Azadlığın çapının dayandırılması İfadə azadlığına basqıdır

“”Azadlıq” qəzetinin çapı 10 dəfələrlə dayandırılıb və heç bir zaman da bunun hüquqi əsası olmayıb”

 Bunu Arqument.Az-a media hüququ üzrə ekspert Xalid Ağəliyev “Azərbaycan” Nəşriyyatı “Azadlıq” qəzetinin çapından qeyri-müəyyən vaxta qədər imtina etməsini şərh edərkən deyib.
Xalid Ağaliyev bildirib ki, qəzetin çapının dayandırılması və müxtəlif çətinliklərlə üzləşməsinin siyasi səbəbləri olub: “İndiki halda konkret olaraq qəzetin fəaliyyətinin dayandırılması siyasi motivlidir. Yəni uzun zamandan bəri qəzetin ayrı-ayrı jurnalistlərinə qarşı olan müxtəlif təzyiqlər, həbslər, məhkəmə iddiaları, eyni zamanda da qəzetin Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə yaxınlığı ciddi faktorlardandır. Bir sözlə, qəzetin fəaliyyətinin dayandırılması onun sərt, tənqidi mövqeyi ilə bağlıdır”.
 
Xalid Ağəliyev
Hüquqşünas Ələsgər Məmmədi isə hesab edir ki, “Azadlıq” qəzetinin nəşrinin qeyri-qanuni dayandırılması konkret olaraq ifadə azadlığının pozulmasıdır: “İfadə azadlığının təməl funksiyalarından biri alternativ fikirlərin dövlət tərəfindən rahat şəkildə yayılmasına təminat verilməsidir. Hər kəs bilir ki, “Azadlıq” qəzeti müxalif mediadı və müxalif quruma yaxındır. Onun fəaliyyətinə yönələn hər hansı bir qeyri-qanuni addım birbaşa hökumətin  ifadə azadlığı ilə bağlı mühiti daraltması kimi anlaşılır. İndiki halda qəzetin bank hesabında pul olmasına baxmayaraq, hesabından istifadə edə bilməməsi, çox önəmli dövlət yayımçılarının qəzetə olan borclarını ödəməməsi vəziyyəti bu həddə gətirib çıxaran amilərdəndir. Nəticədə dövlət nəşriyyatının çapdan imtina etməsi, məsələnin digər tərəfləri bir yana, birbaşa ifadə azadlığına basqı kimi qiymətlərdiriləcək. Ona görə də ən yaxın zamanda bu məsələ öz həllini tapmalı, “Azadlıq”ın nəşri bərpa olunmalıdır”.
 
Ələsgər Məmmədli
Qed edək ki, “Azərbaycan” Nəşriyyatı “Azadlıq” qəzetinin çapından qeyri-müəyyən vaxta qədər imtina edib. “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacvıyevin verdiyi məlumata görə, səbəb kimi qəzetin nəşriyyata olan borcu göstərilir. Belə ki, “Azərbaycan” Nəşriyyatı sentyabrın 5-nə qədər borcun əhəmiyyətli hissəsinin ödənilməsi üçün “Azadlıq”a vaxt vermişdi. Amma deyilən müddətdə vəsait ödənilmədiyindən qəzetin çapı dayandırılıb.
Ofelya Ramilqızı
Arqument.Az