Bu sözləri sizdən soruşacaqlar!

Xədicə İsmayıl

Siz heç polis qapının ağzında gözləyir deyə toyundan gəlini başqa ünvana aparan gənc gördünüzmü?
Siz, günlərlə evinə getməyib, “mitinqə qədər tutmasınlar, mitinqdən sonra nə olar, olar” deyən gənci gördünüzmü?
Siz cümhuriyyəti yıxmasınlar deyə yağışın altında dayanan ahılları gördünüzmü?
Onlara “boşuna çalışırsınız” demək günahdır! Söhbət təkcə verilən qurbana qarşı deyimin haqsız olmasından getmir. Bu həm də YALANDIR.
İllər sonra uşaqları bu insanlardan, “ölkədə monarxiya qurulanda sən hardaydın?” soruşanda, onlar deməyə söz tapacaq. Siz tapmayacaqsınız.
Tarixin yarğısını da boş verin.
Bu etirazlar, bu etirazlardan da çox, onları susdurmaq üçün edilən həbslər ölkədəki referendumun nəticələrini indidən qeyri-legitim edir. Bütün beynəlxalq təşkilatlara mitinqqabağı həbslər barədə məlumat verildi. BMT məruzəçiləri, beynəlxalq insan haqları təşkilatları məlumatlandırıldı. Bundan sonra hökumət “xalq referendumu dəstəklədi” deyəndə heç kim inanmayacaq. Çünki xalqın etirazının necə boğulduğunu göstərdik. Dəstəyin saxta olduğunu ifşa etdik.
Mitinqə hazırlıqla bağlı həbsdə olan 14 nəfərə “qəzanız mübarək” deyək. Möhkəm olun, bir neçə günlük acınızı bizə halal edin.
Hədər deyildi amma. Çox sağ olun ki, varsınız!