Diplomatiya arşınları və ya zorən diplomatın avara sərgüzəştləri

 

Bir səfir öz həyatını 5 hektarlıq əraziyə nə üçün bağlamalıdır və onun başqa əraziləri yoxdurmu?

Səfir Hidayət Orucov (məncə, o, həm də fövqəladə səlahiyyət verilmiş səfirdir) Azərbaycandakı bir sayta müsahibə verib və orada özünün Bişkekdəki qayğıları, başqalarının bu qayğılara necə əngəl olması və mənim bu qayğıların ətrafındakı bəzi neqativ fəaliyyətim barədə oxuculara məlumat verib. Səfirin qayğılarının olması adi haldır, ona qarşı kimlərinsə fəaliyyəti də normal bir söhbətdir və əlbəttə, jurnalist olaraq mənim də bu qayğılar və antiqayğılar sistemində hansısa yer tutmağımda elə bir qeyri adilik yoxdur.

Hİdayət Orucov, Çingiz xan, İsmayıl Səfəvi və Napoleonun müqayisəsi

Üstəlik, nəzərə alsaq ki, Hidayət Orucov öz qayğıları ilə bir yerdə Bişkekdə, onun müsahibəsi yayılan sayt Azərbaycanda, mənim indi yerləşdiyim isə Fransada bir ünvan. Göründüyü kimi, Hidayət müəllimin qayğıları nəhəng bir coğrafiyanı bürüyüb və məncə, o, bundan qürur duya bilər. Bişkek aeroportundan Bakı aeroportuna qədər olan məsafə 3637 kilometrdir, avtomobillə 47 saatlıq, təyyarə ilə 7 saatlıq yoldur; Bişkekdən Paris aeroportuna qədər 6540 kilometr, avtomobillə 76 saatlıq, təyyarə ilə 9 saat 30 dəqiqəlik yoldur. Hidayət Orucovun nə zamansa ağlına gələ bilərdimi ki, onun qayğıları və antiqayğıları arasındakı məsafə bu qədər uzanacaq. Məncə, o tərəfdən Çingiz xan, bu tərəfdən isə Napaleon, mərkəzi start nöqtəsi hesab edəcəyimiz yerdən isə Şah İsmayıl Səfəvi bu qədər nəhəng coğrafiyada ün salmayıblar ki, bunu Hidayət Oucov bacarıb və buna görə də səfirə təbriklərimi yetirirəm.

Heydəroidlərin savaş predmeti

Qısa olmağa çalışacam (amma deyəsən, ola biıməyəcəm), çünki uzun məsafələrdən göndərilən peyğamlar yolda aşınmaya məruz qala bilər.

Səfir Hidayət Orucov Bişkekdə Park açmaq istəyir. İdeyanı Bişkekdəki “Türkdilli dövlətlərin siyasətinə dəstək mərkəzi” adlı təşkilatdan çırpışdırıb. Hidayət müəllim Qırğızstana səfir göndəriləndən sonra öyrənib ki, orada belə bir mərkəz var, bu mərkəzin rəhbəri həm də, Heydər Əliyev Fondunun rəhbəridir (bu, Bakıdakı Heydər Əliyev Fondu deyil, orada da bir Heydəroid mövcuddur və əslində onun düzəldiyi Heydər Əliyev Fondu Bakıda düzəldilən Heydər Əliyev Fondundan daha əvvəl düzəldlib) və bu adam ki, məzkurun adı Nüsrət Məmmədovdur, Bişkekdə 5 hektar ərazini çəpərləyib adını Heydər Əliyev Parkı qoymaq üçün Qırğızstan rəhbərliyi ilə danışıqlar aparıb, sənədləşdirib. Səfir bütün diplomatik və qeyri diplomatik instinkt və immunitetlərini işə salaraq həmin layihəni dayandırıb və iddia edib ki, bu parkı biz, yəni, Azərbaycan dövləti həyata keçirməlidir. Bu, biznes deyil, eləmi? Odlar yurdunun dövlət büdcəsindən pul çırpışdırırsan, Manas yurduna aparırsan, orada hansısa bir ictimai layihənin icrasına başlayırsan…Mən də inanıram ki, səfir Hidayətin burada maddi marağı olmasın gərək.

