Bəxtiyar Hidayət
Hörmətli redaksiya! Sizə həm öz adımdan, həm Qazaxda yaşayan bütün məcburi köçkünlər adından müraciət edirəm. Baxmayaraq ki, eyni problem şəxsən məni daha ağır vəziyyətə salıb, digər məcburi köçkünlərin mənə baxanda vəziyyəti yaxşıdır.
Onu deyim ki, bu vəziyyətlə Qazaxda ikinci dəfə rastlaşıram. Mən 2003-cü il siyasi məhbuslarındanam. Onda Qazax polisində verilən işgəncələrdən sonra kürəyimin şəklini çəkib zolaqları bəzi müxalifətçilərə göstərərək “səni də bu günə salarıq” deyib lazımi ifadələri almışdılar. Elə indi də təxminən həmin vəziyyətdəyəm. Elə indi də işgəncə verirlər. Bəs nədi bu vəziyyət və bu işgəncə. Indi onu açıqlayım. Bizim məskunlaşdığımız N. Nərimanov qəsəbəsinə 13 ildir qaz çəkilib. Bu illər ərzində də bizdən pul alınmayıb. Məcburi köçkünlərə çəkilən qaz xəttindən yerli sakinlərə də xeyli müddət qaz verilib və sonda həmin xəttlə axan qazın kubmetri bizim limitimizdən çıxılıb. Indi isə Qazax Qaz İstismar idarəsi iki ayağını bir başmağa dirəyib 13 ilin borcunu tələb edir. Bu da xeyli haqq- hesab. Şəxsən mənə 2061 manat cərimə gəlib. Amma Kənd İcra Nümayəndəsinə bu cərimə 357 manat kimi gəlib ki, bu da yalnız 2015-ci ilin cəriməsidir. Heç bir xəbərdarlıq etmədən, məhkəmə qərarı olmadan isə 18. 08.2016ci il tarixində gəlib bizim qazı kəsiblər. indi mənim kəsilən qazıma baxıb gərək qonşular aparıb Qaz İstismar İdarəsinə pul ödəyələr. Lap 2003-cü ildə olduğu kimi. Amma bu dəfə tək deyiləm, 60 evlik qəsəbədə 4 ailənin qazı kəsilib. Mənə də maraqlıdır, axı bu haqq hesab niyə gəlib mənim başımda çatlamalıdır? Olmaya müxalifətdə olduğum üçündür? Olmaya haqqı yazan şair olduğum üçündür? Olmaya mənim Qazaxda yaşamağa haqqım yoxdur? Onsuz da 19 ildi Ağstafada işləyirəm, burda mənə çürük qoz da verməyiblər. Indi qalmışıq belə. Hamamsız da olar, dədə- baba vanna varkən. Xörəyi odunla bişirmək də olar. Əsas problem qış azuqəsini yığmaqla bağlıdır. Biz kəndli babayıq, qışın azuqəsini bəri başdan yığırıq. Yəni uşaqların anası bir qədər banka bağlayası idi. Səd heyif.. qanunlar boş qaldığı kimi bankalar da boş qalar. Təki bizim bankalar boş qalsın, ölkənin büdcəsi dolsun. Onların bank var, bizim heç bankamız da olmasın. Amma axı erməni keşişlərinə bu ölkənin qazı pulsuz verilir. Yoxsa bizlər erməni keşişindən də dəyərsizmi olduq? Vazgen, Vartazar qədərdəmi olmadıq? Nəysə xahiş edirəm mənim bu dərdimi işıqlandırasınız. Yolunuz işıqlı olsun.
***
Yeri gəlmişkən, Bəxtiyar Hidayətdən gözəl bir şeiri də oxuyun…
Canı çıxa-çıxa cannan çıxır dərd
Gələndə boluna-geninə gəlir
Haqqın işığına pərvanə gəlməz
Əlbəəl milçəklər qanına gəlir
Gör bu yükə davam edən filmidir
Can it canı, zülüm itin zülmüdür
Şad gün polis, həyat bir hind filmidir
Harda it-bat olsa sonuna gəlir
Bu dərd bitməz- torpaq ola daşımız
Quruya da, çürüyə də yaşımız
Bəxtiyar, uzundu bizim işimiz
Bizə qəm qatarı eninə gəlir