Novruzəli Məmmədovun və onun ailəsinin məhv edilməsinin qısa xronikası

17 avqust Novruzəli Məmmədovun xatirə günüdür

Novruzəli Məmmədov kim idi?

Məmmədov Novruzəli Xanməmməd oğlu 10 mart 1942-ci ildə Azərbaycanın Astara rayonu, Ərçivan kəndində anadan olub. O, orta təhsilini doğulduğu kənddə aldıqdan sonra Azərbaycan Xarici Dillər Universitetində ingilis filoloqiyası fakültəsini bitirmiş, dilçilik üzrə alimlik disertasiyası müdafiə etmişdi.

Novruzəli Məmmədov 2 fevral 2007-ci il tarixdə Azərbaycan Respublikası (AR) Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həbs edilmiş, 17 avqust 2009-cu il tarixində Bakı həbsxanasında müəmmalı şəkildə dünyasını dəyişmişdir. Həbs olunan vaxtı o, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik institutunun Roman-German dilləri elmi-tədris sektorunun müdiri, “Tolışi Sədo” qəzetinin baş redaktoru, Respublika Talış Mədəniyyət Mərkəzinin sədr müavini idi.

Həbs və istintaq

02 fevral 2007-ci il tarixdə Novruzəli Məmmədov səbəbi izah edilmədən MTN-nə aparıldı və orada heç bir protokol tərtib edilmədən fasiləsiz olaraq 24 saat 2004-cü ildə İranda keçirilmiş elmi konfrans barəsində sorğu-sual edilərək, ac-susuz saxlanıldı və döyüldü. Bu müddət ərzində o, sağ əlinin üstündən və sol çiyin nahiyəsindən xəsarətlər aldı.

03 fevral 2007-ci il tarixdə, saat 16 radələrində Novruzəli Məmmədov MTN-nin əməkdaşlarının maşınında Elmlər Akademiyasının qarşısına gətirildi, və dərhal da polis tərəfindən tutularaq barəsində protokol tərtib edildi. Yasamal rayon məhkəməsi onun barəsində 15 günlük inzibati həbs qərarı çıxardı. N.Məmmədov dərhal da MTN-nin əməkdaşlarına təhvil verildi.

17 fevral 2007-ci il tarixdə Novruzəli Məmmədova AR CM-nin casusluq formasında dövlətə xəyanət ittihamı elan olundu. İstintaq müddəti ərzində Novruzəli Məmmədova elan olunmuş casusluq ittihamı özünün təsdiqini tapmadı. 8 aylıq həbsdə saxlama müddətini əsaslandırmaq üçün 27 sentyabr 2007-ci il tarixdə ona Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə kömək etmə formasında yeni məzmunda ittiham elan olundu.

AR MTN İstintaq Baş İdarəsinin II şöbəsinin mühüm işlər üzrə baş müstəntiqi polkovnik-leytnant Novruz Kərimovun tərtib etdiyi, AR Baş prokurorunun I müavini II dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubovun təsdiq etdiyi İttiham aktında Novruzəli Məmmədov heç bir tutarlı subut olmadan aşagıdakılarda ittiham edildi:

  Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə kömək etməkdə, yəni Respublikamızda yaşayan talışlar üçün inzibati muxtariyyət yaratmağa nail olmaq məqsədilə zəruri məlumatları toplamaqda;

– xarici xüsusi xidmət orqanına lazım olan məlumatlara malik şəxsləri müəyyənləşdirməkdə;

– onları xarici xüsusi xidmət orqanı ilə əlaqələndirməkdə;

– və ya belə şəxsləri xarakterizə edən məlumatları onlara ötürməkdə;

    – talışların hüquqlarının pozulması adı altında uydurma bəhanələrlə beynəlxalq təşkilatlara müraciət etməkdə;

– beynəlxalq təşkilatlarda insan hüquqlarını və azadlıqlarını pozan ölkə kimi Azərbaycanın mənfi imicinin formalaşmasına və beynəlxalq təşkilatların Azərbaycana təzyiqlərinə nail olmasında;

– bu yolla talışlar üçün Azərbaycan Respublikasının ərazisində inzibati muxtariyyət yaranmasına kömək göstərmək haqqında razılıq verərək, məxfi əməkdaşlığa cəlb edilmiş və 1992-ci ildən 2007-ci ilin fevral ayının əvvəllərinə qədər bu fəaliyyətlə məşğul olmaqda.