Axı, Hidayət Orucov olmadan da, biz yaxşı bilirik ki, Azərbaycanda dövlət vəsaitləri çox şəffaf və korrupsiyanın qoxusu gəlmədən, sappasağ, itkisiz, yarasız-xorasız xərclənir! Elədirmi?

Hİdayət Orucovun “xaricdə oturub” su daşıdığı dəyirmanlar

Hidayət müəllim deyir ki, Qənimət Zahid oturub xaricdə,Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Nəzərinizə çatdırım ki, Hİdayət Orucov da xaricdə oturub. Mənimlə eyni məsafədədir, demək olar. Onun oturduğu yerdən Bakıya 4122 (quru yolla), mənim oturduğum yerdən Bakıya isə 4563 kilometrdir. Mən oturduğum yerdə arabir dövri mətbuatda çıxış edirəm və məsələn, Azərbaycan- Ermənistan münaqişəsi ilə bağlı Azərbaycanın mənafelərini əsaslandırıram. Hidayət Orucov isə oturduğu yerdə, yəni Qırğızstanda Milli Təhlüksəsizlik Nazirliyinə oradakı azərbaycanlılar haqqında danos yazır.

Nüsrət Məmmədov mənim kumirim imiş!

nusr

Hidayət Orucov deyir ki, Bişkekdə Heydər Əliyev Parkı yaratmaq istəyən o biri tərəfi, yəni Nüsrət Məmmədovu Qənimət Zahid müdafiə edir. Mən Nüsrət Məmmədovun tanımıram və uzaqdan görüntüsünə güvənib deyə bilirəm ki, o da Heydərizmin avara və mənasız layihələrinin girdabında çırpınan onlarla, yüzlərlə “əcnəbi azərbaycanlılar”dan biridir. Qırğızstanda və ya Meksikada Heydər Əliyev parkı düzəltmək, Heydər Əliyevin heykəlini qurmaq kimin ifasında olmasından asılı olmayaraq mənim üçün, düşük ideyadır. Mən niyə bir düşük ideyanın iki tərəfinin birini müdafiə etməliyəm,o birinə isə dəstək verməliyəm? Amma burada bir incəlik var. Nüsrət Məmmədov öz başına bir adamdır, yəni heç bir dövlət vəzifəsi tutmur, ictimai təşkilat yaradıb ona başçılıq edir, onun ideyaları və layihələri mənim vecimə də olmayacaq dərəcədə neytral qayğıdır. Hidayət Orucov isə dövlət məmurudur və Qırğızstana gedəndən üzübəri tıklanıb qalıb Bişkekdəki mübahisəli 5 hektar ərazidə…Adam, çıx ordan, o kol-kos basmış ərazidən qop və gör ümumiyyətlə, Qırğızstanda başqa nə işlər var? Bəlkə, Bişkekin bir az o tərəfində daha yaxşı bir yer var ki, oralarda nəsə qurdalayıb düzəltmək mümkündür?

Hidayət Orucov səfirdir, qoltuğuna hansısa eskiz bağlamalarını vurub gah parlamentə, gah şəhər bələdiyyəsinə, gah Milli Təhlükəsizlik Nazirliyinə baş vurub oralarda niyə vurnuxsun ki? Buna görə də, onun üstünə düşmək və bu xaotik- nizamsız davranışlarını tənqid etmək lazımdır. Bəlkə də, özü öz ranqının və vəzifəsinin fərqində deyil, məncə, Xarici İşlər Nazirliyindən bir konsultant ayırıb ona başa salmaq lazımdır ki, səfirin hansı prioritet və hansı paritet qayğıları olmalıdır.

(Qeyd: Elmar Məmmədyarovla əlaqə saxlamaq).

