Cəmil Həsənli
Milli Şuranın sədri
Hacı Talehin sınaqdan möhkəm çıxması bütün planları pozdu
Nardaran işi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin iyulun 19 və 22-də keçirilmiş iki hazırlıq iclasları mühüm bir həqiqəti ortaya qoydu. Məhkəmənin ilk iclasında Hacı Taleh Bağırzadə açıqlama verərək bildirdi: “Bondotdeldə mənə 3 gün ərzində ağlasığmaz işgəncələr verildi. Biri var, adamı döyələr, toka verələr, bunlar adi şeylərdir. Amma söhbət dəhşətli, ağlasığmaz işgəncələrdən gedir. Tələb edirdilər ki, mən Nardaran hadisələrini Milli Şuranın, Cəmil Həsənli və Əli Kərimlinin təşkil elədiyini deyim.” Hacı Taleyin bu açıqlamasından sonra 2015-ci ilin noyabr ayının 26-da DİN-in qəsəbədə keçirdiyi əməliyyatla bağlı Nazirliyin Baş Prokurorluqla birgə yaydığı birgə məlumata baxdım. Orada deyilir: “2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilmişdir. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılmış, əl qumbarası atılmışdır. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilmiş, daha bir neçə nəfəri yaralanmışdır. Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirmiş, 2 əməkdaş qəhrəmancasına həlak olmuşdur.” Burada göstərilən “hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilmiş” ifadəsinə diqqət yetirmək lazımdır. İndi artıq bəllidir ki, birgə məlumatda hücum edənlər kimi təqdim edilən həmin o dörd nəfər namaz qılmaq üçün dəstəmaz aldıqları yerdə zibil və mebel maşınlarında qəflətən həyətə daxil olan DİN əməliyyat dəstəsinin ilk açdığı atəş nəticəsində güllələniblər. Qalan “cinayətkar silahlı dəstə” kimi təqdim edilən mömin dindarlar isə əməliyyat başlayanda bilavasitə namaz mərasiminə başlamışdılar. Yəni bəyanatda “hücum edənlərin davamlı atəşinə cavab olaraq” guya DİN əməliyyat qrupunun atəş açması tamamilə həqiqətə uyğun deyildir. İnsanlara namaz vaxtı, dini ayin icra edilərkən atəş açılıb. Həlak olmuş polis əməkdaşları barədə çoxlu müəmmalar dolaşır. Onlar əməliyyat qrupu tərkibində “cinayətkar silahlı dəstəni” zərərsizləşdirməyə getmişdilərsə, niyə təhlükəsizlik tədbirlərinə uyğun qoruyucu jiletləri olmayıb və nəticədə polis işçisi qarın nahiyəsindən aldığı yaradan həlak olub. Qoruyucu jiletdən başqa onlar xidməti formada olub, yoxsa mülki paltarda? Polislərin ölümü kimə lazım idi? Hədəf Milli Şura, Əli Kərimli və mən olmuşam. Dini ekstremizmə qarşı mübarizə adı altında həm “Müsəlman Birliyi Hərəkatını” dağıtmaq, Hacı Tale başda olmaqla hərəkatın bütün rəhbərlərin sıradan çıxarmaq və insan ölümü ilə nəticələnmiş dövlət çevrilişinə silahlı cəhdin əsas təşkilatçıları kimi Milli Şuranın sonuna çıxmaq, Əli Kərimli və Cəmil Həsənlini “terrorçu” kimi həbs etmək DİN-in çoxgedişli “Nardaran əməliyyatının” başlıca hədəfləri idi. Söhbət hakimiyyətin 2013-cü il prezident seçkilərində rüsvayçı məğlubiyyətindən (ATƏT-in Demokrakik Təsisatlar və İnsan Hüquqları Bürosu seçkilərin 58 faiz saxtakarlıqla keçirildiyin bəyan etmişdi) sonra 2014-2015-ci illərdə cəmiyyətin şumlanmasına Milli Şuranın dağıdılması, kütləvi həbsləri isə mənim və Əli Kərimlinin həbsi ilə başa çatdırılmasından gedirdi. Burada daha bir məqama aydınlıq gətirmək yerinə düşər. Həbsdən sonra “Bandotdeldə” Hacı Taleyə ağlasığmaz işgəncələr verib Nardaranda dövlət çevrilişini Əli bəylə mənim hazırladım barədə ifadə tələb edəndə hökumətin nəzarətində olan televiziya və informasiya vasitələri artıq bizi Nardaran hadisələrinə şərik etmişdilər. Onlar ictimai fikri bizim həbsimizə hazırlayır, DİN-in əməliyyatına informasiya dəstəyi verirdilər. Bunun üçün hökumətin nəzarətində olan ATV kanalının Nardaran əməliyyatdan 5 gün sonra noyabr ayının 30-da yaydığı məlumata diqqət yetirmək lazımdır. (Meydan.tv-nin arxivində saxlanılan ATV həmin xəbərlər linki ilə aşağıda tanış ola bilərsiniz.)