Həmin aktla N.Məmmədov daha sonra aşağıdakılarda ittiham edildi:

– 1998-ci ildə “Tolışi Sədo” qəzetinin baş redaktorluğunu ələ keçirib, ona verilmiş tapşırıqlara uyğun məqalələri qəzetdə çap etməkdə;

– idmançıların təbliğatı adı altında talışçılığın təbliğində;

– respublikanın cənubunda dinə meyilli talış gənclərinin aşkar edilib onları xaricə dini təhsil almaq üçün göndərməkdə;

    – talış dilində verilişin açılması üçün İctimai televiziya kanalının rəhbərliyinə və başqa instansiyalara müraciət etməkdə;

– Respublika Talış Mədəniyyət Mərkəzinin, “Tolışi Sədo” qəzetinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsi üçün ərizə ilə müraciət etməkdə;

    – müxtəlif əcnəbi dilçi alimlərlə bərabər talışların kompakt yaşadıqları ərazilərdə kəşfiyyat xarakterli sorğuların aparılmasında və onların tərəfindən talış dilinin tədqiqinə dair kitabların, məqalələrin yazılmasına nail olmaqda;

    – talışları icra və qanunvericilik orqanlarında işə düzəlməyə təhrik edib sonradan onların imkanlarından istifadə etməklə gələcəkdə talışlar üçün inzibati muxtariyyət yaratmağa nail olmaqda;

– Elman Quliyevin İrandan gətirdiyi pulun bir hissəsini əldə etməkdə təqsirli bilindi.

Məhkəmə

24 iyun 2008-ci il tarixdə Ağır Cinayətlərə Dair İşlər Üzrə (ACDİÜ) Məhkəmə (hakimlər: Ələsgərov Şakir (sədr), Allahverdiyeva Ramella, Məmmədova Şəkər) istintaq orqanının ona təqdim etdiyi ittiham aktının birbaşa köçürməsi olan hökmü ilə Novruzəli Məmmədovu boş zalda Azərbaycan Respublikası CM-nin 274-cü maddəsilə (dövlətə xəyanət) təqsirli bilinib, əmlakı müsadirə olunmaqla 10 il müddətinə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum etmə çəzasına məhkum etdi.

Məhkəmə Novruzəli Məmmədova qarşı irəli sürülən ittihamların uydurma olması ilə bağlı ona təqdim edilən subutları, o cümlədən Astara gömrük sərhədindən 2002-2006-cı illər ərzində Elman Quliyev tərəfindən İrandan valyuta gətirilməsini istisna edən rəsmi sənədi qəbul etmədi və çıxartdığı hökmündə həmin bəraətverici subutlara istinad etməkdən vaz keçdi.

Məhkəmə təhlükəsizlik orqanının agenti kimi çalışan bir şahid ifadəsinə istinad edərək, qapalı şəraitdə sübutları və sənədləri saxtalaşdırmaqla hökm çıxartdı.

Məhkəmənin hökmü hətta müdafiəçinin iştirakı olmadan gizli elan edildi.

27 may 2009-cu ild AR Ali Məhkəmədə hakim Tapdıq Mahmudovun sədrliyi ilə Novruzəli Məmmədovun Bakı Apellyasiya Məhkəməsinin 26 dekabr 2008-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinə baxıldı. Qapalı keçirilən məhkəmə prosesində N.Məmmədovun məhkəmədə iştirak etməsi ilə bağlı qaldırdılmış vəsatət təmin olunmadı və məhkəmə ilk instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamaqla kassasiya şikayətini rədd etdi.

