Cəmil Həsənlinin daşı düşüb başlarına

Milli Şura sədri Cəmil Həsənli hakimiyyətin növbəti təxribatı ilə üzləşib. Bununla bağlı o Facebook səhifəsində məlumat paylaşıb:

“Bu ilin iyun ayının sonlarında Qazaxıstanın keçmiş paytaxtı Alma-Atada təşkil olunan “Asiya Rusiyasında 1916-cı il üsyanı: Məlum və naməlum məqamlar” adlı konfransa dəvət almışdım. Konfrans Müstəqil Dövlətlər Birliyi Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə Qazaxıstanın “Turan” Universiteti, Rusiya Elmlər Akademiyasının Ümumtarix İnstitutu, Rusiya Dövlət Humanitar Universiteti, “Şimal – Cənub” Siyasi Mərkəzi tərəfindən təşkil edilmişdi. Dəvətə cavab olaraq mən həmin tədbirdə “Əlimərdan bəy Topçubaşov və Türkistanın müsəlman əhalisi” adlı məruzə ilə çıxış edəcəyimi təklif etdim. Böyük məmnuniyyətlə qəbul etdilər və konfransın proqramına saldılar. Çünki iki rus inqilabı (1905-1917-ci illər) arasındakı dövrdə Əlimərdan bəy Rusiya müsəlmanlarının lideri kimi Orta Asiya müsəlmanlarının hüquqlarının müdafiə edilməsi işində fədakarlıq göstərmişdi. Cingiz xan nəslindən olan Əli xan Bukeyxanovla birlikdə qırğız-qazax türklərinə qarşı tətbiq edilən ayrıseçkilik siyasətinə qarşı səsini qaldırmışdı. Xüsusilə, 1914-cü ilin iyun ayında Peterburqda keçirilmiş müsəlman müşavirəsində Topçubaşov Türkistan müsəlmanlarının ağır vəziyyəti, onların milli və dini hüquqlarının tapdanması əleyhinə maraqlı bir nitq söyləmişdi. 1917-ci ilin yayında Kerenskinin keçirdiyi Dövlət Müşavirəsində Türkistan müsəlmanlarını da təmsil etmişdi. Hətta, bu xidmətlərinə görə o, 1917-ci ildə yalnız Qafqazdan deyil, Sır-Dərya vilayətindən də Rusiya Məclisi Müəssisanına namizəd göstərilmişdi.

Konfransda Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızısatan və Tacikistan alimləri iştirak edəcəkdilər. Azərbaycandan isə mənim çıxışım nəzərdə tutulmuşdu. Tədbirə 5-6 gün qalmış təşkilatçılar elektron bilet göndərmək üçün pasportumun surətini istədilər, göndərdim. Lakin bilet gəlib çıxmadı. Düzü, əhəmiyyət vermədim. Lakin tədbir başa çatandan sonra məlum oldu ki, mənim Alma-Ata konfransında iştirakımın qarşısını Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu alıb. O, tədbir haqqında məlumat alan kimi konfransın Rusiya tərəfindən olan təşkilatçıları qarşısında mənim dəvət olunmama qarşı qəti şəkildə etiraz edib və məruzənin proqramdan çıxarılmasına nail olub. Doğrusu Azərbaycanın böyük fikir adamı kimi Topçubaşovun Türkistan müsəlmanlarının taleyində və tarixindəki böyük rolunu işıqlandıran bir məruzənin qarşısını almağın anlamı başa düşülən deyil.

Yeri gəlmişkən, Azərbaycanın xaricdəki diplomatik idarələrinin və digər hakimiyyət orqanlarının ölkənin milli maraqlarına böyük ziyan vuran belə hərəkətləri birinci hadisə deyil. Məsələn, bu ilin mart ayında Çin universitetlərinin birindən mənə sürətli poçt ilə dəvət gəlir, mən Çində dərslərimi deyib qayıdandan sonra dəvət məktubunu Azərbaycan Mərkəzi Poçtu mənə çatdırır. Başqa bir fakt deyim. 2014-cü ilin oktyabrında Vyana Diplomatik Akademiyasında “Kreml və Dəmir Pərdənin Çökməsi” konfransında “Bakıda Yanvar (1990-cı il) qırğını və SSRİ-nin dağılması prosesinin sürətlənməsi” adlı məruzə ilə çıxış etməli idim. Bu konfrans haqqında məlumat alan kimi Vyanada olan səfirliyimiz konfransın təşkilatçılarına belə bir məktub yazmışdı:

