Abbas Abbasovun işini Türkiyəyə “satdılar”

Azərbaycanda Fətullah Gülən ajiotajı davam edir. Siyasi hədyan və hikkələri bir tərəfə buraxsaq, gerçəkdən Azərbaycanda Fətullah Gülən camaatı ilə əlaqədə olan xeyli hakimiyyət nümayəndəsi və hakimiyyətə yaxın iş adamları var. Hökumət hələlik öz opponentlərin quru şəri ilə məşğul olsa da Türkiyədən ,,gülənçilərə qarşı tədbirlər,, tələbinin qarşılığında nəsə etməli olduğunu dərk edir. Açığını desək, Türkiyə rəsmiləri müxalifətçilərin Gülənçi adı ilə şərlənməsini İlham Əliyevin öz işi sayır və buna əhəmiyyət vermirlər. Amma axı, Azərbaycandakı bu qədər Fətullahçıları hansısa dəftərə qeyd etmək lazımdır…

Buna görə də, hakimiyyət vəziyyətdən başqa cür çıxmağa çalışır. İndi rəsmi Bakı özünə o qədər də gərəkli saymadığı Gülənçilərin haqqında dosyelər tutub Türkiyəyə verməyə başlayıb. Belə isimlərdən biri də baş nazirin sabiq müavini Abbas Abbasovun oğlu Aydın Abbasovdur. Xatırladaq ki, Aydın Abbasov indi daha çox Türkiyədə olur və orada öz biznes işləri ilə məşğuldur.

Abbasovların Türkiyə biznesinin də maraqlı tarixçəsi var. Onlar Türkiyədə ilk biznes fəaliyyətinə hələ Məsud Yılmazın baş nazir olduğu zamanlarda başlayıblar. Azərbaycandakı mənbənin azerbaycansaati.tv- yə verdiyi xəbərə görə, o zaman Abbasova öz biznes layihələrini məhz, Fətullah Gülən tərəfdarları ilə birlikdə icra etmək tövsiyyə edilib. Bu əlaqələr isə indi Azərbaycan hakimiyyətinin yadına düşüb və Abbas Abbasovun oğlunun dosyesi Türkiyəyə təqdim edilənlər arasındadır.

Kifayət qədər ehtiyatlı adam olan Abbas Abbasovun bu kompramat müqabilində hansı addımlar atacağını isə proqnozlaşdırmaq çətindir.

azerbaycansaati.tv