“Azadlıq”ı susdurmağa qoymayın

vidadi-xeyal

“Azadlıq” qəzetinin Azərbaycan Nəşriyyatına maliyyə borcu olduğuna görə qəzetin 5 sentyabrdan nəşri dayandırılıb.

“Azadlıq”ın yayım direktoru Faiq Əmirli qondarma “gülənçi ittihamı” ilə həbs olundu. Daha sonra qəzetin  bank əməliyyatları aparılmasına süni maneə yaradıldı. Nəticədə qəzet çapını dayandırmaq məcburiyyətində qaldı. Artıq qəzetin əməkdaşlarını istintaqa cəlb etməyə başlayıblar.

Sentyabrın 6-da qəzetin əməkdaşı Xəyal Babayev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində çağırılıb. Sentyabrın 7-nə isə qəzetin digər əməkdaşı Vidadi Məmmədov Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə çağırılıb.

“Azadlıq” qəzetinin kollektivi bütün bunları söz azadlığına basqı kimi dəyərləndirir. Qəzetin kollektivi hesab edir ki, hakimiyyətin bu addımları Azərbaycanın ilk müstəqil qəzetinin birdəfəlik susdurulmasına hesablanıb.

Bu baxımdan “Azadlıq” qəzeti Mətbuat Şurasına, yerli və beynəlxalq təşkilatlara, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, Azərbaycanda hüquqi dövlət qurulmasında maraqlı olan bütün siyasi qüvvələrə baş verənləri diqqətə almağı, ölkənin müstəqilliyində xüsusi rolu olan “Azadlıq”ın bağlanmasına biganə yanaşmamağa çağırır.

kerimli

Ali Kərimli də facebook səhifəsində Azadliqsevərlərə səsləndi:

“Dövlət bütün gücü ilə ölkədə azad mətbuatın son qalası olan “Azadlıq” qəzetinin üstünə gəlir. Qəzetin siyasət şöbəsinin müdiri Seymur Həzi və yayım direktoru Faiq Əmirli həbs edilib, bir çox əməkdaşları həbs və döyülmələrdən sonra mühacirətə getməli olub. Təkcə dünən və bu gün qəzetin daha 3 əməkdaşı – redaktor Sücəddin Şərifov, jurnalistlər Xəyal Babayev və Vidadi Məmmədov istintaqa çağrılıb. Hələ 2-3 il bundan qabaqdan (manatın yaxşı vaxtlarında) “Qasid” dövlət yayım şirkəti redaksiyanın qəzet sataraq qazandığı 70 min manat pulu verməyib, qəzetin yayımına ağlasığmaz əngəllər yaradılıb və ümid ediblər ki, bu qədər iqtisadi təzyiq və repressiyadan sonra nəhayət, bu qəzet öz fəaliyyətini dayandırar. Ancaq arzuları gözlərində qalıb, mübariz kollektiv davam etmək iradəsini ortaya qoyub. Və bütün bunları gördükdən sonra hökumət maskasını çıxarıb, qəzeti açıq zorakılıqla bağlamaq qərarına gəlib. “Azadlıq”ın alın təri ilə, qəzet sataraq əldə etdiyi və hazırda bank hesabında olan pulu götürüb, nəşriyyata olan borcunu ödəməsinə imkan vermirlər. Deyirlər ki, pulu bankdan yalnız Faiq Əmirli götürə bilər, onu da həbs ediblər. Redaksiyanın bu vəzifəni başqasına tapşırmasına da imkan vermirlər və artıq bəhanəsiz-filansız elan edirlər ki, qəzeti birdəfəlik dayandırmaq istəyirik.

Əziz həmvətənlər, son illərdə “Azadlıq” qəzetinin bağlanması təhlükəsi haqda çox eşitmisiniz. Bəziləriniz üçün bu mövzu artıq adiləşib də. Zatən, hökumətin istədiyi də budur. Ancaq siz “Azadlıq” qəzetinin ölkəmiz üçün necə bir sərvət olduğunu həbsdə, darda, çətinlikdə olanlardan soruşun. “Azadlıq” qəzeti çarəsi tükənmiş minlərlə insanın harayını cəmiyyətə duyurmaq üçün üz tutacağı sonuncu ünvandır. “Azadlıq” qəzeti hər birimizin ehtiyac duyduğumuz bir udum azadlıq havasıdır. Bu ağır sınaq zamanlarında redaksiyanın azsaylı, lakin qəhrəman kollektivini tək qoymayaq. Hər birimiz düşünək ki, “Azadlıq”ı yaşatmaq üçün nə edə bilərik? Heç olmasa, bu barədə yazın, xalqı məlumatlandırın, etitraz edin, vətəndaş mövqeyi nümayiş etdirin, imkanınız varsa, redaksiyaya birbaşa kömək edin.

Və 11 sentyabrda Milli Şuranın mitinqinə gəlin. Mitinqdə “Monarxiyaya yox! Talana son!” tələb etməklə yanaşı, həm də siyasi məhbuslara və faktiki girov götürülmüş “Azadlıq” qəzetinə azadlıq tələb edəcəyik.”

“Azadlıq”