Ayağımızın altındakı minalar

Əbil Həsənov

Ölkədə beş nəfər varlı-pullu adam varsa biri də odur. Üstəlik, həm də məmurdur, əli hər yana çatır, bir sözünü iki edən yoxdur. Amma daha çox biznesmen kimi tanınmaq onun xoşuna gəlir və hətta bunu gizlətmir də. Ölkənin elə bir nöqtəsi yoxdur ki, orada biznesi, ticarət obyektləri və s. olmasın. Vaxtilə onun biznesi yalnız ölkə ilə məhdudlaşmır, onun hüdudlarından kənara da çıxırdı. Dubay və Antalya bu mənada xüsusilə əhəmiyyətli idi. Təsadüfi deyil ki, hər il Rusiyadan, Ukraynadan və Azərbaycandan bu şəhərlərə xüsusi turlar təşkil edir, onlarla cavan qızı heç bir mübaliğəsiz filan xaricilərə satırdı. Bəli, məhz satırdı. Əvəzində isə bu işdən milyonlar qazanır, külli miqdarda gəlir əldə edirdi. Bir müddət sonra onun işləri korlandı. Belə demək mümkünsə dünyada gedən siyasi proseslər qəhrəmanımızın da biznesinə öz mənfi təsirini göstərdi. Rusiya Ukraynanın ərazisi olan Krımı işğal etdi və nəticədə qərb dövlətləri tərəfindən sanksiyalara məruz qaldı. Sanksiya sözünün mənasını dərk etməsə də bunun işinə mənfi təsir göstərdiyini açıq-aşkar görürdü. İndi artıq Rusiyadan Dubaya “ixrac etmək” mümkün deyildi. Ukraynada da ürəkaçan vəziyyət müşahidə olunmurdu. Belə davam etsə illərlə qazandıqlarını bir andaca itirməli olacaqdı. Lakin o, boş dura bilməzdi və yenidən diqqətini vətənə – Azərbaycana yönəltdi. Doğrudur, burada vəziyyət pis idi. Manat öz hörmətini itirmiş, camaat öz hayında idi. Belə demək mümkünsə əhalinin “alıcılıq” qabiliyyəti aşağı düşmüşdü. Nəticədə ticarət mərkəzləri boşalmış, istirahət obyektləri bağlanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Tikdirdiyi hündürmərtəbəli binalardan isə danışmağa dəyməzdi. Burada da müştəri gözə dəymirdi. Təbii ki, bu hal qəhrəmanımızı razı sala bilməzdi və o, yenidən “köhnə dostlar”ını xatırlamalı oldu. Niyə də yox? Bəlkə elə ərəbləri ölkəyə çağırsın? “Dağ Məhəmmədə sarı getməsə, Məhəmməd dağa sarı gedər” məsəlini onlardan daha yaxşı kim anlayacaqdı ki? Qısa müddət sonra Bakının küçələrində ərəblər görünməyə başladı. Tezliklə onların sayı əməlli-başlı artdı. Doğrudur, bir çoxları qonaqların arasında kürdlərin də olduğunu iddia edirdi, amma o, bu söz-söhbətlərə fikir vermirdi. Soruşan olanda da “Mən “pasportstolda” işləyirəm bəyəm? Hardan bilim? Ərəbdi də görmürsən?” deyə cavab verirdi. Hər şey qəhrəmanımızın planladığı kimi gedirdi. Ərəblər nəinki paytaxtdakı, həm də digər regionlardakı obyektləri doldurur, qızlarla kef məclislərində minlərlə dollar pul xərcləyirdilər. Düzdür, hərdən ərəb “qardaş”ları əndazəni aşaraq pis hərəkətlər edir, işçiləri bezdirir, digər xanım qonaqlara söz atır, hovuzu batırırdılar. Amma bunlar qəhrəmanımızın kefini poza bilməzdi. Hətta ətrafındakıların ərəblərə “xərəblər” deməsi də vecinə deyildi. Əsas pul idi. Onu da ərəblər verirdilər. İndi onunçün bu kobud adamlar hətta torpağın altındakı dədəsindən də əziz idi ona. Üstəlik, ev satışları da yağ kimi gedirdi. Çətini ərəbə bir qız tapıb yanına qoşmaq idi. Bu eyni zamanda hündürmərtəbəli binadan ən azı bir mənzilin satılması demək idi. Üstəlik beş qat baha qiymətə. Qəhrəmanımız üçün hər şey pul idi. Onun mürəkkəb məsələlərdən, proseslərdən başı çıxmazdı. Heç ağlına belə gəlməzdi ki, illər sonra onun fəaliyyəti ölkəyə əməlli-başlı ziyan vuracaq. Düzdür o, ziyan sözünü heç sevməz, amma bu həqiqətləri dəyişmir. Gələcək nəsillərin ayaqlarının altındakı minada onun da imzası olacaq.