YAP öz içini yeməyə başlayıb

 

Azərbaycan maliyyə böhranına doğru addımlarını sürətləndirdikcə İlham Əliyevin ailəsinə məxsus olan banklar da maliyyə intizamını möhkəmləndirməyə başlayıblar.

Əliyev ailə banklarına göstəriş verib ki, bu zamana qədər imtiyazlı hesab edilən borcların geri alınması üçün bütün inzibati işləri həyata keçirsinlər. Daha doğrusu, banklar siyahını verir, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və başqa inzibati alətlər tədbir görürlər.

Keçən il oliqarx sayılan bəzilərinin bandotdelin zirzəmilərinə salındığı barədə məlumatlar artıq hamıya bəllidir. Həmin dalğada Hacı İbrahim Nehrəmli, Nizami Piriyev kimi iriçaplı zənginlərə bandotdeldə işgəncə verdikləri də artıq, hamıya bəllidir. Həmin vaxt baş nazirin sabiq baş naziri Abbasovun qardaşı Nadir Abbasov da Baş Mütəşəkkil Cinayəıtkarlıqla Mübarizə İdarəsinə salındı və Abbas Abbasov onun borclarını qapatdıqdan və əlavə cərimə də ödədikdən sonra bəzi siyasi şərtlər qəbul etdirib azad etdilər.

Amma bu borc dalğasının arası kəsilməyib və görünür, hələ çox başlar qoltuq altına salınacaq. İlham Əliyevin pulu azalır və o, bunu çox ürək ağrısı ilə müşahidə edir, buna görə də onun banklarına borcu olanlara qarşı aqressiv davranmaq göstərişini verib. Həm də, kimliyindən asılı olmayaraq. Bu günlərdə, sosial şəbəkələrdə millət vəkili Qənirə Paşayevanın qəribə bir statusu meydana çıxdı. Xanım deputat yazmışdı ki, “bu dünyada qabağa getmək üçün gərək namərd olasan”. Onun ürək ağrısı ilə qeyd etdiyi bu fəlsəfi qənaətin arxasında da borc- kredit haqq- hesablaşmasının sərt küləkləri dayanırmış.

azerbaycansaati.tv-yə məlumat verən mənbə bildirir ki, Qənirə Paşayeva Əliyevin ailə bankları qarşısında borc pressinqində sıxılan yeganə deputat deyil. Onun və daha 20- yə qədər deputatın əmlakının bəzi hissəsi bankların xeyrinə müsadirə edilib. Bu siyahıda Xanhüseyn Kazımlı, Rəfael Cəbrayılov və başqaları da var. Onların hər biri bir neçə milyon kredit borcu ilə siyahıya liderlik edirlər.

Yeri gəlmişkən, ötən ilki oliqarx ovunda deputat Rəfael Cəbrayılov 1 milyon borcunu qapatmağa nail olsa da, hazırda onun Bank Standarta daha 2 milyon dollar borcunun olduğu deyilir.

Bu il kredit borclarına görə cəzalandırılan tanınmışların siyahısında başqa sürpriz adlar da var. Məsələn, Dəmir yolu İdarəsinin rəisi Cavid Qurbanovdan 800 min dollar alaraq onun Türkiyədə diplomatik fəaliyyətdə olan oğlu Şəmşir Qurbanovun borcunu qapadıblar. Sabiq baş prokuror Eldar Həsənovun qardaşı Ələkbər Həsənovu isə bandotdeldən 600 min dollar aldıqdan sonra azad ediblər. Proses isə davam edir. Və məlumatlı mənbə qeyd edir ki, Azərbaycanda deputatların və müxtəlif iri vəzifəli dövlət məmurlarının bahalı kreditlərin ümumi məbləği bütün Azərbaycan əhalisinin kredit borcundan çoxdur. Bu fakt İlham Əliyevi qəzəbləndirib  və imtiyazlı, amma borclu elitanın ən sərt şəkildə cəzalandırılıb borcların geri alınmasını tələb edib.

azerbaycansaati.tv