Onlar hamını çörəklə sınağa çəkirlər

Meydan TV-nin reportajı
Zəfər Əhmədov həbs edilən oğlu Fuad Əhmədlinin axtarış aparılan otağındadır. Valideyn deyir ki, bu otaqdan Fuadın və onun kompüterləri, 14 ədəd kitab, 18 ədəd A4 vərəqində çap olunmuş materiallar, iki bağlama toy, ad günü diskləri götürülüb. Rəsmi qurumlar açıqlama verib ki, Fuad Əhmədlinin evindən “fətullahçılığın” təbliğini nəzərdə tutan dini məzmunlu müxtəlif ədəbiyyat, elektron informasiya daşıyıcıları aşkar edilib. Zəfər Əhmədov deyir ki, evində Fətullah Gülənin kitabları olmayıb. “Jurnalı buradan götürüblər (paltar dolabın açıb göstərir). Buradan necə kitab götürə bilər?! Bura qarderobdur, paltar olur. Bura kitab qoyulmur ki, kitab götürülsün. Qapının ağzında da 10 nəfər dayanmışdı, içəri keçmək olmurdu. Mən görmürdüm onlar otaqda nəyi qoyub, nəyi götürürlər. Mən jurnalı görməmişəm. Açdım, birinin adı “Yeni ümid” idi. Bilinirdi ki, ikisi də eyni seriyadandır. Bir jurnalı da anası açdı, arxasındakı qeydi göstərdi ki, Fətullah Gülənin hansısa bir sitatı və şəkili var. Nə dinə, nə siyasətə aid, adi humanizmlə bağlı sitat idi. Dedim, ay bala bu nə jurnallardı? Dedi, ay dayı, nə dəxili var, kitablardı, götürürük. Oğlunuzun işi hara, bunlar hara?!”

F.Əhmədlinin atası deyir ki, oğlu heç vaxt dindar olmayıb. Hətta oğlunu içki içdiyi üçün danladığı da olub. “Arada mən də əsəbiləşirdim ki, sağlamlığına görə içmək olmaz. Pivə içirdi, arada yoldaşları ilə gələndə görürdüm iyi gəlir, nəsə içib”.

Fuad Əhmədlinin 26 yaşı var. O, AXCP-nin Xətai rayon şöbəsinin Gənclər Komitəsinin sədridir. Bu, Fuad Əhmədlinin ilk həbsi deyil. O, 2015-ci ildə xırda xuliqanlıq və polisin qanuni tələbinə əməl etməmək ittihamı ilə 25 sutka həbs cəzası alıb. Həmin ilin dekabrın 25-də  yenidən həbs olunub. Bu dəfə polisə müqavimət maddəsi ilə 10 sutka azadlıqdan məhrum edilib. Avqustun 18-də isə evdən əynində qara köynək və cins şalvarla çıxıb işə gedirmiş. Atası deyir ki, evdən çıxanda həbs olunub və o, 13 gündür bu paltarların içindədir. Valideynlərinin göndərdiyi geyimi DTX-da qəbul eləmirlər. O, həmçinin dərmansız da qalıb. Orada hər gecə ağrıları olur. “Ona ümumiyyətlə qapalı, havasız yerdə qalmaq olmaz. Pnevmotoraksdan əməliyyat olunub. Çox uzun müddət müalicə alıb. Bu şəraitdə qalmağı onun üçün ölümə bərabərdir”.

Cəbhəçi gənc 5 ilə yaxın “Azərfon” şirkətinin “Zənglər mərkəzi”ndə operator işləyib. Rəsmi ittihamda Fuad Əhmədlinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məxfi məlumatları müəyyən şəxslərə ötürdüyü deyilir. Gəncin atası bildirir ki, Fuadın məxfi məlumatlara çıxışı olmayıb və o, onunla birlikdə həbs olunan üç nəfəri tanımır.  “Vəkilin dediyinə görə, Fuad ona deyib ki, bir nəfər ondan filan zəngin haradan gəldiyin bilmək istəyib. O da mesajla yazıb ki, (onun öz telefonunda da qalıb, həmin qohumumun telefonunda da yəqin ki, qalır Z.Ə.) məndə belə bir məlumat olmur, mən onu sənə necə verə bilərəm?!”

fuad

Zəfər Əhmədli oğlunun həbsi ilə həm də maddi çətinliyə düşdüklərini bildirir. Ailə Fuadın gəliri ilə dolanırmış. “Ailə Fuadın zəhmət haqqının hesabına dolanırdı.  Gördüyünüz evi Fuadın maaşının hesabına tikmişəm. Fuadın böyük köməyi olub və sonda böyük bir kredit borcu əmələ gəlib. O vaxtdan da mən işləmirəm, işsizəm. Ancaq Fuadın maaşı hesabına biz o kredit borcların vermişik, ailə onun hesabına dolanıb. Təsəvvür edin ki, ailənin yeganə çörək gətirənidir. Biz çörək gətirəndən də məhrum olduq, lap buraxsalar da yəqin ki, yenə işə bərpa etməyəcəklər. Ümumiyyətlə, biz çörək pulundan məhrum olduq”.

Gəncin atası, eləcə də mənsub olduğu Xalq Cəbhəsi Partiyası Fuad Əhmədlinin həbsini siyasi sifariş hesab edirlər. Onlar verilən ittihamları saxta adlandırırlar. “Yəqin ki, bu işi görənlərin hamısı atadır. Bilirlər ki, vətəni işğal olunmuş, çörək pulundan olmuş, işsiz qalmış, çörəksiz qalmış atanın da oğlun tutanda daha onun itirməyə bir şeyi qalmır. Ən təhlükəli də itirməyə bir şeyi olmayan adamlardı”.