Pis nümunələrin poliqonu olan ölkə

Ataxan Əbilov

Jurnalist Natiq Cavadli yazır ki, “hakimiyyətin yalmançı təbliğatçıları tutuquşu kimi “7 il dünya təcrübəsində var” deyə səs-səsə Azərbaycanı Orta Asiyaya aparır”. Fikrini konkretləşdirmək üçün Natiq bəy Tacikstana istinad edir. Amma məsələ burasındadır ki, nəinki Orta Asiya, o cümlədən Tacikstan, hətta bütün MDB məkanı üçün Azərbaycan anti-demokratiklikdə və avtoritarizmdə bir nümünədir və həmin məkanın bir çox maraqlı dairələr üçün o, belə nümunələr yaratmaqda əlçatmaz bir “zirvə” olaraq qalır. Məntiqlə Azərbaycanın Tacikstana oxşaması Tacikstanın Azərbaycana oxşamaq istəyinin müqabilində gözə görünməməlidir.

Məsələ burasındadır ki, Azərbaycanda analoqu hələ ki, digər MDB respublikalarında olmayan əndrəbadi bir siyasi sistem formalşıb. Elə götürək dövlətin idarəçilik formasını. Sual oluna bilər: İdarəçilik formasına görə Azərbaycan respublikadırmı? Düzdür dövlətin adında və bir para kağızlarda Azərbaycana münasibətdə “respublika” sözü işlədilir. Amma burada hakimiyyət vərəsəlik yolula ötürülüb. Əgər məsələ yalnız bu ötürmə ilə bitsəydi, bəlkə də bunu respublikaçılıq tarixinin bir istisnası kimi yozmaq olardı. Amma vərəsənin ömrünün axırına qədər hakimiyyətdə qalma imkanı əldə etməsi artıq heç bir istisnaya sığa bilməz. Gəlin özümüzü aldatmayaq, Azərbaycan nədirsə, həmin nəsnə respublika adlandırıla bilməz. Belə bir sistemə isə keçmiş MDB məkanında, o cümlədən heç Orta Asiyada və hətta onun Tacikstanında da təsadüf edilmir. Çoxlarının “əkə” deyə bəyənmədiyi özbək xalqı belə ona qol qoymadı (kobudluq etdimsə, özbək qardaşlar məni bağışlasın). Hələ mən Qırğısıztanı demirəm. Vərəsəlik institutunun Qazaxstan və Taciksatana münasibətdə nə qədər uğurlu ola biləcəyi barədə isə danışmaq hələ tezdir. Onu tarix göstərəcək.

Azərbaycan monarxiyadırmı? Bəlkə də normal monarxiyaçıllıq Azərbaycana onun bəlalarının müalicəsi üçün bir məlhəm ola bilərdi. Son 50 illiyin təcrübəsiylə buna ümid etmək isə sadəlövlük olar. Qoyulan suala cavab olaraq isə deyim ki, Azərbaycan heç monarxiya da deyil. Düzdür Azərbaycanı monarxizmə hazırlaşdırmaq üzərində iş gedir. Amma bu proses heç də rahat getməyəcək. Bunun üçün ilk növbədə onu rəsmiləşdirmək, Konstitusiyaya gətirmək lazımdır. Necə, hansı yolla? Son sualları cavablandırmaq çox çətindir.

Əndrəbadilik tək Azərbaycanın idarəçilik formasıyla bağlı deyil. Elə hazırkı rejim tərəfindən düzülüb-qoşulan Konstitusiyada demokratik idarəçilikdən söhbət açılır. Cəmiyyət isə reallıqda yuxarılar üçün daha çox oliqarxizm prinspilə, aşağılar üçün isə polis dəyənəyi, zorakı-represiya maşını vasitəsilə idarə olunur.

Hər bir naziri oliqarx olan Azərbaycan oliqarxiya ola bilmir. Azərbaycan məmuru varlıdır, söz sahibidir, öz çevrəsində kiçik hökmdardır. Amma onların heç birinin sabahla bağlı, hətta bu sistem davam edəcəyi təqdirdə belə var-dövlətlərinin toxunulmazlığıyla üçün təminatları yoxdur.

Azərbaycanda heç təmiz polis rejimi də yoxdur. Polis dəyənəyinin gücülə dünya bazarında neftin qiyməti və manatın dəyəri arasında əlaqə aydınca hiss edilir.

Elə isə Azərbaycan bütün post-sovet məkanı üçün pis nümünələr yaradılan bir poliqondur ki, onun bu missiyasını digər respublikaların üzərinə qoymaq ədalətsizlik olar.