N.Məmmədov yüksək qan təzyiqindən, zobdan, prostat vəzinin iltihabından, görmə qabiliyyətinin sürətlə itməsindən, ayaqlarının aşağı nahiyələrinin şişməsi xəstəliklərindən əziyyət çəkməsinə baxmayaraq o, İstintaq Təcridxanasında saxlandığı müddət ərzində müayinə və müalicə kursu almadı.

İstintaq müddətində N.Məmmədovun azadlıq, səmərəli hüquqi müdafiə vasitələrindən istifadə, ayrı-seçkiliyə məruz qalmamaq hüquqlarının pozuntusu ilə bağlı məhkəmələrə müraciət edilsə də, bu heç bir nəticə vermədi.

Həbsxanada

14 yanvar 2009-cu il tarixdə N.Məmmədov 15 saylı Cəza Çəkmə Müəssəsinə (CÇM) köçürüldü və dərhal da 15 günlüyə cərimə təcridxanasına salındı, işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qaldı, milli-etnik mənsubiyyəti təhqir edildi. 14- 21 yanvar 2009-cu il tarixlərdə o, 7 gün soyuq, şüşələri çıxarılmış nəfəslikdən içəri daxil olan küləkli, nəm, rütubətli, oturmaq və uzanmaq üçün heç bir avadanlığı olmayan kamerada saxlandı. Həmin kamerada N.Məmmədov səhər saat 05-dən 21-ə qədər ayaq üstə durmağa və saat 21-dən sonra nəm döşəklə təmin olunduğundan onun üstündə yatmağa məcbur olundu. 7 gün davamlı olaraq həmin şəraitdə saxlanması onun səhhətində ciddi pozuntular yaratdı. Kamerada saxlandığı müddət ərzində o, dərmanla və isti paltarla təmin edilmədi.

21 yanvar 2009-cu il tarixdə İşgəncələrə qarşı mübarizə komitəsinin sədri Elçin Behbudovun monitorinq keçirməsi nəticəsində N.Məmmədov cərimə təcridxanasından “səhhəti ilə” əlaqədar azad edildi. Lakin N.Məmmədovun hansı xəstəliklərdən əziyyət çəkməsi, səhətində hansı problemlərin olması barədə məhkəməyə rəsmi sənəd təqdim edilmədi.

Nizami rayon məhkəməsi 06 mart 2009-cu il tarixli qərarı ilə 15 saylı CÇM rəisinin 14 və 15 yanvar 2009-cu il tarixli qərarlarını qanunsuz hesab edərək, həmin qərarları ləğv etdi və Müəssisənin üzərinə N.Məmmədovun müayinə və müalicə olunması vəzifəsini qoydu. 6 mart 2009-cu il tarixdən başlayaraq N.Məmmədov 5 ay müayinə və müalicə olunmadı, onun xəstəlikləri gizli saxlanıldı, müdafiə tərəfinin və məhkəmənin sorğularına cavab verilmədi və yalnız bir dəfə onun “Hipertoniya”dan əziyyət çəkməsi barədə ACDİÜ Məhkəməyə rəsmi sənəd göndərildi. Məhkəmənin 06 mart 2009-cu il tarixli qərarı 5 (beş) ay müddətində icra olunmadı.

22 iyul 2009-cu il tarixdə ailə üzvləri N.Məmmədovla 15 saylı CÇM-də görüşərkən məlum oldu ki, onun vena damarından qan götürülüb. Həmin tarixdən başlayaraq onun şikayətləri mütəmadi xarakter alsa da, onun CÇM-nin səhiyyə şöbəsinə köçürülməsi müxtəlif bəhanələrlə təxirə salındı.

 25 iyul 2009-cu il tarixdə N.Məmmədov ağır vəziyyətdə 15 saylı CÇM-nin səhiyyə şöbəsinə köçürüldü və o, yataq xəstəsi oldu. Həmin tarixdə İşgəncələrə qarşı Komitənin sədrinə və N.Məmmədovun vəkilinə onunla görüşməyə icazə verilmədi.

