Azadlıq qəzeti dövlət büdcəsini necə dağıtdı?

Əvvəlcə bu adamı “gülənçi” adıyla həbs edirlər, maşınına Gülənin kitablarını qoyurlar. Sonra məlum olur ki, kitabların redaktoru, ön söz yazanı hökumət düşərgəsinin adamlarıdı. Daha sonra məlum olur ki, ən böyük Gülənçilər hökumət komandasında məskən salıblar. Beləliklə, Faiq Əmirliyə qarşı “gülənçi” ittihamını nə ölkə icitmaiyyəti, nə də Türkiyə hökuməti qəbul etmədi.

Ona görə də yeni ittiham hazırlayırlar. “Azadlıq” qəzetinin maliyyə qaynaqlarını araşdırırlar, Faiq Əmirliyə yeni maddə düzəltmək üçün dəridən-qabıqdan çıxırlar. Təsəvvür edin ki, 3 il əvvəl qəzetdə başsağlığı verən adamı da dindirməyə çağrırlar. 8 aydır əməkdaşlarına maaş verə bilməyən, 70 min manat alacağından məhrum olan qəzetin maliyyə qaynaqlarını axtarırlar. Sanki, ölkəni böhran vəziyyətinə salan, büdcəni boşaldan, vergi sistemini çökəldən “Azadlıq” qəzetidir.

150 milyard neft pulunun taleyi ilə maraqlanan yoxdur, “Azadlıq” qəzetinin maliyyə qaynaqlarını araşdırırlar. Milyardları mənimsəməkdə ittiham olunan Eldar Mahmudov azadlıqda gəzir, əleyhinə heç bir dəlil olmayan Faiq Əmirli həbs həyatı yaşayır. Tağı Əhmədovdan 3 milyon manatın izahatını istəyən yoxdur, Faiq Əmirlidən “Azadlıq”ın maliyyə mənbəyinin izahatı istənilir.

Göründüyü kimi Faiq Əmirlinin həbsi birbaşa sifarişdir. İlk gündən də bəyan etmişdik ki, bütün bu “ssenari”lər qəzetin fəaliyyətini durdurmağa yönəlib. Sadəcə olaraq hökumət bu qondarma ittihama don geyindirə bilmir. Ona görə də gülməli vəziyyətə düşüblər və gülməli araşdırmalar aparırlar. Hansıki, Faiq Əmirliyə torba tikmək üçün sərf etdikləri zamanı, Hesablama Palatasının hesabatlarındakı mənimsəmə faktlarına yönəltəsydilər, xeyli maliyyə qaynağının izinə düşərdilər.