Kvadrat tumanlı Bob Azərbaycanda nə iş görür?

Səadət Cahangir

Hardasa on il əvvəl dünyada xeyli populyar olan bir cizgi filmi vardı – “Kvadrat tumanlı süngər Bob”. Məşhur amerikan filmində macəraların baş verdiyi məkan Sakit okeanın dibi, qəhrəmanları isə dəniz canlılarıdır. Baxanlar bilir, filmin “Köməkçi axtarılır” ilk seriyasında uzun iş axtarışından sonra köməkçi vəzifəsinə düzələn süngər Bobun macəraları yer alır. Məqsədim oturub cizgi filmində baş verənləri sizə danışmaq deyil, təbii. Sadəcə, ölkə başçısının dilindən son 6 ayda 78 min daimi iş yerinin açılması xəbərini eşidincə, o filmdən bir epizodu xatırladım. Orda “yemək” deyə qışqıran kilkə sürüsünün yengəc ağanın üstünə hücum epizodu var. Ağa və yardımçısı kilkə sürüsünün hücumundan can qurtarmağa çalışsalar da, səyləri nəticə vermir. Yalnız ölüm təhlükəsi anında yeni köməkçi Bob özünü yetirib, kilkələrin qarnını doyurmaqla onları xilas edir…

Deməyim odur ki, daha köhnə zamanlar deyil. Sözlə qarın doyurma mərhələsi arxada qalıb. Ölkə insanı işsiz, borclu və acdır. Artıq verəcəyiniz heç bir yağlı vədin o ac insanların çörəyinə yağ sürtəcək təsir gücü yox. 78 min daimi iş yerinin açılması, bilirsiniz, necə gözəl faktdır! Sadəcə, kağız söhbəti olmasa, real olsa, insanlar həyatında, çevrəsində, yaxınında görüb hiss etsə onun açıq nəticəsini! Belə deyil axı. Özünüzü də, başqalarını da aldatmağa dəyməz. Baxışınızı yayındırmayın, acı gerçəyin gözünün içinə dik baxmağı bacarmaq gərək. Deyirsiniz bu qədər iş ixtisarlarının, “kəmərsıxma” planlarının, büdcə əskiklərinin, maaş və təqaüd gecikmələrinin, kredit borcuna girməyin bir əmması olduğunu anlamır, yəni bu camaat? Xeyr, o qədər də deyil. Hamı hər şeyi gözəl anlayır. Hamı gözəl bilir ki, yarıtmaz idarəçiliyin və bərbad iqtisadi siyasətin acı nəticələri artıq onun başında çatlamağa başlayır. Ölkədən çıxarılan milyardlar, gizli biznes layihələrinə yatırılan oğurluq pullar, ölkə daxilində infrastrukturun modernləşməsi yalanı altında silinən vəsaitlər geri qayıtmayacaq. Bundan sonra ölkəyə son onillikdə axan milyardlar qədər böyük pullar da gəlməyəcək. Nə qədər ağrılı olsa da, durumun açıq şəkildə pisləşməyə doğru getdiyini demək zorundasınız. Çünki desəniz də, deməsiniz də, daha insanlar bunu anlamayacaq qədər küt deyil. Bu ölkəni “Titanik” kimi batırdığınızın fərqində artıq hər kəs. Hər kəs ölkə insanına məxsus xəzinədən yediyinizi yeyib, yemədiyinizi göyə sovurduğunuzu da anlayır artıq. Ölkəyə o qədər neft gəlirləri axdığı halda, biz niyə gəlib bu dalana dirəndik ki? Cavab aydındır – bu məmləkətdə o pulların bəhrəsini acgöz hökumət komandasından başqa kimsə görməyib. Baş verən hər şeyə görə də məsuliyyət onların boynundadır. Amma dərd ondadır ki, bu adamlar heç özlərini o yerə qoyub eləmirlər. Bu adamlar nəinki milyonlarla vətəndaş qarşısında məsuliyyət daşıdıqlarını anlamırlar, əksinə, hər gün borca girib onları bataqlığa sürüyə-sürüyə gedirlər…

Illərdir iqtisadçı ekspertlər böhranın anonsunu hayqırıb durur. Indi artıq ölkə böhranın aclıq mərhələsinə girir. Bu gedişlə insanlar yaxın zamanda kəskin çörəkpulu problemi girdabına düşəcək. Yuxarılar nə bu vəziyyətdən çıxacaq istəkdə, nə də o gücdə görünür. O zaman nə baş verəcək? Yəqin ki, yuxarıda adını çəkdiyim filmdə baş verənlərə bənzər bir şey. Məsələn, elə sonda Qoçaq Bobun yengəc ağadan ac dostuna hamburqer hazırlaması kimi…