“Hörmətli xanımlar və cənablar,
Kreml və Dəmir Pərdənin Çöküşü konfransının proqramında Bakı Universitetindən cənab Cəmil Həsənlinin 7-ci paneldə məruzəçilərdən biri olduğu diqqətimizi cəlb etdi. Təəssüflə Sizə bildirməliyəm ki, Azərbaycanda Bakı Universiteti adında universitet yoxdur. Yalnız bir Bakı Dövlət Universiteti mövcuddur, hansı ki, cənab Cəmil Həsənli orada işləmir. Əgər bu proqramda uyğun düzəlişi etsəniz mən Sizə təşəkkür edərəm. Bundan əlavə cənab Həsənli son vaxtlar siyasətlə məşğul olur və elmi fəaliyyət göstərmir. Ona görə mən onun bu elmi konfransa dəvət edilməsindən təəccübləndim.
Xoş arzularla,
Ruhlan Nabiyev
Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfirliyini və Vyanada Beynəlxalq Təşkilatlar yanında daimi nümayəndəliyin ikinci katibi”

Hər ehtimala qarşı mən səfirliyin ikinci katibinin konfrans təşkilatçılarına 2014-cü ilin sentyabr ayının 26-da göndərdiyi məktubun almam dilində olan mətnini də bura əlavə edirəm ki, bu adamlar öz əməllərinə baxıb utansınlar:

(Subject: Konferenz Der Kreml und der Fall des Eisernen Vorhangs
Sehr geehrte Damen und Herren, mir ist im Programm der internationalen Konferenz Der Kreml und der Fall des Eisernen Vorhangs aufgefallen, dass Herr Jamil Hasanli von der Universität Baku einer der Redner im 7. Panel sein wird. Leider muss ich Ihnen mitteilen, dass in Aserbaidschan keine Universität Baku gibt. Es gibt aber eine Staatliche Universität Baku, bei der Herr Hasanli nicht eingestellt ist. Ich wäre Ihnen für eine entsprechende Korrektur im Programm sehr dankbar!
Außerdem Herr Hasanli ist sein einiger Zeit aktiv in der Politik und übt keine wissenschaftliche Tätigkeit aus. Daher war ich verwundert, dass er zu dieser wissenschaftlichen Konferenz eingeladen wurde.
Mit freundlichen Grüßen,
Dr. Ruhlan Nabiyev
Zweiter Sekretär
Botschaft der Republik Aserbaidschan in der Republik Österreich
Ständige Vertretung bei den Internationalen Organisationen mit Sitz in Wien)

Gördüyünüz kimi, iki eyni situasiya var. Vyana və Moskvada (bunlar hələ bildiklərimizdir) olan Azərbaycan səfirlikləri ölkənin tarixinin ən ümdə məsələləri ilə bağlı beynəlxalq konfransda mənim məruzələrimin qarşısını almaq üçün müxtəlif natəmiz yollara, təxribatlara əl atır, bununla ölkənin milli maraqları əleyhinə hərəkət etmiş olurlar. Amma ən maraqlısı təşkilatçılar bu məsələyə münasibətidir. Əlbəttə, Vyana Diplomatik Akademiyasında keçirilən konfransda səfirliyin cəhdləri bir nəticə vermədi və beynəlxalq tədbirdə nəzərdə tutulan məruzəni etdim. Hətta, konfransın gedişində təşkilatçılar Azərbaycan səfirliyinin məktubunu mənim qarşıma qoyub bu sözləri əlavə etdilər: bunlar elə bilirlər ki, bura Rusiyadır və diplomatik təzyiq yolu ilə bizi öz fikrimizdən döndərə biləcəklər, onlar belə şeyləri Moskvada edə bilərlər. Polad Bülbüloğlunun təzyiqləri qarşısında Rusiya elmi idarələrinin geri çəkilməsi və öz proqramlarında dəyişiklik etməsi Rusiya ilə Qərb arasında hələ nə qədər böyük fərq olduğunu, avstriyalıların necə uzaqgörən olduğunu bir daha təsdiq etdi”.