Orada açıq-açığına deyilir ki, Nardaran hadisələrini Milli Şura, Cəmil Həsənli və Əli Kərimli hazırlayıb, insan ölümü ilə nəticələnmiş terror hadisəsinin, dövlət çevrilişinə silahlı cəhdin məsuliyyəti bilavasitə onların üzərindədir. Niyə əməliyyat noyabrın sonlarına planlaşdırılmışdı? 2015-ci ilin oktyabr ayının sonlarında Birləşmiş Ştatların siyasi dairələri arasında böyük nüfuzu olan Vudro Vilson Mərkəzinin 2015-ci il üçün beynəlxalq demokratiya mükafatını mənə verməsi Azərbaycan hakimiyyətini çox qəzəbləndirmişdi. Bu mükafat öz ölkəsində demokratiya uğrunda mübarizəyə töhfə verən ictimai-siyasi xadimlərə verilir. Məsələn, 2014-cü ildə mükafatın qalibi Ukrayna hadisələrində fəal rol oynamış Mustafa Nayyem, 2012-ci ildə isə uzun müddət Myanmarda (Birma) siyasi mübarizənin mərkəzində olmuş Aung San Suu Kyi olmuşdu. 2015-ci ilin noyabrının 8-də Aung Sanın rəhbərlik etdiyi “Demokratiya Uğrunda Milli Liqa” Birmada parlament seçkilərində qələbə çalmış və hökumət qurmaq haqqını qazanmışdı. Vilson Mərkəzi əvvəlcə mükafatı mənə noyabrın sonlarında təqdim etməyi planlaşdırırdı. Son anda təqdimat dekabrın 8-nə keçirildi və mən noyabrın 30-da Vaşinqtona yola düşdüm. Şübhəsiz ki, bizim internet yazımalarımızı Azərbaycan xüsusi xidmət orqanları izləyir və bütün məsələlərdən xəbərdar idilər. Mən ABŞ-a yola düşən gün, noyabrın 30-da ATV kanalının bizi (Əli Kərimli və məni) “cinayətkar silahlı dəstə” tərəfindən dövlət çevrilişi cəhdinin təşkilatçısı kimi təqdim etməsi təsadüfü deyildi. Amma Hacı Taledən təsdiqləyici ifadə ala bilmədikləri üçün məsələ açıq qalmışdı. Doğrusu DİN-in bu avantüraya getməsi son dərəcə heyrətamizdir. Axı mən ömrümdə bircə dəfə də olsun Hacı Tale ilə görüşməmişəm və bunu da artıq keçmiş MTN-in səlahiyyətlərinə iddialı olan DİN yaxşı bilməli idi. Ömründə görüşmədiyin bir adamla neçə dövlət çevrilişi etmək olar? Görünür bizim DİN-in fantaziyasının həddi-hüdudu yoxdur. Nardaran hadisələrindən az sonra, noyabrın 30-da Vaşinqtona uçarkən hava limanında məni qısa sorğu suala tutub (Türkiyədən sonra hara gedəcəyimlə maraqalanırdılar) harasa məlumat verdilər və gələn göstərişə əsasən pasporta ölkədən çıxış möhürü vurdular. Artıq gözləmə zalında olarkən bir gömrük məmuru yaxınlaşıb mənim baqaja təhvil verdiyim çamadanda yoxlamalı olacaqlarını bildirdi. Onunla yük yerinə getdik, baqaja təhvil verdiyim çamadan gətirildilər və yoxlama aparıldı. Gömrükdən gizlin hansısa bir əşya müəyyən edilmədi. Yenə hara isə zəng edib məlumat verdikdən sonra çamadanı geri təhvil aldılar. Burada yadıma olmuş bir əhvalat düşdü. Rayonların birində bir nəfəri tutub cibinə narkotika qoymalı idilər. Adamı məhəlldən idman paltarında götürüb gətiriblər bölməyə. Cibinə narkotika atmaq əməliyyatına başlayanda məlum olub ki, idman formasının cibi yoxdur. Onda “igid polis nəfərləri” artıq nahar fasiləsinə getmiş rəisə zəng açırlar ki, rəis bunun cibi yoxdur, biz neyləyək? Əslində, Nardaran əməliyyatı da buna bənzər bir əhvalatdır. Kiçik bir qəsəbədə qos-qoca DİN əməliyyat keçirərkən 6 nəfər vətəndaş həyatını itirib. Bu qeyri-peşəkarlıqla bağlıdır, yoxsa dövlət çevrilişi cəhdinə bəraət qazandırmaq üçün “tutarlı dəlillər” əldə etmək zərurətindən əmələ gəlib? İlk məhkəmə açıqlamasındaca bəlli oldu ki, iki polis və dörd dinc sakin Tale Bağırzadə, Əli Kərimli ilə mənim insan ölümü ilə nəticələnmiş hakimiyyəti silahlı yolla ələ almaq “cəhdlərimizi” əsaslandırmaq üçün zəruru olub. Hadisə zamanı güllələnmiş dörd dinc sakinin meyitlərini belə əməliyyat dəstəsi özləri ilə aparmalı olmuşdular və müəyyən izləri itirmək üçün cənazələr uzun müddət dəfn edilmək üçün yaxınlarına verilmədi. Hər şeydən aydın olur ki, 6 Azərbaycan vətəndaşı dövlət çevrilişinə silahlı cəhdi Azərbaycan və dünya ictimaiyyətinə inandırmaq zərurətindən qətlə yetrilib. Altı günahsız insanın qanı bizim maddəmizi ağırlaşdırmaq, “ortada meyitlər var” şousu altında ölkədə psixoz yaratmaq və bununla da 2014-cü ildən başlanmış kütləvi repressiyaları 2015-ci ilin noyabrında bizim həbsimizlə “uğurlu” sonluğa çatdırmaq zərurətindən irəli gəlmişdir. Lakin Hacı Taleyin sınaqdan möhkəm çıxması bütün planları pozdu. İndi doğrudan da ortada meyitlər var. Öz konstitusyon borcuna görə prezident Azərbaycan vətəndaşlarının yalnız malının deyil, həm də canının təhlükəsizliyinin təminatçısıdır. Yeri gəlmişkən, Nardaranda heç bir zərurət olmadan güllələnmiş 6 nəfər də Azərbaycan vətəndaşları idi.