27 iyul 2009-cu il tarixdə N.Məmmədov müstəqil hərəkət edə bilmədiyindən digər məhkumların və həkimin köməyi və müşayiəti ilə vəkili ilə görüşə gətirildi. O, otura bilmədi, uzanmış vəziyyətdə ağır durumda olması ilə bağlı bütün beynəlxalq müdafiə təşkilatlarına müraciət etməyi, onun müayinə və müalicə olunması üçün xaricdən həkimlərin dəvət edilməsi barədə fikirlərini vəkilinə çatdırdı. N.Məmmədov şiddətli ağrılardan əziyyət çəkdiyindən görüş qısa zamanda başa çatdı və o yenidən digər məhkumların köməyi ilə geri aparıldı.

27 iyul 2009-cu il tarixdə N.Məmmədovun vəkili onun hansı xəstəlikdən əziyyət çəkməsi, ona hansı müalicə kursu təyin edilməsi, həkim rəylərinin müdafiə tərəfinə təqdim edilməsi barədə 15 saylı CÇM-nin rəisinə yazılı müraciət etdi. Lakin müraciətə bu günə qədər cavab verilmədi.

28 və 31 iyul 2009-cu il tarixlərdə vəkil N.Məmmədovun ağır xəstə durumda olması, hərəkət etmək iqtidarında olmaması, çətinliklə danışması, burnundan bir neçə dəfə qan açılması, omba və onurğa sütununda olan şiddətli ağrılardan şikayət etməsi, onun milli-etnik mənsubiyyətinə görə təqib və təhqir olunması, vəsiyyətlərini ailə üzvlərinə çatdırmağı xahiş etməsini və s. barədə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlara müraciət etdi.

25-27 iyul 2009-cu il tarixlərdə N.Məmmədov 15 saylı CÇM-nin səhiyyə şöbəsində yataq xəstəsi olduğu bir halda Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən “Turan” informasiya agentliyinə məlumat verildi ki, onun səhhətinin pisləşməsi barədə məlumatları yoxdur.

28 iyul 2009-cu il tarixdə N. Məmmədov AR Ədliyyə Nazirliyin Penitensiar Xidməti Müalicə Müəssisəsinə köçürüldü. Lakin ona 4 gün ərzində heç bir tibbi yardım göstərilmədi və ümumi palatada yerləşdirildi.

31 iyul 2009-cu il tarixdə N.Məmmədovun vəkili onun fiziki təhlükəsizliyi barədə narahatlığını xüsusi ilə qeyd etməklə onun xəstəlikləri, aldığı müalicə kursu, qəbul etdiyi dərmanlar, verilmiş həkim rəylərinin surətini əldə etmək üçün Müalicə Müəssisəsinin rəisinə poçt vasitəsi ilə xəbərnaməli müraciət etdi.

Avqust ayının əvvəllərində N. Məmmədov Müalicə Müəssisəsində İşgəncələrə qarşı mübarizə komitəsinin sədri E.Behbudov, Ombutsman E.Süleymanova tərəfindən yoxlandı. Ombutsman tərəfindən yoxlanılarkən N.Məmmədov bu yoxlamaların təsiri olmadığını, formal xarakter daşıdığını, Ombutsman gedəndən sonra ona münasibətin dəyişməz qaldığını, müalicənin düzgün aparılmadığını onun diqqətinə çatdırdı və təkrar yoxlama aparılmasını xahiş etdi.

Avqust ayında Avropa Şurası Baş Katibinin Azərbaycandakı xüsusi nümayəndəsi tərəfindən yoxlanılarkən N.Məmmədov müalicəsinin düzgün aparılmadığını, səhhətində heç bir irəliləyiş olmadığını, bu məqsədlə xaricdən həkim dəvət edilməsini onlardan xahiş etdi. Beynəlxalq təşkilatların nümayəndələri həmin xahişlə Müalicə Müəssisəsinin rəhbərliyinə müraciət etsələr də, xahiş rədd edildi.

