətirməklə. Məsələn, dünənki hadisədən təsirlənib Qəbələ başçısının qəbul telefonuna nəticəsiz zəng vurdum. Bununla belə, məsələn, möcüzə baş verib əlaqə yaransaydı da heç nədən şikayət etməyəcəkdim. Sadəcə hansısa bir əmanətlə bağlı danışardım.

Çünki, bu ölkədə insana verilən qiymətin ən yaxşı halda sıfıra, həm də mənfi sıfıra bərabər olduğunu çoxdan anlamışam. Qəbələnin əbədi deputatı Fəttah Heydərov bir dəfə: – “Sən bu rayonun kondisionerisən”, dediyinə görə deyil. O vaxtdan çox zaman keçib və hörmətli ağsaqqal son illər məni görməyib. Görsəydi, mütləq “Nazlı bu rayonun soyuducusudur”, deyərdi. Çünki, məhz onlara görə yaşadıqlarımın ucbatından beynimə, əl-ayağıma qan çatmır və ilin bütün fəsillərində sopsoyuq oluram.

Hərçənd indiki rahat halım hakim zümrə ilə görüşüb haqqımı tələb etmək çabalarımı kölgədə qoya bilməz. Məsələn, bu məqsədlə ilk başçılıq startı Qəbələdən verilmiş türkəsayaq həmyerlimin də telefon nömrəsini onun maliyyə işlərini burada idarə edən bir yoldaşdan götürmüşdüm. “Patronuyla” az-çox səmimi olduğumuzu bilirdi. Amma məmur sinfini bilmək olmaz, birdən min dərəcə dəyişərlər. Beləcə, “nömrə lazım olmadı” demək üçün yaxınlaşmışam. Görürəm, adam “uje” məlumat verir ki, “vallah, üzündən keçməyib verdim”-zad… Olsun, adamın xeylax ehtiyacları var, təbii ki, özünü sığortalamalıdı. Indi ki, belə oldu, qəsdən o nömrəyə zəng vururam. Rəsmi məmur nə götürə bilir, nə də bağlaya. Sadəcə “eşitmir”. Çoxdandı görməmişəm, bəlkə yazıq doğrudan da eşitmir. Zatən o kürsülərdə görüb eşidə-eşidə oturmaq olmaz ki… Hər halda Allah şəfasını versin. Onun da, başqalarının da…

Daha nə deyim, tut ağacı? Yamyaşıl yarpaqlı meyvə dolu budaqların üst-üstə töküldükcə çoxmu əzab çəkdin? Bu gün görürəm kəsilmiş yerlərin sulanıb. Ağaclar belə şəffaf qanayırlarmı? Mənim də ürəyim eləcə qanayıb. O baltayla, o mişarla sanki qollarımı kəsiblər, Tut ağacım. Yaralı gövdəni oxşaya bilmirəm…

P.S. Ehh, canım Anam, artıq bu ölkədə dəyərləri qorumaq qədər müşkül bir iş qalmayıb. Mənim də o məsum yadigarı qorumağa gücüm çatmadı. Məni bağışlamayın. Sən də, Tut ağacı da…