“Mənim balamdan uzaq durun”

Fuad Əhmədli:

“Övladı belə qorumazlar, əziz valideynlər”

Siyasi proseslərin iştirakçısına çevrildiyimiz  gündən xüsusilə gənclərlə münasibətdə əsas bir hədəfin xidmətçisi olmuşuq. Çalışmışıq ki, intellektual, bacarıqlı, aydın gənclər yetişsin və bu gənclər gələcəkdə demokratik Azərbaycanın inkişafında müstəsna rol oynasınlar.

Həm də istəmişik ki, valideynlər övladlarını mübariz ruhda, haqq carçısı kimi böyütsün. Şükrlər olsun ki, bu gün övladlarıyla birgə haqq uğrunda mübarizə aparan, zalımın qarşısından qaçmayan valideynlər də var.  Amma  bütün  bunlarla yanaşı valideyinlərin fərqli mesajlarının da şahidi olmuşuq.    “Xahiş edirəm, övladımdan uzaq durun” “Zülmlə-zillətlə uşaq böyütmüşəm ki, aparıb mitinqlərdə döydürəsiz?” kimi acıqlı sözlər də eşitmişik. Təbii səbəblərdən bu mesajları aldığımız dəqiqələrdən arasında sıxıldığımız dilemmanın əziyyətilə götür qoy edərək, ən doğru olanı, yəni bir addım geri çəkilərək , seçim şansını dostlarımızın özünə buraxmağı üstün tuturuq. Amma bu addımı atmağın, yalnız bu səbəbdən hansısa mərd, əqidəli, dürüst və mübariz bir gənclə sağollaşmağın acısını yalnız prosesin önündəkilər bilir. Təsəvvürünüzə gətirin ki, küçəylə getdiyiniz yerdə birinin quduz itlərin hücumuna məruz qaldığını, qan içində uzanmış vəziyyətdə övladınızdan kömək istədiyini görürsüz. Tapşırıq çox sadədir. Adamın yanına gəlmək, təcili yardım çağırmaq, o adamın ilk tibbi yardıma yetişməsinə yardım etmək, sonda isə təşəkkürünü qazanmaq. Və bütün bunların yaşandığı bir situasiyada valideyniniz sizdən əvvəl yaxınlaşır qan içində canıyla əlləşən gəncə  “səncanı mənim övladımdan uzaq dur. Üst başını qan edəcəksən. Zillətlə paltar yumuşam ki, sən öz pis, yaralı vəziyyətinlə batırasan?” söyləyir. Göstərdiyim nümunə bir qədər ağır oldusa üzrlü bilin, əziz valideynlər. Amma lütfən qapını döydüyümüzdə çıxıb narahat, aqressiv səslə, xuliqana baxırmış kimi baxdığınız gözlərlə bizlərə münasibətinizi bildirmədən öncə düşünün :

  1. Birilərinin ataları da 23 il öncə bizlərdən “uzaq dursaydılar”, rus qoşunları Bakıdan bu xalqın iradəsilə çıxarılardımı?
  2. Qarabağ döyüşləri zamanı şəhid düşən oğullarımız vətən torpağından və haqq davasından uzaq dursaydılar, bu gün daha hansı rayonların həsrətini çəkir, hansılarından evsiz-eşiksiz vətəndaşlarımızı qonaqlamalı olacaqdıq?
  3. 98 il öncə ulu babalarımızdan təşkil olunan kütləyə yaxın duran olmasaydl, bu coğrafiyada müstəqil cumhuriyyət özü özünə yaradılacaqdı?

Sonda isə qərar verin. Əgər qərarınız hələ də qətidirsə o zaman sağollaşaq. Amma unutmayın ki, biz sizin övladınızdan uzaq dursaq : Bu gün məmur qudurğanlığına görə özünü 3 körpəsinin gözü qarşısında yandıran Qarabağ qazisi Zaur Həsənovun aqibəti hər birinizi gözləyir.

Günlərlə sadəcə ərzaq, bank kreditləri və toyları birtəhər çatdırmaq üçün dəridən qabıqdan çıxmaq və sonda da bir qəpiksiz övladın hüzuruna xəcalətlə gəlmək mirası övladlarınıza da keçəcək.

Hüquqsuzluğun, ədalətsizliyin və talançılığın hakim olduğu ölkədə ona qarşı mübarizə aparan bir ovuc insanın biri də əskilir və bu bəla maşını sizə və ailənizə bir addım daha yaxınlaşır.

Gələcəkdə doğulacaq nəvənizin təhsil,dolanışıq, geyim, yemək problemlərini  sizin kimi övladınız da günlük qayğı deyil, dərd kimi qarşılayacaq. Sizdən sonraki nəsil buna layiqdirmi? Layiq bilirsizsə, övladınıza görə “narahat olmağa” davam edin. Arxayın olun ki, siz bir qarnı ac, bir qarnı tox, təminatsız şəraitdə  o gəncin gələcəyini milli-sosial təhlükəyə doğru itələdiyiniz müddətdə, bu bəyənmədiyiniz, əyni başı nimdaş, cibində qəpik quruşla dolaşan 3-5 gənc sizin və gələcəkdə artacaq nəsillərinizin daha işıqlı sabahı uğrunda mübarizə aparacaq. O daima “xuliqan”, “kamikadze” gözündə gördüyünüz çəlimsiz gənclik sizi hər səfərində bir az artıq qınamağa və zaman keçdikcə mənfur diktaturadan daha artıq lənətləməyə başlayacaq. Ölümə tərk etdiyiniz, övladınızdan uzaq tutmağa çalışdığınız gəncliyin etdiklərinin sabahki faydalarını isə bütün-nəsil nəcabətinizlə bir yerdə rahat rahat mənimsəməyə davam edəcəksiz. Qətiyyən utanmazsız o zaman da. Yaxşımı? Elə bilərsiz ki, övladınızın kənardan həsrətlə baxıb, “mənim yolumu kəsənin…” deyib ah-naləsini tökdüyü insanlar siz deyilsiz. Elə zənn edərsiz ki, bu arxaik sistemə köləliyiylə, susqunluğuyla xidmət edən hansısa tanzaniya xalqıdır. Heç siz deyilsiz əziz analar və atalar! Qorxmağı isə qətiyyən unutmayın…. Amma lütfən onu da yadda saxlayın ki, ölkəmizdə gün ərzində avtoqəzadan, polis bölmələrində işgəncələrdən, təbii hadisələrdən və sadəcə keyfiyyətsiz səhiyyədəki uğursuzluqdan ölənlərin sayı siyasi proseslərdə mübarizə apararaq dünyasını dəyişənlərin sayına nisbətdə 0.003% dir. Düşünün.Və gec olmadan qarşımızdan çəkilin. Ya dəstəkçimiz olun, ya da əngəlimiz olmayın. İşimiz isə həqiqətən çoxdur. Müstəqil dövlət, güclü məmləkət qurmalıyıq ! Var olun…