28 iyul 2009-cu il tarixdən 17 avqust 2009-cu il tarixə qədər N.Məmmədov anti-sanitariya şəraitində, tibbi sanitar xidməti olmadan xəstə məhkumların köməyinə möhtac oldu. N.Məmmədovun qidalanması da digər xəstə məhkumlardan asılı oldu. Onun hərəkət etmək imkanları olmadığından yataqda da sidiyə getməyə məcbur olurdu. 10 avqust 2009-cu il tarixdən başlayaraq N.Məmmədov qəbzlikdən əziyyət çəkir, lakin bir dəfə də olsun ayaqyoluna gedə bilmədi. Müalicə Müəssisəsində qəbzliyin aradan qaldırılması və orqanizmin normal fəaliyyət göstərməsi üçün heç bir tibbi tədbirlər görmədi.

15 avqust 2009-cu il tarixdə N.Məmmədov vəkili ilə sonuncu dəfə görüşdü. Vəkil xəstəyə olan münasibətlə əlaqədar Müəssisə rəisi və Baş həkimin qəbulunda oldu. O, N.Məmmədovla bağlı təxirəsalınmaz tədbirlər görülməsini xahiş etdi. Həmin tarixdə də N.Məmmədovun xəstəliklərinin diaqnozları barədə tərtib edilmiş 14 avqust 2009-cu il tarixli arayış vəkilə təqdim olundu. Lakin vəkilin sorğusuna tam cavab verilmədi.

N.Məmmədov Müalicə Müəssisəsində 21 gün ərzində hamamdan istifadə edə bilmədi, onun gigiyenasi ilə məşğul olmaq üçün ailə üzvlərinə imkan və şərait yaradılmadı. N.Məmmədov ancaq alt paltarlarını digər məhkumların köməyi ilə dəyişməli olurdu.

Novruzəli Məmmədovun vəfatı

17 avqust 2009-cu il tarixdə N.Məmmədov Müalicə Müəssisəsində vəfat etdi. N.Məmmədovun çoxsaylı xəstəliklərlə təkbaşına mübarizə aparması, Penitensiar Xidmətin seyrçi mövqe nümayiş etdirməsi, Müalicə Müəssisəsində müalicənin düzgün aparılmaması, ati-sanitariya şəraiti, gigiyenanın və qidalanmanın təşkil edilməməsi, buna ailə üzvlərinin cəlb edilməməsi ağır nəticələrlə sonuclandı.

N.Məmmədovun ölümündən sonra ƏN Penitensiar Xidməti onun yataq xəstəsi olmaması, 17 avqust 2009-cu il tarixdə vəziyyətinin pisləşməsi və qəflətən keçinməsi barədə yalan məlumatlar yaydı.

15 saylı CÇM-dən və Müalicə Müəssisəsindən N.Məmmədovun tibbi kartalarının surətinin müdafiə tərəfinə verilməsi barədə sorğu və müraciət edilsə də onlara cavab verilmədi.

N.Məmmədovun ölümü ilə bağlı Nizami rayon prokurorluğunda araşdırmalar aparılmağa başlandı. 24 avqust 2009-cu il tarixdə N.Məmmədovun həyat yoldaşı araşdırmalara beynəlxalq hüquqşunasların və ekspertlərin dəvət edilməsi ilə bağlı Baş Prokurora müraciət etdi.

07 sentyabr 2009-cu il tarixli müraciəti ilə N.Məmmədovun vəkili ona məlum olan faktları konkret sənədlərlə bərabər prokurorluğa təqdim etdi və ekspertiza rəyinin, qəbul olunacaq qərarın surətinin müdafiə tərəfinə verilməsini və təhqiqat materialları ilə tanış olmağa şərait yaradılmasını xahiş etdi. Lakin bu təmin edilmədi.

14 sentyabr 2009-cu il tarixdə N.Məmmədovun ailə üzvləri onun yaşamaq hüququnun pozuntusu ilə bağlı Nəsimi rayon məhkəməsinə müraciət etdi.