Mənim Qırğızstan mətbuatından və vətəndaş cəmiyyətindən çoxlu tanışlarım var. Onlarla müntəzəm əlaqələrim var. Hamısı da qırğızdır. Aralarında Hidayət Orucovla eyni dəyərləri daşımaq ehtimalı olan Nüsrət Məmmədov adlı adam yoxdur. Nüsrət Məmmədovla əlaqə saxlamaq, mövqelərini araşdırmaq kimi bir qayğım və dərdim də yoxdur. Enində- sonunda ortalıqda bir Heydər Əliyev parkı dayanırsa, mənə nə dəxli var, onu kim düzəldir, kim orada hansı niyyətini fırladır? Onsuz da bu “Heydər Əliyev Parkı ideyası” bütün Qırğızstanda lağ- lağıya çevrilib.

Hidayətin fırlatmaq istədiyi ideyanın qəlp olduğu barədə Qırğızstan mətbuatı xəbər verir, mənim də gözümə sataşır və hər dəfə bu cür xəbərlər gözümə sataşanda səfiri iynələməkdən özümü saxlaya bilmirəm.

n1

Qırğız deputatlar Hidayət Orucovun cahanşümul ideyaları haqqında nə deyirlər?

Məsələn, orada bir “Vecherniy Bishkek” qəzeti var. Bu qəzetdə yazırlar ki, şəhər meriyası səfir Hidayət Orucovun ideyasına “bəli” deyə bilməz. Çünki səfirin variantına görə parkda səfirliyin inzibati binası, qonaq evi, 1200 şagirdlik məktəb, təsərrüfat binası və sairə şeylər tikilməlidir. Nüsrət Məmmədovun park ideyasında isə ərazinin 20 faizində hərəkət zolaqları sahmanlaşdırılacaq, 80 faizində isə yaşıllıq qorunub saxlanılacaq. Hər iki Heydəroidin (Hidayət Orucovun və Nüsrət Məmmədovun) park ideyasına qırğız deputatların münasibəti də Qırğızstan mətbuatında yer alıb və onlar belə deyirlər:

Soyuzbek Salıyev, “Ata Məkan” partiyasından: “Orada Heydər Əliyevin heykəlnin qoyulmasına qarşı etirazım yoxdur. Amma səfirli bina tikmək üçün Bişkekdəki diplomatik şəhər ərazisi var, gedib orda tiksinlər…”. (Hidayət Orucovun parkından bir element getdi işinə).

Mirlan Jeençorayev, “Respublika” partiyasından: “Təəssüf ki, Bişkekdə yaşıllığın vəhşicəsinə ələ keçirilməsi təcrübəsi genişlənməkdədir… Ümumiyyətlə isə, Qırğızstanın xarici siyasəti çoxvektorludur. Bu gün dost Azərbaycan bizdən nələri isə tikmək üçün park ərazisi istəyir. Sabah baqa bir dost dövlət də bunu istəyə bilər. Bir müddətdən sonra isə bir zamanlar yaşıllığı ilə fəxr etdiyimiz Bişkek daş cəngəlliyə çevrilər. (Hidayət Orucovun təklifi mümkün alternativ təkrarlar üzündən bir az da o tərəf dığırlandı).

Marat Amankulov, Qırğızstan Sosial Demokrat Partiyası: Bu sənədlər meriyaya qaytarılıb. Müzakirələrin gedişində yeni detallar v. faktlar ortalığa çıxıb, ona görə də birmənalı qərar vermək olmaz”.

Hidayət Orucovun Bakıya hansı hesabatları verməsindən asılı olmayaraq oralarda bu park ideyasında münasibət birmənalı deyil.

Tamahkar”ın dəstəkçiləri

nr

Amma sonda Hidayət Orucovun öz əqidədaşı, sadəcə sırf praqmatik mülahizələrdən müvəqqəti fikir ayrılığına qərq olduğu Nüsrət Məmmədovla bağlı verdiyi hökm mənim diqqəimi daha artıq cəlb elədi. Hidayət Orucov Nüsrət Məmmədovu belə xarakterizə edir: Bişkekdə bir-iki nəfər tamahkar şəxs var. Onlar hələ bir-iki il bundan qabaq da mənim haqqımda böhtan yazılar yazdırırdılar. Jurnalist Qənimət Zahid də həmin adamları müdafiə edir”. Söhbətin “Qənimət Zahid də onları müdafiə edir” hissəsi ilə bağlı yetərincə aydınlıq verdim. Amma bu “tamahkar şəxsləri” mən müdafiə etmirəm axı. Onların tamah dərəcələrini müəyyən etmədən (və fərqinə varmadan ki, Hidyət Orucovunmü, yoxsa Nüsrət Məmmədovunmu tamah dərəcələri daha artıqdır, çünki mənim əlimdə “tamahometr” adlı bir cihaz yoxdur)