Capture d’écran 2016-08-17 à 11.08.08

Böyük oğul Kamran Məmmədovun ölümü

N.Məmmədovdan başqa onun ailə üzvləri ardıcıl olaraq təqib və təziqlərə məruz qaldı. İstintaq zamanı ona ərzaq aparan oğlanları bir neçə dəfə oğurlanaraq naməlum istiqamətə aparıldı, döyülərək, ağır fiziki təsirlərə məruz qaldılar. Belə növbəti əməliyyatların birindən sonra 08 sentyabr 2007-ci il tarixdə N.Məmmədovun böyük oğlu Kamran Məmmədov müəmmalı səbəblərdən dünyasını dəyişdi.

Capture d’écran 2016-08-17 à 11.08.24

Kiçik oğul Emil Məmmədovun ölümü

N.Məmmədovun kiçik oğlu oktyabr 2007-ci il tarixdə vəhşicəsinə döyüldü. N.Məmmədov barəsində hökmün çıxmasına 7 gün qalmış ona təsir etmək məqsədilə kiçik oğlu evinin yanından maşına zorla salınaraq Səbail rayon polisinə aparıldı və tutularaq cinayət məsuliyyətinə cəlb edildi. Səbail rayon məhkəməsinin hökmü ilə Emil Məmmədov narkotik vasitə saxlamağa görə təqsirli bilindi və AR-da fəaliyyət göstərən qərb səfirliklərin səyi nəticəsində cəzası şərti hesab edildi.

25 sentyabr 2009-cu il tarixdə N.Məmmədovun yas mərasiminin 40-dan qayıdan həyat yoldaşı Məryəm Məmmədova və oğlu Emil Məmmədov müəmmalı şəraitdə avtomobil qəzasına düşdü. Qəzanı törədən kamaz sürücüsü haqqında heç bir cinayət təqibi aparılmadı. Emil Məmmədov aldığı yaralardan az sonar dünyasını dəyişdi.

Novruzəli Məmmədovun həbsi kimə və nəyə görə lazım idi?

Novruzəli Məmmədovun qanunsuz həbsi və sonradan onun və iki oğlunun öldürülməsi çoxlu suallar doğurur. Məmmədovlar ailəsinin faciəsi kimə və nə üçün lazım idi? Bu sualın cavabı aşağıdakı arqumentlərin altında gizlənib.

1) Novruzəli Məmmədov talış milli azlığın nümayəndəsi idi. O, ölkədə talışların yeganə təşkilatı olan Talış Mədəniyyət Mərkəzinin rəhbərlərindən biri idi və Mərkəzin mətbu orqanı olan “Tolışi Sədo” qəzetinə rəhbərlik edirdi. Müşaidəçilərin fikrinə görə say etibarıla ölkənin ikinci xalqı olan talışların hazırda İlham Əliyevin başçılıq etdiyi siyasi rejim altında ölkənin digər vətəndaşları kimi hüquqi vəziyyətləri qənaətbəxş deyil. Ölkədə talış probleminin olması mütəmadi olaraq ölkə xaricində yaşayan talışlar tərəfində qaldırılsa da, hakimiyyət dairələri belə bir problemin mövcudluğunu inkar edir. Novruzəli Məmmədov ölkədə yeganə talışşünas alim hesab edilirdi və “Tolışi Sədo” qəzetinin mütəmadi dərcinə çalışırdı. Hakimiyyət dairələri bunu talışlarda milli əhval-rühiyənin artmasına səbəb kimi baxır, belə bir qəzetin çıxmamasında maraqlı görsənir və buna ölkədə milli qarşıdurmaya aparıb çıxara bilən təhlükə hesab edirdi. Hazırkı prezident İlham Əliyevin atası Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi ərəfəsində keçmiş ordu polkovniki Əlikram Hümmətovun “Talış Müğan Muxtar Respublikasına” uğursuz cəhdi məsələnin kökündə dayanan siyasi faktordur.

Novruzəli Məmmədovun həbs olunduğu dönəmdə rəsmi Bakının beynəlxalq münasibətlər sistemində vəziyyəti də diqqət çəkən məqamlardandır. Qərbin demokratiya tələblərinə cavab axtarmaq rəsmi Bakını ən çox qayğılandıran məsələlərdən biridir. Bunun üçün Azərbaycanın yerləşdiyi regionda beynəlxalq münasibətlər, xüsusilə o dövrdə Qərb-İran münasibətlərin kəskinləşməsi və bundan hazırkı anti-demokratik rejimin ömrünü uzatmaq üçün istifadə istəyi şübhə doğurmur. Rəsmi Bakı Qərb qarşısında “ölkə demokratiyaya hazır deyil” tezisini irəli sürərək, bunun üçün “demokratiya ölkədə islamçıların hakimiyyətə gəlişinə səbəb olar”, “bu, regionda İranın daha da fəallaşması olar”, “İran islamçılar və talışlar vasitəsilə Azərbaycanda fəal işləyir” arqumentləri gətirirdi. Bunu real göstərmək üçün süni dövlət çevrilişləri və yalançı cəsusluq şəbəkələri düzəltmək lazım idi. Novruzəli Məmmədov və talış məsələsi bu istiqamətdə ən yaxşı inandırıcı faktor ola bilərdi.

Novruzəli Məmmədovun həpsi ölkədə talışlar arasında artmaqda olan milli özünü-dərk prosesinin qarşısını almaq üçün də hakimiyyətdəkilərin gözündə çox faydalı görünürdü. Talışın adından danışan simalarla müqayisədə hazırkı rejimə liberallığı ilə seçilən Novruzəli Məmmədovun həpsi və onun və ailəsinin sonrakı taleyi digər talış fəallarına bir dərs rolunu oynamalı idi. Hazırkı rejimin köhnə kommunist metodoloqiyasına əsaslanan fəaliyyət planında bu aksiya xüsusi xəbərdaredici funksiyanın realizəsi üçün cəlbedicə ola bilərdi…   

novruz

Novruzəli Məmmədov və onun ailə üzvlərinin ölümündə əli olan məmurların siyahısı

Məmmədovlar ailəsinin məhvinin məsuliyyəti bir başa aşağıdakı məmurların üzərindədir:

Mahmudov Eldar Əhməd oğlu – Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri. Hazırda vəzifəsindən kənarlaşdırılıb. O, N.Məmmədovun istintaq işinə gündəlik nəzarəti həyata keçirib və onun necə planlamasının (N.Məmmədovun azadlıqda olan övladlarının təqibi də daxil olmaqla) müəllifidir;

Kərimov Novruz Ağakərim oğlu – Azərbaycan Respublikası MTN İstintaq Baş İdarəsinin II şöbəsinin mühüm işlər üzrə baş müstəntiqi polkovnik-leytnant. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi. O, N.Məmmədov barəsində saxta istintaqın və saxta ittiham aktının müəllifidir;

Usubov Rüstəm Sabir oğlu – Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, II dərəcəli dövlət ədliyyə müşaviri. O, N.Məmmədov barədə saxta ittiham aktını AR Prokurorluğu adından təsdiq etmişdir;

Ələsgərov Şakir Çərkəz oğlu – Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi. Hazırda AR Xocavənd Rayon Məhkəməsinin hakimi. O, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə N.Məmmədov barəsində saxta iş üzrə məhkəmə prosesinə sədrlik etmişdir;

Allahverdiyeva Ramella Allahverdi qızı – Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi. Hazırda AR Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi. O, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə N.Məmmədov barəsində saxta iş üzrə məhkəmə prosesini aparan hakim tərkibinin üzvü;

Siyahı natamamdır (bura bu işə baxan Apelyasiya və Ali Məhkəmə hakimlərin, CCM və Müalicə Müəssəsinin məsul şəxslərin adları da əlavə edilməlidir).

P.S. Yazı istintaq və məhkəmə materialları, dövri mətbuatda gedən faktlar əsasında qələmə alınıb.

Ataxan ƏBİLOV