Nüsrət Məmmədovu kimlərin müdafiə etdiyini deyə bilərəm. Həm də bu qənaətimi “Hidayət Orucovun müsahibəsindən sonra möhkəmləndirdim. Nüsrət Məmmədova Azərbaycan prezidenti İlham Əliyev “Tərəqqi” medalı verib. Azərbaycan hökumətinin bütün vəzifəli şəxslərinin qapıları onun üzünə açıq kimi görükür. Bunu isbat edən foto- video materialları Nüsrət Məmmədov öz facebook səhifəsinə yerləşdirib. Azərbaycanın dövlət və hökumət başçıları ilə təmaslarının sayına görə Nüsrət Məmmədov Hidayət Orucovdan ən azı, 1,6 dəfə qabaqdadır. Nəhayət, prezidentin həyat yoldaşı Mehriban Əliyeva öz facebook səhifəsində Nüsrət Məmmədovun Mərkəzinin hazırladığı filmi yerləşdirib və həmin film orada Mehriban Əliyevanın facebook videolarının hamısından yuxarıda dayanır. (https://www.facebook.com/www.aliyeva/videos/1724482344496340/). Həm də, qədim zamanlarda deyil, lap bu yaxınlarda, mayın 21-də yerləşdirilib bu video. Ay səni, “tamahkar” ovçusu!

Nüsrət Məmmədovun nə qədər tamahkar olması məni ilgiləndirmir. “Heydər Parkı müharibəsinə” girişən Hidayət Orucovun da tamah və digər keyfiyyət göstəriciləri məni maraqlandırmaya bilərdi, əgər Hidayət Orucov səfir olmasaydı…

Bu ilin sentyabr ayının 2-də Hidayət Orucovun 72 yaşı olacaq. (Təbrik etmək üçün yazmıram). 72 yaşlı bir adam niyə səfir olmalıdır ki? Deyək ki, tamah göstərici deyil, vəzifə azarı da deyil, hobbi də deyil, yaradıcılıq ezamiyyəti də deyil, təhsil proyekti də deyil,… 72 yaşlı bir adamın səfir vəzifəsini sürüyüb bütün səfirlik müddətini bircə layihəyə həsr etməsi ki, Bakıdan 4 min kilometr o tərəfdə Heydər Əliyev Parkını kim tikəcək, nə qədər ciddi missiyadır? Hidayət Orucov öz məşğuliyyətindən utanıb xəcalət çəkirmi? Və tamamilə ciddi şəkildə, hökmə bənzəyən tonda “Parkı tikintisi yalnız dövlətin işidir!” verdiktini çıxarıb öz müsahibəsinə əlavə etmək ona psixoloji diskomfort yaratmırmı?

Mən isə, səfir Hidayət Orucovun bu cahanşümul diplomatik missiyasına arabir iynə batırmaqda davam edəcəyəm. Axı, doğrudanda gülünc işlər baş verir….

Qənimət Zahid

P.S. Hakimiyyətin nəzarətində olan saytların yaydığı xəbərlərə görə, Nüsrət Məmmədov Qırğızstanda Heydərizmin zərərli təbliğatına həsr edilən 5-6 kitab da daxil olmaqla, Azərbaycan tarixinə, siyasi- hərbi problemlərinə aid 60- dan çox kitabı öz vəsaiti ilə qırğız, rus və ingilis dillərinə tərcümə və çap etdirib, Qırğıstanda kitabxanalara, orta və ali məktəblərə paylayıb. Səfir Hidayət Orucov Qırğızstanda işlədiyi 4 il müddət ərzində orada Təhlükəsizlik Nazirliyinə danoslardan başqa nəsə yazıbmı?